PREZİDENT İLHAM ƏLİYEVİN AMEA‑NIN 80 İLLİK YUBILEYİ TƏDBİRİNDƏKİ ÇIXIŞINDA DİL MƏSƏLƏLƏRİ

PREZİDENT İLHAM ƏLİYEVİN AMEA‑NIN 80 İLLİK YUBILEYİ TƏDBİRİNDƏKİ  ÇIXIŞINDA DİL MƏSƏLƏLƏRİ

2025ci il noyabrın üçündə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə təşkil olunan konfransda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev iştirak etmiş və tarixi əhəmiyyətli bir çıxışla elmi ictimaiyyətə müraciət etmişdir. Bu çıxış elmi inkişaf, milli kimlik və mədəniyyət prinsipləri ilə yanaşı, dil məsələlərinə dair mühüm mesajlar da əhatə edir.

Dilin milli təhlükəsizlik və milli kimlik rolunu əsas götürərək, Prezident İlham Əliyev çıxışında Azərbaycan dilinin saflığını qorumağın hər bir vətəndaşın vəzifəsi olduğunu vurğulamışdır. O bildirmişdir ki, Azərbaycan dili zəngin və qədim bir dildir və onun dəyərini qorumaq cəmiyyətin prioritetləri arasında olmalıdır.

Bu yanaşma dilin yalnız kommunikasiya vasitəsi kimi qəbul edilmədiyini, eyni zamanda milli kimliyin əsas göstəricisi olduğunu göstərir. Dil milli dövlətçilik, tarixi yaddaş və mədəni varlığın ayrılmaz hissəsidir və Prezidentin çıxışı bunu bir daha açıq şəkildə təsdiqləyir.

Prezidentin fikrincə, əgər Azərbaycan dilində mövcud olan orijinal söz varsa, onu xarici sözlə əvəz etmək səhv və ya təxribatdır, bu məsələ birbaşa dilin təhlükəsizlik aspektinə toxunur. Ədəbi dilimizdə olmayan sözləri dialektlərdə işlənən hər hansı bir sözlə, dialektlərdə olmasa, digər türk dillərinin leksikasında olan sözlərlə əvəz etmək məqsədəuyğundur. Bu iki mənbədə uyğun leksik vahid tapılmadıqda əcnəbi dillərdən söz alınması məsələsini düşünmək olar.

İlham Əliyev nitqində dil və elm arasında daxili əlaqəni xüsusi qeyd etmişdir. O, AMEAnın 80 illik fəaliyyəti çərçivəsində elmin milli inkişafın ayrılmaz hissəsi olduğunu vurğulamış və bunu dil məsələləri ilə birbaşa əlaqələndirmişdir.

Dil məsələləri elmi inkişafla birgə nəzərdən keçirildikdə, AME-nın dilçilik, ədəbi dilin normaları və terminologiya sahəsində apardığı işlərin rolu daha aydın görünür. Prezidentin nitqində dilin qorunmasına dair çağırışlar elmi tədqiqatların müasir mərhələdə prioritet istiqamətləri ilə üstüstə düşür.

Prezidentin çıxışı Azərbaycan dilinin qorunması və inkişafı üçün yalnız dövlət strukturlarının deyil, cəmiyyətin hər bir fərdinin məsuliyyət daşıdığını qeyd etməsi ilə də diqqət cəlb edir. Bu, dil siyasətinin təkcə rəsmi normativlərlə deyil, ictimai şüurla dəstəklənməsinin əhəmiyyətini vurğulayır. Bu çıxışda milli terminologiyanın təşviqi; dil normalarına riayət etməyin mühüm prioritetə çevrilməsi; elm, yazı, media və təhsil sahələrində ədəbi dilin qorunması, əcnəbi sözlərin dilə gəlməsi məsələsinə diqqət və s. məsələlərə toxunulur. Belə yanaşma demokratik cəmiyyət və yüksək səviyyəli ictimai dialoq üçün vacibdir.

Dil və mədəni irsin qorunması məsələsinə toxunan Prezident həmcinin dilin tarixi əhəmiyyətini və mədəniyyətlə birbaşa bağlı olduğunu qeyd etmişdir. Azərbaycan dili yalnız sözlər deyil, həm də xalqların mədəni dəyərlərini və tarixini daşıyır, dilin etnokulturoloji cəhətlərini də ehtiva edir. Bu kontekstdə dilin qorunması milli irsin qorunması ilə paralel bir şəkildə dəyərləndirilməlidir.

