Enerji təhlükəsizliyində yeni mərhələ
04-mar, 13:24 6 Gündəm / Siyasət
Məşhur Məmmədov
Milli Məclisin deputatı
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası keçirildi. İclasda ölkə rəhbəri İlham Əliyev dərin məzmunlu çıxış edərək mürəkkəb geosiyasi prosesləri, regional münaqişələri, enerji bazarlarında dalğalanmaları və qlobal təchizat zəncirlərində yaşanan çətinlikləri ətraflı şərh etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı müasir qlobal enerji arxitekturasının reallıqları fonunda Azərbaycanın strateji baxışını, təşəbbüskarlığını və çoxtərəfli əməkdaşlıq modelinə sadiqliyini əks etdirən fundamental siyasi sənəd kimi qiymətləndirilə bilər. Dövlət başçısının vurğuladığı kimi, artıq on ildən çoxdur davam edən bu platforma təkcə enerji layihələrinin müzakirə olunduğu mexanizm deyil, eyni zamanda, istehsalçı, tranzit və istehlakçı ölkələr arasında etimadın, qarşılıqlı asılılığın və ortaq maraqların möhkəmləndirildiyi mühüm siyasi-iqtisadi dialoq məkanına çevrilmişdir.
Prezident çıxışında xüsusi olaraq qeyd etdi ki, 12 il əvvəl bu təşəbbüsə başlanıldığı dövrlə müqayisədə bu gün birlikdə toplaşmağın və enerji təhlükəsizliyi məsələlərini məhz müzakirə yolu ilə həll etməyin əhəmiyyəti daha aydın dərk olunur. Son on iki ilin mürəkkəb geosiyasi prosesləri, regional münaqişələr, enerji bazarlarında dalğalanmalar və qlobal təchizat zəncirlərində yaşanan çətinliklər göstərdi ki, enerji təhlükəsizliyi artıq ayrı-ayrı ölkələrin deyil, kollektiv məsuliyyətin predmetidir. Azərbaycan bu kontekstdə təşəbbüskar, etibarlı və uzunmüddətli tərəfdaş kimi çıxış edərək bir sıra dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasını praktik reallığa çevirmişdir.
Bu gün Azərbaycanın qaz təchizatı coğrafiyası əhəmiyyətli dərəcədə genişlənmişdir. Əgər əvvəlki mərhələdə 12 ölkəyə qaz ixrac edilirdisə, hazırda bu göstərici 16-ya çatmışdır və Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə dünyada ön sıralarda qərarlaşmışdır. Xüsusilə diqqətəlayiq məqam ondan ibarətdir ki, qaz təchizatı artıq Avropa məkanından kənara çıxmış, ilk dəfə olaraq Suriyaya qaz ixracına başlanmışdır. 1,5 milyard kubmetr həcmində qaz tədarükü Suriyada elektrik enerjisi qıtlığının azaldılmasına, sosial rifahın yaxşılaşdırılmasına və iqtisadi aktivliyin bərpasına xidmət edir. Bu addım həm humanitar, həm də strateji baxımdan əhəmiyyətlidir və Azərbaycanın enerji diplomatiyasının məsuliyyətli xarakterini nümayiş etdirir.
Eyni zamanda, ölkə rəhbəri qaz təchizatının şaxələndirilməsinin həm istehlakçı, həm də istehsalçı ölkələr üçün həyati əhəmiyyət daşıdığını vurğulayaraq qeyd etdi ki, enerji bazarında risklərin azaldılması, marşrutların və bazarların çoxşaxəliliyi dayanıqlılığın əsas təminatıdır. Bu baxımdan istehsalçı Azərbaycan, tranzit ölkələr və istehlakçılar arasında formalaşmış müsbət dinamika uzunmüddətli sabitliyin əsas sütunlarından biridir.
