Göy üzündən yerlər uzaq görünər…
16-yan, 15:24 4 Gündəm / Cəmiyyət
Şəhidlik-sınanmış ruhların payı...
XTQ-nin Şəhid giziri Vidadi Zalovun əziz xatirəsinə
Zəruri giriş: Vidadi Zalov 17 iyul 1985-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində vaxtilə orada sovxoz direktoru işləmiş Nizami Zalovun yeganə oğul övladı olaraq anadan olmuşdur. 1992–2003-cü illərdə Azim Müzəffərov adına Abşeron rayon Saray qəsəbə 2 saylı tam orta məktəbdə orta təhsil almışdır. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşdur. 2007-ci ildə həmin universitetin Maliyyə fakültəsindən məzun olmuşdur. Ailəli idi, Nizami adlı oğlu, Humay adlı qızı yadigar qaldı.
Vidadi Zalov ali təhsil aldıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən 1 il müddətində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərmişdir. Sonra isə Müdafiə Nazirliyinin "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılmış, kursları bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi ordu sıralarına qayıtmışdır. Dörd ilə yaxın Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişdir. Hərbi xidmət zamanı fərqləndiyinə görə hərbi hissə rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə mükafatlandırılmış, 26 iyun 2018-ci ildə Müdafiə naziri Zakir Həsənov tərəfindən "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilmişdir.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Vidadi Zalov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, fərqlənmişdir.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vidadi Zalov "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Vətən müharibəsində iştirakına görə Vidadi Zalov baş nazir Əli Əsədov tərəfindən "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edildi.
Vətən müharibəsi bitdikdən sonra bir neçə medallarla təltif olunan Vidadi Zalov "Gizirlik kursu"na yazılmış, kursu müvəffəqiyyətlə bitirdikdən sonra "kiçik çavuş" rütbəsindən "gizir" rütbəsinə yüksəlmişdi. Azərbaycan-Ermənistan sərhədində, Laçın rayonu istiqamətində yerləşən "N" saylı hərbi hissələrdən birində hərbi xidmətini davam etdirirdi.
11 aprel 2023-cü ildə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutmuşdur. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olmuş və yaralanmışdır. Baş verən qarşıdurma nəticəsində Vidadi Zalov döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Vidadi Zalovun nəşi evinə gətirilərək 12 aprel 2023-cü ildə doğulduğu Abşeron rayonunun Saray qəsəbəsində dəfn olunmuşdur. Dəfn mərasimində Vidadi Zalovun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak etmişlər.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2023 tarixli sərəncamına əsasın Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu Vidadi Zalov “Vətən uğrunda” medalı ilə təltif edilib.
Göy üzündən baxanda yerlər həmişə uzaq görünür…
Dağlar alçalır, yollar incə cizgiyə çevrilir, evlər sanki oyuncaq olur. Amma insan taleyi elədir ki, torpağın üstündə yaşasa da, bəzən göylərə yaxınlaşır. Bəzən də göylərə qalxmaq üçün torpaqdan ayrılır. Vidadi Zalovun taleyi də məhz belə talelərdəndir – yer üzündə mərd bir əsgər, göy üzündə əbədi bir ad…
Bu yazı bir həyat hekayəsindən çox, bir ruhun yolçuluğudur. Bu yazı bir gizirin bioqrafiyası deyil, bir şəhidin xalq yaddaşına yazılan ömür dastanıdır. Milli yaddaş xətti ilə Vidadi Zalovun işıqlı xatirəsinə boylanan bir qələm borcudur.
Torpaqdan başlayan yol...
Vidadi Zalov torpağın nə olduğunu uşaqlıqdan bilənlərdən idi. Torpaq onun üçün sadəcə üstündə gəzdiyi məkan deyildi – torpaq onun nəfəsi, kökü, dayağı idi. Uşaqlıq illəri sadə bir Azərbaycan ailəsinin ocağında keçmişdi. Ananın duası, atanın halal zəhməti, evin içindəki səssiz, amma möhkəm tərbiyə onu erkən yaşlarından formalaşdırmışdı.
