“MUROV, SƏNƏ QURBAN OLUM”
08-okt, 21:05 249 Gündəm / CəmiyyətQədimlərdən bu yana bəşəriyyət tarixində müharibələr öz məramına görə fərqlənib. Tarixin istənilən mərhələsində işğalçı savaşları lənətlənib. Hərbi təcavüzə, işğalçılara qarşı aparılan vətən müharibələri isə hər bir dövrdə dövlət və xalqın şərəf məsələsi sayılıb, ilahi ədalətin bərpa olunmasına yönəlib. İstər Birinci Qarabağ müharibəsi, istərsə də Aprel döyüşləri və 44 günlük Vətən müharibəsində Azərbaycan haqlı tərəf olub. Xalqımız öz doğma, ata-baba torpaqlarını müdafiə edib. Müzəffər ordumuzun qəhrəman hərbçiləri, könüllülər ölkəmizin ərazi bütövlüyünün bərpası naminə döyüşdülər, ədalətsizliyə son qoymağı məqsəd kimi həyata keçirib, hərb meydanında işğalçı Ermənistanı məğlubiyyətə uğradaraq, 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur etdilər. Bu gün qalib dövlət və xalq adını daşıdığımıza görə şəhidlərimizə, habelə qazilərimizə minnətdarıq. Onların qəhrəmanlıq və fədakarlığı daim ehtiramla xatırlanacaq, iftixarla vurğulanacaq.
Belə şərəfli ömür sahiblərindən biri də Həsən Aydın oğlu Abdullayev oldu. 15 oktyabr 1990-cı ildə Kəlbəcər rayonunun Zivel kəndində doğulan Həsən Aydın kişi ilə Əfruz xalanın üç övladından yaşca böyüyü idi. Bacısı Gülnar və qardaşı İsmayıl uşaqlıqdan onunla fəxr edirdilər. Bunun da ayrıca səbəbləri var idi.
...O dəhşətli hadisələr baş verən vaxtlar Həsənin hələ üç yaşı tamam olmamışdı. 1993-cü il aprelin 2-də təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğalından sonra Abdullayevlər ailəsi doğma diyarından köçkün düşdü. Onlar İsmayıllı rayonunun Quşencə kəndində müvəqqəti məskunlaşmağa məcbur oldular. Sonrakı dövrdə ailə İsmayıllı rayonunda məcburi köçkünlər üçün salınmış Qarabağ qəsəbəsinə köçdü.
Həsən 1997-ci ilin sentyabrında Quşencə kəndindəki şəhid Əhmədağa Babayev adına tam orta məktəbdə birinci sinfə gedir. 2008-ci ildə həmin məktəbi bitirir. Attestatında “Çağırışaqədərki hazırlıq” fənnindən yaxşı qiymət aldığı qeyd edilib.
Həsən hələ məktəbli olduğu illərdə hərbi xidmətə hazırlaşıb. Fiziki tərbiyədən isə həmişə əla qiymətlər alıb. Bir müddət idmanın karate döyüş növü ilə məşğul olub. Ailədə və məktəbdə etdiyi söhbətlər zamanı hərbçi peşəsinə rəğbət bəslədiyini bildirib. Müəllimlər də onun vətənpərvərlik tərbiyəsinə öz layiqli töhfələrini veriblər.
Yaşı çatanda Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2009-cu ilin aprelində həqiqi hərbi xidmətə yollanıb. Vətən qarşısında borcunu Müdafiə Nazirliyinin Bakı ətrafındakı “N” saylı hərbi hissəsində xidmət etməklə layiqincə ödəyib. Zirehli tanklar bölüyündə, PDM-2 (piyada döyüş maşını) üzrə sürücü-mexanik vəzifəsi ona həvalə olunub. 2010-cu il oktyabr ayında həqiqi hərbi xidmətdən tərxis edilib.
Həsən Abdullayev hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra dam örtükləri hazırlanan sexdə usta işləyərək ailənin dolanışığına kömək edib. O, daxilən rahatlıq tapmırdı: yuxularına girən Qarabağ, Kəlbəcər ona rahatlıq vermirdi. Ürəyi Vətən eşqi ilə döyünürdü. Ata-baba yurdunun nisgiliylə yaşayan Həsən 2013-cü ildə həyatını hərbi xidmətə bağlamaq barədə qəti qərarını verir.
