Ekoloji təmiz olsa da, təhlükə saçan “Prius”: Əyləc sistemləri niyə sıradan çıxır? - AÇIQLAMA


Hər bir nəqliyyat vasitəsinin özünəməxsus üstünlükləri olduğu kimi neqativ cəhətləri də var. Maşın alarkən diqqət etməli olduğumuz cəhətləri çoxlarımız bilirik. Lakin hər kəsə məlum olan məsələlərdən biri ölkə bazarına sürətlə girən “Toyota Prius” markalı avtomobillərin əyləc sisteminin zəif olmasıdır.
Bunu ekspertlər, sürücülər, eləcə də sərnişinlər də qəbul edirlər. Bir neçə gün bundan öncə taksi sifariş verən sərnişin paylaşım edib ki, maşın “Toyota Prius” olub. Sürücü bir anda avtomobilin əyləc sisteminin sıradan çıxdığını deyərək, sürücüyə təmkinli olmağı deyib. Sərnişin iddia edib ki, sürücü nəqliyyat vasitəsini saxlaya bilməyib və yalnız təxminən 200-300 metr getdikdən sonra avtomobil dayanıb. Kifayət qədər təhlükəli an yaşanıb.
Bu və digər formada “Toyota Prius” markalı avtomobillərin problemləri bitmir. Daha da dəhşətlisi sahibkarların bu avtomobillərdən bir neçə ədəd alıb, müqavilə ilə taksi fəaliyyətinə cəlb etməsidir. Bəs təhlükəsizlik? Ümumiyyətlə, bu əyləc problemi şirkət tərəfindən ciddi problem hesab edilirmi?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Oxu.Az-a mövzu ilə əlaqədar açıqlamasında bildirib ki, bu maşınların çoxu Amerikadan gətirilir:

“Əslində bu avtomobillər Amerikada istifadəyə yararsız hesab edilərək, utilizasiya sisteminə cəlb edilib. Təəssüf ki bizim vətəndaşlar onları Amerikadan alıb gətirib ölkə daxilində sürürlər. Təbii ki, bu hamısına şamil olunmur, lakin böyük əksəriyyəti bu vəziyyətdədir. Bu hallarda, əlbəttə ki, qəza şəraiti də qaçılmazdır.
Əyləc sisteminin sıradan çıxması isə bir çox səbəbdən ola bilər. Vaxtı-vaxtında əyləc mayesi dəyişdirilməlidir. Sürücülərə bunu deyəndə cavab verirlər ki, “qalıb da, niyə dəyişək?” Həmin maye müəyyən müddətdən sonra keyfiyyətini itirir, nəticədə qeyd etdiyiniz və daha müxtəlif təhlükəli hallar, qəzalar baş verə bilər. Avtomobildə nasazlıq yaranırsa, bu səbəbdən qəza olursa, onun məsuliyyətini avtomobili istismar edən şəxs daşıyır”.
“Toyota Prius” markalı avtomobilin dünya ölkələri üzrə imicinin yüksək olduğunu deyən ekspert onu da əlavə edib ki, bu maşınlar ekoloji cəhətdən çox təmizdirlər:
“Bu maşınlar həm də ekonom hesab olunurlar. Əgər hər hansı markanın avtomobilləri arasında qəzaya düşmüş, istismar müddəti bitib, xarab olub, onu “metallom”a atıblarsa, bu, ümumən o nəqliyyat vasitələrinə şamil edilə bilməz. Əgər bu cür istifadəyə yararsız avtomobili biz, ya da gürcülər gedib alıb gətirib taksi kimi sürürüksə, bununla bağlı aidiyyəti qurumlar maraqlanmalıdır. Ölkədə taksi fəaliyyəti göstərən avtomobillərin texniki vəziyyəti ilə bağlı heç kim maraqlanmır. Bakıda taksilərin fəaliyyətini tənzimləyən qurumlar üçün bu, ümumiyyətlə, maraqlı deyil”.
Könül Cəfərli