Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz: ana dilimiz

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz: ana dilimiz
Hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən, keçmişi ilə bu günü və gələcəyi arasında mənəvi körpü yaradan ən güclü vasitə dildir. Torpaq və dil qədər Vətəni Vətən edən başqa bir amil düşünmək mümkün deyil. Dili qorumaq, yaşatmaq, inkişaf etdirmək missiyası əsrlər boyu həmin dildə danışan xalqın yetirdiyi böyük tarixi şəxsiyyətlərin üzərinə düşüb.
Azərbaycan xalqının yetirdiyi tarixi şəxsiyyətlər, xüsusilə də Ulu öndər Heydər Əliyev beynəlxalq səviyyəli siyasətçi, uzaqgörən dövlət xadilmi, Azərbaycan xalqının ləyaqətli oğlu kimi dünya miqyasında dəyərləndirilmişdir. Ümumiyyətlə, böyük şəxsiyyətləri tarix, zaman özü yetişdirir və onlar Allah tərəfindən seçilmişlər olaraq Vətən üçün, xalq üçün çalışırlır. Onlar öz əməlləri ilə tarixi yaradırlar. Elə məhz xalqımız üçün göstərdiyi misilsiz xidmətlər Heydər Əliyevi Ümummilli lider zirvəsinə yüksəldib.
“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”, -sözləri də məhz Ulu Öndər Heydər Əliyevə məxsusdur. Bütün həyatını doğma xalqının, Vətəninin inkişafına, intibahına həsr edən, bu yolda misilsiz tarixi uğurlar qazanan Heydər Əliyev bütün sahələrdə olduğu kimi dilimizin inkişafını istiqamətində bitib-tükənməyən sevgisi, uzaqgörənliyi ilə çalışmışdır.
Ana dili hər bir xalqın varlığını təsdiq edən əsas amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Dil çətin tarixi-siyasi dövrlərdə millətin varlığını sürdürməsi üçün əsas vasitədir, dilini itirən xalq məhvə məhkumdur. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Lakin Azərbaycan dilinin yaxın keçmişdə ciddi sınaqlarla üzləşdiyi də bir həqiqətdir.
Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normalaşmasına, sabitləşməsinə nail oldu. Müstəqil Azərbaycan dövlətinin yaradılması, təbii ki, beynəlxalq hüququn bu yeni subyektinin dövlət dilinin təyini məsələsini müstəviyə gətirdi. Azərbaycan Respublikasının dövlət dilinin «Azərbaycan türkcəsi», «türk» və ya «Azərbaycan dili» adlandırılması ətrafında mübahisələr, müzakirələr başladı. Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbərinin mütəxəssislərin iştirakı ilə keçirdiyi müzakirələr məhsuldar nəticələrlə sonlandı. Xalq 1995-ci il noyabrın 12-də referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək dövlət dilimizin «Azərbaycan dili» adlandırılmasına yekdilliklə qərar verdi.
Azərbaycan dilinin 1995-ci ildə dövlət dili statusu alması, həyata keçirilən tədbirlər, dildən düzgün isti¬fadəyə diqqət və nəzarətin artması, dövlət mətbuat vasitələrində, televiziya və radioda dilin normalarının qorunması ilə bağlı tələbkarlıq bütövlükdə dilə münasibəti dəyişdirməyə səbəb oldu. Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili olaraq aparıcı mövqeyi tamamilə təmin edildi, rəsmi məsələlərin yalnız ana dilində aparılması zərurətə çev¬rildi (yeri gəlmişkən deyək ki, Azərbaycan Prezi¬dentinin özü şəxsən dəfələrlə müxtəlif vəzifəli şəxsləri ana dilində danışa bilmədikləri üçün tənqid etmiş, qınamışdır).  Azərbaycanda təhsilin, elmin, ədə¬biyyatın, ümumən mədəniyyətin inkişafı üçün dövlət mak¬simum şərait yaratdı, bu isə həm milli təfəkkürün, həm də onun ifadəsi olan milli ədəbi dilin daha da tərəqqi edib yüksəlməsinə təkan verir. Azərbaycan Prezidenti Azərbaycan dilinin dünyanın ən mötəbər rəsmi məclislərində, beynəlxalq diplomatik danışıqlarda səs¬lənməsinə nail olmuşdur.