Milli dövlətçiliyimizin təhlükəsizlik sütunlarından biri və peşəkar döyüş təcrübəli hərbi qurum kimi nüfuz qazanmış DİN-in Daxili Qoşunlarının Xüsusi təyinatlı dəstəsində atıcı-sanitar vəzifəsində xidmət etməyi özünə şərəf bilən Həsənin müraciəti komandanlıq tərəfindən müsbət cavablandırılır.
2013-cü il iyun ayının 4-də Həsən Daxili Qoşunlarda müddətdən artıq hərbi xidmətə başlayır. “N” saylı hərbi hissədə xüsusi vasitələrin tətbiqi dəstəsinin bölməsində atıcı xüsusi təyinatlı dəstənin avtomobil yarımqrupunda sürücü, daha sonra xüsusi həmlə qrupunda qumbaraatan köməkçisi və atıcı-sanitar vəzifələrində layiqincə xidmət edərək komandanlığın ehtimadını doğruldur. Peşəkar hərbçi kimi formalaşmaqdan ötrü ona etimad göstərilən bölmələrin xüsusiyyətlərindən irəli gələn bilikləri dərindən mənimsəyir, təyin olunduğu vəzifələrdə praktiki bacarıqlarını artırmağa səy göstərir.
Həsən hər vaxt döyüş və mənəvi-psixoloji hazırlığında əzmkarlıq göstərir. Təhkim olunan silah və xüsusi vəsaitlərdən, hərbi avtomobildən məharətlə istifadə edir. Təlimlər və məşğələlər zamanı yüksək nəticələrə nail olur. Gənc hərbçi kollektivdə ciddi davranışı ilə silahdaşlarının hörmətini qazana bilir. Nümunəvi xidmətlərinə görə komandirləri tərəfindən dəfələrlə mükafatlandırılır. Hərbi xidməti dövründə əsl döyüşçüyə xas peşəkar keyfiyyətlərə yiyələnir. Xidməti tapşırıqların icrasına cəlb olunarkən qoşunların nüfuzuna heç vaxt xələl gətirmir. Ona tapşırılan bütün vəzifələri vicdanla yerinə yetirir.
Kəlbəcər sevdası ilə sinəsi göynəyən ailə üzvləri onun hərbi xidməti ilə həmişə qürur duyub. Doğmalarının mənəvi dəstəyi Həsəni daha da ruhlandırır. Qardaşı İsmayılı da Daxili Qoşunların sıralarında müddətdən artıq həqiqi hərbi xidmətə həvəsləndirir. İsmayıl 2016-cı ilin noyabrından 2021-ci ilin yanvarınadək “N” saylı hərbi hissənin xüsusi vəsaitlərin tətbiqi dəstəsində xidmət keçir.
Həsən əlahiddə hissə güclü olduğu üçün “Pələng” ləqəbini daşıyıb. Həmin dəstədə döyüşən hərbçilərə bu ləqəb verilmişdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların çavuşu olan Həsən Abdullayev 2020-ci il sentyabrın 27-də ordumuzun düşmən üzərinə əks-hücumu ilə başlayan Vətən müharibəsində ön cəbhəyə ilk göndərilən hərbi qulluqçuların arasında olub, doğma yurdu Kəlbəcər–Murovdağ istiqamətində vuruşub. Bu, Həsənin həyatının ən başlıca missiyasının gerçəkləşdiyi vacib məqam idi.
Xüsusi təyinatlı kimi Murovdağın aşırımları və zirvələrində qısa, lakin şərəfli döyüş yolu keçib. Həsən uşaqlıqdan doğmalarının didərgin salındığı Kəlbəcərin Zivel kəndinə döyüşçü olaraq qədəm basmağı, orada bayrağımızı ucaltmağı, işğal altındakı torpaqlarımızı azad görməyi arzulayırdı.
Qarabağ müharibəsi iştirakçısı, “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin komandiri polkovnik-leytenant Zaur Rəhimov bundan əvvəl xidmət etdiyi hərbi hissədə xüsusi təyinatlı dəstənin komandiri olduğu müddətdə Həsən onun tabeliyində xidmət edib. Komandirinin sözlərinə görə, peşəkar hərbçiyə aid bütün müsbət xüsusiyyətlər Həsəndə cəmlənmişdi. İntizamlı, yüksək döyüş qabiliyyətli və cəsur idi.