O, hələ uşaq ikən “Vətən” sözünü eşidəndə baxışları dəyişənlərdən idi. Bu sözün içində tarix, şəhidlər, itirilmiş torpaqlar, yarımçıq qalan arzular var idi. Bəlkə də ona görə hərbçi olmaq onun üçün seçim deyil, tale idi.
Gizirlik – bir rütbə yox, bir məsuliyyət...
XTQ-də gizir olmaq asan deyil. Bu rütbə sadəcə çiyində daşımaq üçün verilmir. Gizir – zabitlə əsgər arasında körpüdür. O, həm əmr verən, həm nümunə olan, həm də ən çətin anda əsgərin arxasında dayanan şəxsdir.
Vidadi Zalov bu rütbəni ləyaqətlə daşıyanlardan idi. Onu tanıyanlar deyir ki, Vidadi danışanda səs ucaltmazdı, amma dediyi söz yerinə düşərdi. O, əsgərə qorxu ilə deyil, inamla yanaşardı. Çünki özü qorxunu çoxdan içində məğlub etmişdi.
Onun xidmət etdiyi illər ərzində bir çox gənc əsgər Vidadini özünə örnək bilmişdi. “Gizir Zalov deyibsə, deməli doğrudur” – bu cümlə səngərlərdə tez-tez eşidilirdi.
Müharibə – insanı sınağa çəkən həqiqət...
Müharibə hər kəsi eyni sınağa çəkmir. Kimini qorxudur, kimini böyüdür, kimini isə əbədiləşdirir. Vidadi Zalov üçün müharibə özünü təsdiq etmək meydanı deyildi. O, sadəcə borcunu yerinə yetirirdi – sakit, səssiz, iddiasız.
Döyüş anlarında onun davranışı bir komandir qədər dəqiq, bir qardaş qədər qayğıkeş idi. Səngərdə əsgərin çiyninə qoyulan əl, səssiz bir baxış, qısa bir cümlə bəzən ən güclü silahdan da təsirli olur. Vidadi bunu bilirdi.
Son döyüş, 11 aprel 2023-cü il, qara bulud və əbədiyyətə açılan qapı...
Şəhidlik təsadüf deyil. Şəhidlik seçilmiş ruhların payıdır. Vidadi Zalovun son döyüşü də onun bütün ömrünün məntiqi davamı idi. O, geri çəkilməyi düşünmədi, çünki arxada Vətən vardı.
Göy üzündən yerlər uzaq görünür, amma… Bu seçilmiş ruhlar üçün deyil, şəhid ruhları laməkandır, bəşəridir. Vidadi üçün Vətən heç vaxt uzaq olmayacaq. Çünki o, Vətənin içindədir – torpağında, tarixində, yazılarında, mahnılarında, dastanlarında, gələcəyindədir.
Bu yazı bir vida deyil. Bu yazı bir salamdır – əbədiyyətə salam. XTQ-nin Şəhid giziri Vidadi Zalovun ruhuna salam. Onun getdiyi yol işıq yoludur. Üç müharibə gördü. Əgər 2023-cü ilin 11 apreli olmasaydı Vətəninin qəhrəman oğlu torpağın müsəlləh əsgəri kimi sonsuza qədər vətən, torpaq yolunda bir qoruyucu mayak olacaqdı. Bu Tanrının seçdiyi yol idi. Hər bir şəhidin, hər bir qəhrəmanın ömür yoluna qızıl hərflərlə yazılan bir yol...
Ruhun şad olsun, gizir...
Ruhun şad olsun, əziz Vətən oğlu!
Ruhun şad olsun, müsəlləh əsgər!
Səndən çox xatirə qaldı, o xatirələrdən biri də barıt qarışıq qan qoxusu verən zabit mundiri!
Əziz qəhrəmanımız, göydən yerlər necə görünür?!...
PS: Dünyanın bu başında bir ana ağlayır, dünyanın o biri başında bir igid uyuyur!
Hürü Hacızadə
Yazıçı-publisist
“Qızıl Qələm” mükafatçısı
Fərid Faiqoğlu
AJB-nin üzvü





