Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbir keçirilib

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbir keçirilib
Mayın 8-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Baş Prokurorluğun inzibati binasında Ulu Öndərin büstü önünə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Baş Prokurorluğun rəhbərliyi tərəfindən gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman əsgər və zabitlərin, eləcə də vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi müasir Azərbaycan dövlətçiliyinin əsas ideoloji dayaqlarından biri olmaqla ölkənin inkişaf strategiyasını müəyyən edən fundamental prinsipləri özündə ehtiva edir. Qeyd olunub ki, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində ölkədə sabitlik, qanunçuluq və milli maraqlara əsaslanan idarəetmə sistemi formalaşmış, iqtisadi, sosial və mədəni inkişafın möhkəm təməli yaradılıb.
Xüsusilə qeyd edilib ki, Ümummilli Liderin rəhbərliyi dövründə həyata keçirilən şəhərsalma və quruculuq siyasəti Azərbaycanın kompleks inkişaf modelinin formalaşmasında mühüm rol oynayıb. Şəhərlərin planlı inkişafı, yeni yaşayış massivlərinin salınması, nəqliyyat və sosial infrastrukturun genişləndirilməsi, Bakı şəhərinin Baş planının hazırlanması, yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi, sənaye müəssisələrinin, təhsil və mədəniyyət obyektlərinin inşası həmin dövrün strateji inkişaf yanaşmasının mühüm tərkib hissəsi kimi dəyərləndirilib.
Bildirilib ki, bu siyasət yalnız urbanizasiya prosesinin idarə olunmasına deyil, eyni zamanda regionların sosial-iqtisadi inkişafına, əhalinin rifah halının yüksəldilməsinə, milli memarlıq ənənələrinin və tarixi-mədəni irsin qorunmasına xidmət edib. Bu kontekstdə qədim memarlıq abidələrinin bərpası və mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərin Azərbaycanın milli-mədəni irsinin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Baş prokuror qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün uğurla davam etdirilir, xüsusilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri icra olunur.
Vurğulanıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma prosesi yalnız infrastrukturun bərpasını deyil, həm də həmin ərazilərin tarixi-mədəni simasının, ekoloji tarazlığının və sosial həyatının yenidən formalaşdırılmasını nəzərdə tutan kompleks dövlət siyasətini əks etdirir.
Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq siyasətinin ardıcıl və strateji xarakter daşıdığını bir daha təsdiqləyir, bu istiqamətdə milli memarlıq irsinin qorunması, müasir şəhərsalma prinsiplərinin tətbiqi və qanunçuluğun təmin olunması məsələlərinin xüsusi aktuallıq kəsb etdiyini nümayiş etdirir.
Sonra tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun böyük köməkçisi Vüsal Əliyev Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə tikinti, şəhərsalma və memarlıq sahələrində həyata keçirilmiş genişmiqyaslı quruculuq işləri, ölkənin sosial və infrastruktur inkişafına xidmət edən layihələr, həmçinin Azərbaycanın memarlıq simasının formalaşdırılması istiqamətində görülmüş tədbirlər barədə ətraflı məlumat verib.
Sonda Azərbaycan Televiziyası (AZTV) tərəfindən hazırlanmış, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, eləcə də onun müəyyən etdiyi quruculuq və şəhərsalma siyasətinə həsr olunan “Qurulan gələcək” sənədli filmi nümayiş etdirilib.