Xidmət zamanı ictimai təhlükəsizliyin qorunması üzrə müxtəlif xüsusi əməliyyatlara cəlb olunub. Daxili Qoşunların xüsusi təyinatlı dəstələri arasında yarışlarda iştirak edərək qalib yerlərə sahiblənib. Döyüş sınaqlarında Həsən hər zaman qabiliyyət və peşəkarlıq nümayiş etdirib. Mürəkkəb relyefə malik Murovdağ silsiləsinin ərazisində mövqelənmiş təcavüzkar düşmənin postlarına hücum edərkən qorxmaz döyüşçü silahdaşlarını ruhlandırıb, avtomat silahı ilə onlarla işğalçının həyatına son qoyub.
Vətən müharibəsi qazisi, ehtiyatda olan Elnur Cəfərov dostunun xeyirxah, sözü və əməli bütöv, qayğıkeş insan, etibarlı silahdaş olduğunu vurğuladı. Onun sözlərinə görə, Həsən hərbi qulluqçu olaraq həmişə özünə tələbkar yanaşıb. Söhbətlərinə ailəsinin məcburi köçkünlük həyatının çətinliklərindən, Kəlbəcərsiz yaşamağın iztirabından, müharibə başlayarsa, birincilər sırasında döyüşə könüllü gedəcəyindən danışırmış.
Qazi Elnur Cəfərov onu da vurğuladı ki, Vətən müharibəsində o, Həsənlə eyni deyil, ayrı-ayrı qrupların tərkibində döyüşüblər. Dostunun şəhadətə ucalması barədə beş gün sonra xəbər tutan Elnur çox sarsılıb. Özü oktyabrın 6-da ağır yaralandığından döyüş yolunu davam etdirə bilməyib. Elnur deyir: “...Həsənin itkisinə heç cür öyrəşə bilmirdim, çox sarsılmışdım, onsuz yaman darıxırdım.Ancaq bu sarsıntılardan məni azad edən tək səbəb atası Aydın əminin qürurla başını dik tutması, oğul itkisinə bir dəfə də olsun göz yaşı axıtmaması oldu. Mən onun məğrurluğuna baxıb sarsılmağımdan utandım və özümdə güc, səbir toplayıb iradəli olmağı öyrəndim...”
“N” saylı hərbi hissədə Xüsusi təyinatlı dəstənin istehkamçı yarımqrupunda istehkamçı-radiotelefonçu, Vətən müharibəsi iştirakçısı, çavuş Elçin Əhmədağalı Həsənin döyüş yolunun bütün məqamları barədə məlumatlı olan hərbi qulluqçulardandır. O söylədi ki, 2013-cü ilin iyun ayından eyni hərbihissədə,bir bölmədə xidmətə başlayıblar. Sonra xüsusi təyinatlılar kursunu bitirərək eyni dəstəyə keçiriliblər. Həsən vətənpərvər, məsləyinə sadiq, dözümlü, iradəli, mətin hərbi qulluqçu olub. Hər zaman silahdaşlarına “Milli Qəhrəman, şəhid Mübariz İbrahimovun yolunu davam etdirmək şərəfdir!” deyib. Bakıya yolu düşəndə Milli Qəhrəmanın məzarını ziyarət edib.
Hərbi qulluqçu onu da vurğulayıb ki, Vətən müharibəsində Həsənin ilk döyüşü Murovdağ ərazisində “Canavar sağ” adlanan yüksəklikdəki mövqeyin alınmasında olub. Qarşıya qoyulan tapşırığı o, silahdaşları ilə mərdliklə yerinə yetirib. Baxdığım videolardan birində dağların başından duman çəkilərkən Kəlbəcər rayonuna açılan gözəl mənzərə görünür. Murovdan həmin mənzərəni görən Həsən qeyri-adi sevinc hissləri yaşayıb.