AMEA kimi ali elmi qurumlarda dilçilik elminin inkişafı bu baxımdan mühüm amil hesab olunur. Dilçilik tədqiqatları dilin strukturu ilə yanaşı, onun tarixi yaddaş və etnik köklərin sistemli öyrənilməsi ilə də bağlıdır.

Prezident İlham Əliyevin çıxışı dil siyasətinin sistemli və davamlı xarakterini vurğulayır. Azərbaycanın müasir dövrdə dil məsələləri həm daxili normativlərlə, həm də beynəlxalq standartlarla uzlaşaraq elmdə, təhsildə və mədəni sahələrdə tətbiq olunur.

Bu çıxış dialoqun yeni mərhələsini açır - dilin normativliyi və saflığı, elmi texnologiyalarla dəstəklənməsi, tədris və media məkanında tətbiqi kimi əsas istiqamətlərdə yeni fəaliyyət strategiyasının tətbiqini  ön plana çıxarır.

Prezident İlham Əliyevin AMEAnın 80 illik yubiley tədbirindəki çıxışı yalnız elmin inkişafına dair deyil, həm də Azərbaycan dilinin qorunması, zənginləşdirilməsi və dövlət siyasətində prioritet sahə kimi möhkəmləndirilməsi üçün əsaslı xəbərdarlıqdır. Prezidentin çıxışı dil siyasətini geniş ictimai məsuliyyət anlayışı ilə uzlaşdırır və dilin tarixi, mədəni və dövlətçilik baxımından əhəmiyyətini bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyi tədbirindəki çıxışında Azərbaycan dili ilə bağlı bir sıra nöqsan və çağırışlar qeyd olunmuşdur. Bu nöqsanların aradan qaldırılması üçün aşağıdakı təklif və tədbirlər irəli sürülə bilər:

1. Dilin saflığının qorunması. Leksikada lazımsız şəkildə əcnəbi sözlərin artmasının qarşısı alınmalıdır. Dövlət dil siyasətini tənzimləyən qanunvericiliyə əlavələr edilməli, lüzumsuz alınma sözlərin rəsmi sənədlərdə və mediada istifadəsi məhdudlaşdırılmalıdır. Terminologiya komissiyası daha aktiv fəaliyyət göstərməli, dilimizdə qarşılığı olan terminlərin milli variantı işlənməli (mübaliğə//şişirtmə; litota//kiçiltmə; metateza//yerdəyişmə; təşbeh//bənzətmə, epitet//bədii təyin və s.) və elmi anlayışlara yeni milli terminlər təklif etməlidir. Bunun üçün ədəbi dildə olmayan söz, ilk növbədə dilimizin dialekt və şivələrində axtarılmalı, orada olan arxaik söz, dialektizm dilə gətirilməlidir. Məsələn; dilimizdə payız sözünün əvəzinə müasir ədəbi dilimiz üçün arxaik hesab edilən “küz” sözünün işlənməsi daha məqsədəuyğundur. Bu söz həm digər fəsil adlarımızla uyğundur, digər fəsil adları kimi təkhecalıdır (yaz yay, küz, qış), lakonikdir və millidir. “Küz” sözünün əsasında yaranmış  bəzi sözlər dilimizdə indi də işlənməkdədir. Məsələn; Küzəm-qoyunun payızda qırxılan yunu; Küzlək//Küzdək Bakı şəhəri ərazisində toponim-şəhər tipli qəsəbə və s. sözlərin istifadəsi aktivləşməlidir.

Cənab Prezidentin də qeyd etdiyi kimi, əgər dialektlərdə belə bir söz olmasa, digər türk dillərinə müraciət edilməli, oradan söz götürülməlidir.

 Küçə və meydanlarımızda rast gəldiyimiz, insanların daha çox diqqətini cəlb edən reklamların dilinə xüsusilə diqqət yetirmək lazımdır.

İdarə və təşkilatların adları, əsasən, Azərbaycan dilində iri şriftlə, onun altında isə nisbətən kiçik şriftlə rus və ya ingilis dilində yazıla bilər.