2002-ci ilin 30 sentyabrında Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı «Azərbaycan Respublikasında dövlət dili haqqında» Qanunda dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri müəy-yənləşdirildi: dövlət dili ilə bağlı hüquq qaydaları müəyyənləşdirildi; dövlət dilinin işlədilməsi və qorunması ilə bağlı qanunvericiliyin müddəalarına riayət olunması; dövlət dilinin inkişaf proqra¬mının hazırlanması və dövlət büdcəsinin vəsaiti hesabına müəyyənləşdiril¬məsi təmin edildi; dövlət dilinin saflığının qorunması, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi və s. təmin edildi.
Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən  1 avqust tarixi hər il “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd olunmaqdadır. Bu da, Azərbaycan dili tarixində əlamətdar və önəmli bir hadisədir.
H.Əliyevin rəhbərliyi dövründə Azərbaycan dilinin qorunması, tətbiqi və inkişafı ilə bağlı görülən işlər bu gün tarixi faktlar kimi diqqəti cəlb edir. Azərbaycan dilində mətbuatın, elmin tərəqqisi üçün dövlət rəhbərliyi əlindən gələni etmiş, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazmış, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları «Azərbaycan», «Ulduz» jurnalları, «Qobustan» toplusu, «Ədəbiyyat və incəsənət» qəzeti Azərbaycan dilində çıx¬mışdır. Azərbaycan dilinin tarixi ardıcıllıqla araşdırılmış, çoxcildlik «Müasir Azərbaycan dili» kitabları yaradılmış, Azərbaycan Dövlət mükafatına layiq görülmüş, Azərbaycan dilində kino və telefilmlərin çəkilişi ön plana çəkilmişdir. Xaqani, Nizami, Nəsimi, Füzuli, Xətai və bir çox dahi mütəfəkkirlərimizin əsərlərinin akademik nəşrləri də həmin dövrün məhsuludur.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyev uğurla davam etdirməkdədir. Təqdirəlayiq haldır ki, Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə hər zaman böyük həssaslıqla yanaşır.  Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək deyib: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Heydər Əliyevin 100 illik yubileyinin ölkə miqyasında qeyd edilməsi həyata keçirilməkdədir. 2023-cü il Heydər Əliyev ili olaraq qəbul edilmişdir. Azərbaycan Heydər Əliyevin şah əsəridir.
Nə qədər ki, Azərbaycanımız var, Azərbaycanımız yaşayır, qədirbilən xalqımız durduqca Ulu Öndəri unutmayacaq, ona minnətdar olacağıq.  Minilliklər boyu formalaşan və xalqımızın qədimliyinin simvolu olan ana dilimiz – Azərbaycan dilimiz milli mənəvi dəyərimiz bizim fəxrimiz, qürurumuzdur.
Bu gün müstəqil dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından da mühümdür. Məhz Ulu öndər Heydər Əliyevin uzaqgörən dil siyasəti bu sahədə əldə etdiyimiz uğurların əsasını təşkil edir.
Müstəqillik illərində Ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində ana dilimizə qarşı edilmiş haqsızlıqlar tamamilə aradan qaldırılmış, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeyi tam şəkildə bərpa olunmuşdur.

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz: ana dilimiz
                                                                                             
Fil. üzrə fəlsəfə dok. Çinarə Qəhrəmanova
ADİU, Azərbaycan dili kafedrasının dosenti
“Nizami Gəncəvi”, “Şuşa-270” mükafatları laureatı