Sentyabrın 30-da günortadan sonra “Canavar sağ”dan Çiçəkdağ yüksəkliyinə doğru irəliləyərkən Həsənin yanına düşmənin minaatan mərmisi düşərək partlayıb. Nəticədə o, bir neçə nahiyədən qəlpə yarası alaraq şəhid olub. Həmin anda şəhidin yanında Elçin, bir də Sabir adlı döyüşçü olub. Oktyabrın 1-də qəhrəman şəhidin nəşi təxliyyə olunub.
3 oktyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə çavuş Həsən Abdullayevin 2020-ci il sentyabrın 28-də Göygöl rayonunun Toğanalı kəndində, hərbi əməliyyat nəticəsində başın açıq yara səbəbindən şəhid olduğu barədə qeydlər öz əksini tapıb.
Təlim və məşğələlərdə fəal iştirak edib təcrübə toplayan Həsən İkinci Qarabağ, Vətən müharibəsindən bir müddət əvvəl Xüsusi təyinatlı qüvvələrə ezam olunur. Orada bir müddət təlim keçdikdən sonra sentyabrın 27-dən başlayan döyüşlərdə iştirak edir. 01.10.2020-ci ildə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. 2 oktyabrda İsmayıllı rayonunun Quşencə kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılır.
Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən, iştirakçısı olduğu döyüşlərdə göstərdiyi igidliyə görə15 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə çavuş Həsən Abdullayev ölümündən sonra “Vətən uğrunda” və“Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
44 günlük Vətən müharibəsində o nəslin qəhrəman şəhidi Həsəndir. Abdullayevlər ailəsinin yaşadığı evdə şəhidin xatirə guşəsi yaradılıb.
“İsmayıllı şəhidləri”, “Memorial Vətən müharibəsi şəhidləri. 957 qəhrəmanın bioqrafiyası, I cild” kitablarında, həmçinin “Azərbaycan”, “Polis” və “İsmayıllı xəbərləri” qəzetlərində Həsənin döyüş yolu işıqlandırılıb. İgid döyüşçü haqqında videoçarxlar hazırlanıb. Quşencə kənd tam orta məktəbində şəhidin adına sinif var. Kənddə onun şəkli əks olunan plakat da quraşdırılıb.
Şəhid qəhrəmanın atası Aydın müəllim çox uzaqgörən adam kimi tanınır. Məktəbdə çalışırdı. Həmin gün işdən qayıdanbaş evə çatıb, həyat yoldaşına deyib ki, müharibədi, gedək bazardan lazımi ərzaq məhsulları, qənd-çay alaq. Mağazadan ərzağı alıb avtomobilə qoyanda bir az əvvəl məktəbdə qoyub gəldiyi qardaşı oğlu ona zəng edib ki, icra hakimiyyətinin yerləşdiyi binanın qabağına gəlsin. Məktəblə də evin arasındadörd kilometr məsafə var. Həmin dəqiqə bilib ki, ortada nəsə var. Soruşub ki, Həsən şəhid olub?! Zəng edən adam “dilini sürüyərək” bildirib ki, “xeyr, yaralanıb”. Atası soruşub ki, “əgər yaralanıbsa, icra hakimiyyətinin qarşısında nə gəzirsiniz?! Çünki icra hakimiyyətinin qarşısından ancaq Gəncəyə gedirlər. Gedib ora, artıq dana bilməyiblər. Bütün rayon, böyük bir insan axını Göyçaya kimi qarşılamağa gediblər. Xalq şəhidini gətirib dəfn edib. Aydın müəllim ata kimi yox, yüksək səviyyədə iştirakçı kimi çıxış edib. Dəfndən sonra bütün kənardan gələn hərbçilərə və rayon rəhbərliyinə deyib: “Hamı iş başına!”
Ürəyi sızıldayan atanın oğluna yazdığı şeirlərdən birində belə bir bənd var:
Murov, sənə qurban olum,
Oğlum səndə can veribdi.
Torpağını sulamağa
Damarından qan veribdi…
30 il bundan əvvəl başlayan münaqişə nəticəsində doğma yurddan ayrıldığı uzun illər ərzində bu ailədə həmişə Kəlbəcər haqqında söhbət açılıb, elin geri qayıdacağı gün üçün dualar səsləndirilib, eləcə də qurban kəsiləcəyi niyyəti də söylənilib. Kəlbəcərin dağları, meşələri, şəlalələri, buz kimi bulaqları, sazlı-sözlü obaları haqqında valideynlərinin danışdıqlarına Həsən kiçik yaşlarından maraq və həsrətlə qulaq asıb...