Avropa istiqamətində əməkdaşlıq daha da dərinləşir. Artıq Almaniya və Avstriyaya qaz tədarükünə başlanmış, bununla da Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazının istehlakçısına çevrilmişdir. Bu prosesin əsas infrastruktur dayağı olan Cənub Qaz Dəhlizi hazırda tam gücü ilə işləyir və əlavə hasilat perspektivləri fonunda onun genişləndirilməsi zərurəti meydana çıxır. Dövlət başçısının qeyd etdiyi kimi, “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz layları, “Abşeron” və “Ümid” yataqlarının yeni mərhələləri, eləcə də “Şahdəniz” üzrə 2028-ci ildən planlaşdırılan növbəti faza Azərbaycanın hasilat potensialını əhəmiyyətli dərəcədə artıracaq və maksimum istehsal səviyyəsində əlavə 10-15 milyard kubmetr qaz əldə etməyə imkan verəcəkdir.
Enerji gündəliyinin digər mühüm istiqaməti yaşıl enerjidir. Prezident İlham Əliyev bildirdi ki, artıq regionun ən böyük, 240 meqavat gücündə külək elektrik stansiyası fəaliyyətə başlamışdır və bu layihə ACWA Power tərəfindən həyata keçirilmişdir. 2023-cü ildə isə Masdar şirkəti tərəfindən 230 meqavat gücündə günəş elektrik stansiyası inşa edilmişdir. Bu layihələr Azərbaycanın bərpaolunan enerji sektoruna sistemli və müqavilələrə əsaslanan yanaşmasını təsdiqləyir. Hədəf 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməkdir ki, bu da ölkənin daxili qaz istehlakını azaltmaqla ixrac imkanlarını genişləndirəcək və iqtisadiyyatın yeni sektorlarının, o cümlədən süni intellekt və data mərkəzlərinin inkişafına zəmin yaradacaqdır.
Ölkə rəhbərinin vurğuladığı kimi, Azərbaycanın enerji strategiyası yalnız hasilat və ixracla məhdudlaşmır, eyni zamanda tranzit və xarici investisiya istiqamətlərini də əhatə edir. Qazaxıstan və Türkmənistan neftinin tranziti, Avropa bazarında aktivlərin əldə edilməsi, Türkiyədə 870 meqavatlıq elektrik stansiyasının alınması və Serbiyada 500 meqavatlıq yeni stansiyanın inşası Azərbaycanın regional enerji təhlükəsizliyində artan rolunu nümayiş etdirir. İtaliyada iki neftayırma müəssisəsinin əldə olunması və Egey sahillərində mövcud 12 milyon tonluq emal gücü ilə birlikdə Aralıq və Egey hövzəsində 22 milyon tonluq ümumi potensialın formalaşması enerji təchizat zəncirinin şaxələndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev çıxışında mühüm bir prinsipial məqama da toxunaraq bildirdi ki, enerji keçidi ideoloji deyil, praqmatik yanaşma tələb edir. O qeyd etdi ki, qazıntı yanacaqları tamamilə nəzərə almamaq reallıqdan uzaq yanaşmadır və bərpaolunan enerji ilə ənənəvi resursların rasional vəhdəti təmin edilməlidir. Azərbaycan 100 illik qaz ehtiyatlarına malik olduğu halda belə, yaşıl enerjiyə milyardlarla sərmayə yatırmaqla balanslı və məsuliyyətli model təqdim edir.
Bir sözlə, övlət başçısının çıxışı göstərir ki, Azərbaycan qlobal enerji xəritəsində həm etibarlı təchizatçı, həm strateji tranzit ölkə, həm də yaşıl transformasiyaya açıq modern enerji mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir. Məşvərət Şurası çərçivəsində aparılan dialoq və əldə olunan nəticələr sübut edir ki, birlik, qarşılıqlı maraq və uzunmüddətli strateji baxış enerji təhlükəsizliyinin əsas təminatıdır və Azərbaycan bu prosesdə aparıcı rolunu inamla davam etdirir.
www.AzadMedia.az




