“Ramiz Mehdiyev işi”: Xəyanət şəbəkəsinin ifşası və dövlətin sarsılmaz gücü


Nazim Eynallı,
AAYDA 19 N-li Xüsusi Təyinatlı Yol İstismar MMC-nin Direktoru


Son günlər ölkənin əsas siyasi gündəmini “Ramiz Mehdiyev işi” tutur. Uzun illər dövlətin yüksək idarəçilik pilləsində duran, siyasi sistemin əsas fiqurlarından biri olmuş Ramiz Mehdiyevin son illərdə ortaya çıxan fəaliyyətləri göstərdi ki, ona göstərilən böyük etimad və güvən, əslində, şəxsi ambisiyalar uğrunda tapdanıb. Xarici dairələrlə gizli əməkdaşlıq, dövlət və xalq maraqlarına xəyanət halları bu şəxsin illərlə kölgə siyasəti apardığını sübut edir. Halbuki belə xəyanət heç zaman bağışlanmır.

Dövlət Təhlükəsizliyi Xidmətinin son əməliyyat-axtarış tədbirləri bir daha təsdiqlədi ki, ölkədə stabillik, təhlükəsizlik və milli dövlətçilik maraqları ən etibarlı əllərdədir. “Beşinci kolon” adlanan xəyanət şəbəkəsinin gizli niyyətləri artıq tam şəkildə ifşa edilməyə başlayıb.

Prezident Administrasiyası kimi mühüm və strateji bir struktura rəhbərlik etmiş Ramiz Mehdiyevin gizli fəaliyyəti sonradan üzə çıxdı: O, xarici mərkəzlərin sifarişlərini icra edir, əlaltıları – Əli Kərimli və onun qruplaşması ilə birlikdə anti-milli planlar hazırlayırdı. Amma tarix göstərir ki, saxtakarlıq, satqınlıq və dövlətçiliyi hədəfə alan əməllər gec-tez ən sərt şəkildə cəzalandırılır.

2013-cü il prezident seçkiləri ərəfəsində  bəzi mərkəzlərdən idarə olunan və yaradılan “anti-milli şuralar”ın əsas məqsədi Azərbaycanı yenidən xaosa sürükləmək, 2003-cü ildə yarımçıq qalmış planı həyata keçirmək imiş. Lakin güclü dövlət, möhkəm siyasi iradə və xalq–dövlət birliyi bu çirkin niyyətləri alt-üst etdi.

Bu gün Azərbaycanda güclü hakimiyyət var, sarsılmaz siyasi stabillik mövcuddur və heç bir gizli planın həyata keçməsinə imkan verilmir. “Ramiz Mehdiyev işi” üzrə istintaq davam edir və ölkə bu proseslə bir daha göstərir ki, milli təhlükəsizlik və dövlətçilik hər şeydən üstün tutulur.


www.AzadMedia.az