***
Həsən Murovdağ uğrunda gedən döyüşlərdə cibinə dörd ədəd daş qoyur və döyüş yoldaşlarına deyir ki, şəhid olsam, valideynlərimə deyin ki, bu daşları mənim məzarıma qoysunlar. Mərhumun üzərindəki bayraq və həmin daşlar ölümündən sonra ailəsinə təhvil verilib.
Həsən subay idi, sevdiyi qız vardı. Ailə qurub xoşbəxt olmaq arzusunda olsa da, bu xoşbəxtlik sanki onun alın yazısında yox idi. Atası Aydın müəllim hər gün məzarını ziyarət edib deyir:
Oğul, məzarını ziyarətdəyəm,
Başdaşınla öpüşməyə gəlmişəm.
Qalx ayağa, anan səni gözləyir,
Yerimizi dəyişməyə gəlmişəm.
Taleyinə yazılıbmış, sən demə,
Bəylik libasını geyməmiş getdin.
Deyirlər övladda nəvə şirindi,
Atana bir nəvə verməyib getdin.
Yaradan ömrünü qısa eylədi,
Həyat yollarını kəsə eylədi,
Atana-anana zülüm eylədin,
Bivəfa dünyadan doymamış getdin.
İllər necə keçdi, bilə bilmədin,
Bir körpə övlada balam demədin,
Qurbanım, otuzca il ömür eylədin,
Həyatdan kamını almamış getdin.
Aydın müəllim şəhid ailələri arasında, rayon ictimaiyyətinin bütün tədbirlərində qürurla, təmkinlə çıxışlar edərək elin, ictimaiyyətin dərin hörmətini qazanıb. Oğlunun məzarı önündə məğrur dayanaraq bu sözləri deyib: “Kaş gülümsəyən üzünü həyatda bir də görəydim. Yaman darıxmışam sənin üçün. Məmləkətin torpağına tökülən qanın Vətənə halal olsun, oğlum!..”
Yenə övladının məzarını ziyarət edərkən bu şeiri pıçıldayıb:
Məzarınla görüşməyə,
Mən əlləri boş gəlmişəm.
Yanağımla axan damcı,
Gözlərimdə yaş gəlmişəm.
Başdaşından öpürəmsə,
Sağa, sola çönürəmsə,
Geriyə tez dönürəmsə,
Demək, qəlbidaş gəlmişəm.
Aydınam, unutmaram səni,
Sənsizlik saraltmış məni,
Ruhun bağışlasın məni,
Duyğulu, çaş-baş gəlmişəm.
Aydın müəllimə sual veriblər ki, oğlun Həsənin ölüm xəbərini eşidəndə heyifsiləndinmi?! Cavabında söyləyib: “İlk dəfə xəbəri eşidəndə heyifsiləndim ki, müharibənin nəticəsinin necə olacağını bilmədi, döyüş yolu çox qısa oldu. Amma buna sevinib fəxr elədim ki, nə yaxşı Vətən, Qarabağ, Kəlbəcər uğrunda gedən haqq savaşımızda şəhid oldu. Çünki Həsən Vətən deyirdi, ruh deyirdi. Bu yaxınlarda gedib Kəlbəcəri görüb qayıtdım. Ürəyimdə deyirəm ki, kaş oğlum da görəydi azadlığına qovuşmuş Qarabağın, Kəlbəcərin bu sevincli günlərini. Alnına şəhidlik yazılmışdı, amma onun tez getməyi məni yaman narahat etdi. Bilirəm, ruhu gedib oraları gəzib, görüb, amma özü gedib görüb gəlsəydi, ürəyim rahat olardı. Ancaq şəhidliyi üçün yalnız fəxr edirəm, qürur duyuram. Həm də onun öz ata-baba yurdunda şəhidlik məqamına çatması mənim üçün daha bir qürurvericidir...
Taleyimdən qaralıyam,
Əlim çatmır, aralıyam,
Düz bir ildir yaralıyam,
Sinəmə sancılan oxdu.