İctimai-iaşə obyektlərinin adlandırılmasına nəzarət gücləndirilməli, bir mərkəzdən idarə edilməlidir ki, orada milli və gözəl sözlərimiz öz ifadəsini tapsın.

Kütləvi informasiya vasitələrində monitorinq və nəzarət mexanizmləri gücləndirilməlidir. Qoyulan tələblərə əməl edilmədikdə cəza tədbirləri həyata keçirilməlidir.

2. Ədəbi dil normalarının pozulması. Televiziya, sosial media və reklam sahəsində dilin ədəbi norma və qaydalarının pozulmasının qarşısı alınmalı, aparıcıların nitqinə nəzarət gücləndirilməlidir. Lazım gələrsə, jurnalistlər, bloqerlər, müəllimlər üçün dil kursları, treninqlər təşkil edilməli, ədəbi dilin normaları öyrədilməlidir. Televiziya və radio proqramlarının dil keyfiyyətinə dair reytinq sistemi yaradılmalıdır. Orfoqrafik və orfoepik qaydaların praktik cəhətdən tədrisi ümumtəhsil məktəblərində gücləndirilməlidir. Korpus dilçiliyi inkişaf etdirilməli, milli dil korpusu müasir texnologiyalara uyğun yenilənməlidir.

3. Terminoloji vahidlərin uyğunsuzluğu. Elmi, texniki, hüquqi və tibbi sahələrdə termin qarışıqlığı və vahid termin bazasının olmaması alınma terminlərin dilə sürətlə daxil edilməsinə səbəb olur. Bunun qarşısını almaq üçün AMEA və müvafiq nazirliklər çərçivəsində Vahid Dövlət Termin İnformasiya Sistemi, termin korpusları yaradılmalıdır. Terminlər üzrə reyestr formalaşdırılıb onlayn istifadəyə verilməlidir. Hər il yeni terminoloji lüğətlər tərtib olunub çap və elektron formada paylanmalıdır.

4. Gənc nəslin dili zəif mənimsəməsi. Gənclərin sosial mediada sadələşdirilmiş, təhrif olunmuş dildən istifadə etməsi, milli dəyərlərdən uzaqlaşması ən böyük problemlərdən biridir. Bunun qarşısını almaq məqsədilə, ilk növbədə, məktəbəqədər müəssisələrdə, orta və ali məktəblərdə gənclərdə milli şüuru tərbiyə etmək, orta məktəblərdə funksional dilçilik və üslubiyyatın tədrisini möhkəmləndirmək, praktiki yazı bacarıqlarına üstünlük vermək, dilin təbliğinə həsr edilmiş tədbirlər təşkil etmək lazımdır.

Sosial şəbəkələrdə dil aksiyaları və maarifləndirici kampaniyalar keçirilməlidir. Uşaq ədəbiyyatı, nağıllarımızı əks etdirən uşaq filmləri yox dərəcəsindədir. Uşaqlar üçün milli məzmunlu əsərlər yazılmalı, kinofilmlər və cizgi filmlərinin çəkilişi artırılmalıdır.

5. Dilin informasiyalaşma dövrünə uyğunlaşdırılması. Azərbaycan dilinin rəqəmsal texnologiyalara tam inteqrasiya olunmaması da çatışmazlıqlardan biridir. 

Süni intellekt və dil texnologiyaları sahəsində milli layihələr həyata keçirilməlidir (məsələn, Azərbaycan dilində səsli köməkçi, tərcümə platformaları).

Bu tədbirlər yalnız dilin qorunmasına yox, həm də onun inkişafı və gələcək nəsillərə doğru şəkildə ötürülməsinə xidmət edəcək.

Prezidentin çıxışında toxunulan nöqsanların aradan qaldırılması üçün həm dövlət strukturlarının, həm də cəmiyyətin üzərinə mühüm məsuliyyət düşür.

Həcər Emin qızı Hüseynova

ADPU, filologiya fakültəsi, Azərbaycan dilçiliyi kafedrası;

MMU HETİ Humanitar Şöbə;

f.e.d.,professor.

Pezident təqaüdçüsü, yazıçı-publisist, “Zəfər”, “Nizami Gəncəvi-880” “Azərbaycan xanımı” media mükafatları laureatı, “Zirvədəki azərbaycanlılar” kitabının redaktoru