Allah, dərdim yaman çoxdu.
Dəryadayam, batmayıram,
Mən arzuya çatmayıram,
Gecələri yatmayıram,
Qəm sarıdan könlüm toxdu,
Allah, dərdim yaman çoxdu.
Mən Aydınam, sızlayıram,
Yollarını cızlayıram,
Oğul zəngi gözləyirəm,
Həsən adlı gur səs yoxdu.
Allah, dərdim yaman çoxdu.
Aydın müəllim onu da söyləyir ki, mənə kimsə “Allah səbir versin” sözlərini deyəndə içimdə həmin adamlara bərk acığım tutur: “Axı Allah mənə əvvəlcədən o qədər səbir, dözüm verib. Allah mənə elə bir səbir verib ki…
Oğul, dözə bilmirəm,
Allah, mənə səbir ver!
Əgər səbir verməsən,
Əvəzində qəbir ver.
Əzizinəm, noğuldu,
Kəlbəcərdə doğuldu.
Məni yandırıb-yaxan
Həsən adlı oğuldu.
Həsənin anası Əfruz xanımın oğlu haqqında söylədiyi xatirələri də həyəcansız nə dinləmək olur, nə də yazmaq: “Həsənim yaşadığı Quşencə kəndini çox sevirdi, bura o qədər alışmışdı ki, hətta qısa müddətə ayrılmaq belə istəmirdi. Oğlumun uşaqlıq illəri çox maraqlı keçmişdi. O, təbiət vurğunu idi, dağları piyada gəzib onların ucalığını seyr edərdi, çevik idi. Ardıcıl olaraq idmanla məşğul olardı. Karate, boks kimi idman növlərinin məşqlərinə gedərdi. Güclü idi. İstirahət günlərində Göy gölə, Maralgölə səyahətə gedərdi.
...Dörd ay idi ki, onunla yalnız telefonla əlaqə saxlayırdıq. Sonra özü Ramazan bayramına görə bir günlük gəlib rayonda olan şəhidləri ziyarət etdi. Qəbirlərin üstünü əlləri ilə təmizləyib, sonra qonşulara dəyib, sonda bizi görməyə gəlmişdi.
O zamanlar Həsən Gəncə Hərbi hospitalında Aprel döyüşlərində yaralanan əsgər və zabitlərə tez-tez baş çəkir, öz hesabına ərzaq, pay-püş alıb onlara aparırdı. Özünü dərk edəndən hər kəsin hörmətini qazanmışdı. Özündən böyüklərə hörmət və qayğı göstərirdi. Məhlədə hamı onu çox sevirdi, bu üzdən yoxluğunu qəbul edə bilmirlər. Oğlum əsl vətənpərvər gənc idi...
Həsənin xidmət və döyüş yoldaşı Kamran İmran oğlu Puçaxov xatirələrini belə bölüşür: “Həsənlə 2016-cı ildə eyni bölmədə xidmət etmişəm. O, mükəmməl hərbi bilik və bacarığı olan bir döyüşçü, bacarıqlı, əsl döyüşçülərə xas olan xüsusiyyətləri ilə seçilən bir qəhrəman idi. İkinci Qarabağ müharibəsi başlayanda Həsənin simasında qəribə bir sevinc hissləri əks olunduğunu görürdüm.
Doğma yurdu Kəlbəcər istiqamətində hücuma keçdikdə isə sevincinin həddi-hüdudu yox idi. Çünki o, erməni işğalında olan öz ata-baba məskəni Kəlbəcərin uğrunda döyüşə qatılırdı. Kəlbəcər uğrunda döyüşlər Murovdağdan başladı, çox çətin idi, sıldırım qayalı, keçilməsi heç də asan olmayan yerlərdə vuruşmalı olurduq. Bizim taburun hücumu zamanı “Canavar sağ”postu adlanan ərazini düşməndən azad edərkən Həsən orada çox böyük igidlik və şücaət göstərdi.
Həsənin olduğu qrup bizim solumuzdakı təpələrdə mövqelənmişdi. Düşmən dəstələri bir neçə dəfə hücum etsə də, onların həmlələrinin qarşısı məharətlə alınmışdı. Artıq düşmən piyada qrupları ilə hücum etmir, iriçaplı silahlardan dayandığımız mövqelərə atəş açırdı. Düşmən tərəfi iriçaplı silahlardan vurduğu zaman döyüşçü yoldaşımız Həsən Abdullayev ağır yaralandı, əbədi olaraq şəhidlik zirvəsinə ucaldı...
O zaman bizə rabitə ilə bildirdilər ki, şəhidimiz var, təxliyyə etmək lazımdır. Şəhidin kim olduğunu bilmirdim. Bir neçə nəfər şəhidi təxliyyə etməyə getdik. Yoldaşlar şəhidin yanına çatmamış mənə dedilər ki, sən şəhidimizi çıxarmaq üçün əlverişli yol axtar. “Bu, Həsən Abdullayevdir!” deyə biri səsləndi və mən o andaca şəhidimizin yanına getdim. Həsən baş nahiyəsindən yaralanmışdı. Onun üzündə döyüş maskası vardı. Yoldaşlarımız maskanı tam şəkildə qapamışdılar...
Heç kim inanmaq istəmirdi Həsənin ölümünə. Döyüşçü dostlarıma dedim ki, maskanı tamam üzündən açın. Dedilər ki, biz də Həsəni tanıyırdıq, dəqiq odur, maskanı bir də təkrar açmayaq. Həmin anlarda mən özümü necə hiss etdiyimi sözlə ifadə edə bilmərəm. Artıq Həsəni təxliyyə edirdik ki, birdən biləyindən qəlpə yarası aldığına görə əlinin qoparaq yerə düşdüyünü gördüm. Əlini götürüb sinəsinə qoyduq. Həsənin şəhid olması, o dəhşətli anlar məni çox sarsıtdı. Onu müəyyən yerə kimi təxliyyə etdik. Oradan isə başqa yoldaşlarımız Həsəni aparmaq üçün gəldilər...”
Eyni məhəllədə yaşayan dostu Xəyyamın xatirələrindən: “Həsən mənim uşaqlq dostum, qonşumuz idi, ailəvi yaxın olmuşuq. Məndən səkkiz yaş kiçik olsa da, ona “ağsaqqal” deyə müraciət edirdik. Mən İsmayıllıdan, o, Kəlbəcərdən olsaq da, bir-birimizə başqa-başqa rayondan olduğumuzu hiss etdirmirdik.
Vətənə sevgi onun sonradan deyil, kiçik yaşlarından canında, qanında vardı. Hərbiyə marağı güclü idi, Milli Qəhrəman Mübariz İbrahimov kimi tarixə düşmək istəyirdi. Çölçülüyü gözəl idi, yaxşı yol yoldaşı idi. Bakıda kirayə mənzil tutub bir yerdə qalırdıq. Müxtəlif mülki işlərdə çalışmışıq. Bir neçə yoldaşla birlikdə Şəhidlər xiyabanına ziyarətə getməyi planlaşdırmışdıq. Çox çalışdıq, amma onu maşına mindirib apara bilmədik. Dedi ki, mən şəhidlərimizi ziyarət etmək üçün piyada gedəcəyəm. Belə də oldu. Dərnəgüldən Şəhidlər xiyabanına piyada gedərək xiyabanı ziyarət etdi. Həsən “Vətən!” deyərək yaşayırdı.
Dostum məzuniyyətə gəldiyi ilk gün bizim ailəni ziyarət edərdi. Onun bizim kənddə yaşayan bibisi oğlu Nadir Heydərov Birinci Qarabağ müharibəsində şəhid olmuşdu. Hər dəfə onun məzarını ziyarət edəndə Həsən deyirdi: “Çox az qalıb, sənin qisasını alacağıq!” Dediyi kimi də oldu...
Onlar hərbi təlimdə olan zaman atalarımız gedib Bakıda Həsənə dəymişdilər. Amma mən cərrahiyyə əməliyyatı keçirmişdim deyə gedə bilməmişdim. Həsənlə son yazışmamız 25 sentyabr 2020-ci ildə oldu. Dedi ki, bizi Bakıya aparırlar, ayın 27-də mühüm əməliyyat gözlənilir. Bu, son ünsiyyətimiz oldu. Atası deyirdi ki, müharibə başlasa, bilirəm, oğlum Həsən şəhid olacaq. 2 oktyabr 2020-ci ildə səhər saat 9 radələrində mobil telefonuma zəng gəldi. Aydın əmi atamın adını çəkib soruşdu ki, Çingiz haradadı? Cavab verdim ki, evdədir. Aydın əmi çox kədərli səslə Həsənin şəhid olması xəbərini çatdırdı. Bir anlığa elə bildim bel sütunum qırıldı. Atamla anam o dəqiqə yollandılar rayon mərkəzinə...”
Çavuş Ümman Məzahid oğlu Baxşəliyev Həsənin xidmət yoldaşı olub, onunla bağlı sevincli, kədərli xatirələri çoxdur:“Belə ki, mən əvvəllər də o hərbi hissədə xidmət etmişəm. 2013-cü ildə Həsən könüllü olaraq burada xidmət etmək üçün rəhbərliyə müraciət ünvanladı: xüsusi komandanın əmri ilə xidmətə başladı. Həsənlə “Pələng” dəstəsində xidmət keçirdik, istirahət, asudə vaxtlarımızı bir yerdə keçirmişik. O, subay, mən isə ailəli idim. Şənbə və bazar günləri biz birlikdə, ailəvi gedirdik Daşkəsənə, Gədəbəyə, Hacıkəndə. Müharibə başlayanda bizi cəlb elədilər xüsusi təyinatlıların təlimlərinə. Elə oldu ki, burada bölmələrimiz ayrı düşdü. Yenə də əlaqə saxlayırdıq. Döyüşlər başlayan gün bizi əks-hücum əməliyyatlarına cəlb etdilər, hərəmiz bir istiqamətdən döyüşə başladıq. Həsəngil “Canavar sağ”ın sağ və sol postlarını almağa yollandılar. Biz isə Kəlbəcərin Susuzluq dağ silsiləsini götürəsi olduq. Bu qaydada Murovdağ silsiləsində üç-dörd gün döyüşlərimiz oldu, sonra geri qayıtdıq. Elə oldu ki, mən Cəbrayıl istiqamətində döyüşlərə göndərildim. Cəbrayılda toplanma nöqtəsi deyilən bir ərazi var, orada yığışdıq bir yerə. Orada Elnur Cəfərov, Elçin Əhmədağalı və mən eşitdik ki, Həsən “Canavar sağ” yüksəkliyini alarkən minaatan atəşi nəticəsində şəhid olub.
Sözsüz, elə bir dostu itirmək bizim üçün çox çətin idi. Amma yenə də döyüşü davam etdirməliydik. Biz dostumuz Həsənin qisasını almaq üçün qarşımıza məqsəd qoymuşduq: çoxlu sayda düşməni məhv etməliydik...
Həsən Xüsusi təyinatlı dəstədə eyni qrupda, mənimlə bir yarımqrupdaydı, snayper idik. Yəni döyüşəqədərki təlim tapşırıq fəaliyyətlərimiz eyni idi. Uzaq məsafəli qaçışlarımız olurdu. Həsən o qaçışlarda hər zaman öndə gedərdi. Hər zaman yorulan hərbçi yoldaşına kömək edərdi. Qaçış zamanı yoldaşlarına deyirdi ki, kim yorulub, silahını versin mənə, kömək edim ona. Hətta ağır silahı ilə o, on-on beş kilometr qaçış icra edirdi. O, həm avtomat silahını daşıyırdı, həm də öz yoldaşlarının pulemyot silahını götürürdü.
Qaçışlarda hər vaxt öz yoldaşlarına kömək olurdu. Yoldaşlar arasında belə bir zarafatımız da olurdu. Həsən biraz arıqlamışdı. Cüssəli yoldaşlara deyirdi ki, verin silahınızı mən qaçım. Onlar da zarafatla ona sataşıb deyirdilər ki, bu canınla silahı necə daşıyarsan!? Buna baxmayaraq, o, sona kimi istəmirdi ki, yoldaşları yarı yolda qalsın, hamıya kömək edirdi. Mən döyüş qardaşım Həsəni bu cür tanımışam...”
Cəmilə ÇİÇƏK
Tədqiqatçı jurnalist
Prezident təqaüdçüsü