Partiya nümayəndəsindən yazıçıya sərt sözlər: "Allah ona ağıl versin!"
12-may, 12:42 10 Gündəm / Sosial
Gələcək Azərbaycan Partiyasının sədrinin səlahiyyətli nümayəndəsi Aslan Həmidli yazıçı Orxan Səffarini sərt tənqid edib.
"Trampın Rəsul Quliyevdən daha çox Azərbaycana xeyri dəyib" deyən yazıçıya Rəsul Quliyevin fəxri üzvü olduğu Gələcək Azərbaycan Partiyasının sədrinin səlahiyyətli nümayəndəsi belə cavab verib:
"Bu “qələm nümayəndəsinə” sual vermək lazımdır: sən axı nə vaxtdan siyasətin “eksperti” olmusan? Sən illərlə ancaq sənət adamlarını, müğənniləri, aktyorları hədəf seçib gündəmdə qalmağa çalışan biri biri olmusan. Və bu dairədən də heç vaxt çıxa bilməmisən. İndi bunu hörmətli Rəsul Quliyev üzərindən cəhd edirsən, amma əbəsdir!
Ümumiyyətlə bəzən kiçik adamlar böyük şəxsiyyətlərdən danışaraq və ya böyük şəxsiyyətləri hədəf seçərək özlərini də böyük kimi görməyə çalışır. Və ya öz eqolarını təmin edərək özlərini də böyük şəxsiyyət sanır. Bu tip status ovçuları hər zaman olub. “Qələm adamı” olmaq ayrı şeydir, qələmi kirayəyə vermək ayrı. Sənin həşirin də, həşimində mənə məlumdur… Cəmiyyətin ən böyük faciəsi cahillərin danışması yox, vicdanını susdurmuş “ziyalıların” qələmini satmasıdır. Çalış qələmin öz əlində olsun.
Bəyənib, bəyənməməyindən asılı olmayaraq Rəsul Quliyev adı Azərbaycan tarixində yaşayacaq. Sənin primitiv yanaşmandan asılı olmayaraq Rəsul Quliyev adı Azərbaycan tarixində qızıl hərflərlə anılacaq…
Rəsul Quliyev müstəqil Azərbaycan Respublikasının qorunub saxlanmasındakı xidmətləri ilə, Azərbaycan Respublikası Konstitutsiyasını hazırlamış komisiyyasının sədrinin birinci müavini kimi, Azərbaycan Respublikası Milli Məclisinin ilk sədri kimi, minlərlə mənzilə ehtiyacı olan şəxsləri mənzillə təmin edən şəxs kimi, minlərlə ehtiyacı olan insana toy edən şəxs kimi, əsrin müqaviləsinin danışıqlarını aparan şəxsiyyət kimi, Prezidentinə və dövlətinə qarşı silah qaldırmış qiyamçıların tərkisilah edən şəxsiyyət kimi yaşayacaq…
Eks-spiker Rəsul Quliyevə ən böyük qiyməti Ümummilli lider Heydər Əliyev 11 sentyabr 1996-cı il tarixində keçirilmiş Milli Məclisin növbədənkənar sesiyasında bildirmişdir.
Sitat: “Rəsul Quliyevin istefa ərizəsinə münasibətlə onu bildirmək istəyirəm ki, Rəsul Quliyev 1993-cü ilin iyun ayından Azərbaycanda gedən ictimai-siyasi proseslərlə əlaqədar Azərbaycanın dövlətçiliyinin qorunması və ictimai-siyasi vəziyyətin sabitləşdirilməsi üçün aparılan tədbirlərdə fəal iştirak etmişdir, Milli Məclisin Sədri kimi dövlətin apardığı siyasətdə, hazırladığı və həyata keçirdiyi tədbirlərdə fəal iştirakı olmuşdur. Azərbaycanda qanunvericilik işlərinin təşkil olunması və yaranmasında da çox işlər görmüşdür.
Beləliklə, Rəsul Quliyev bu müddətdə Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsində, Azərbaycanda ictimai-siyasi sabitliyin yaranmasında və Azərbaycanda, bizim daxilimizdə Azərbaycanın sabitliyini pozan qüvvələrin qarşısının alınmasında xidmətlər göstərmişdir. Bu xidmətlərə görə mən Rəsul Quliyevə - o, vəzifəsindən istefa edərkən təşəkkürümü bildirirəm, ona cansağlığı arzu edirəm…”
Adama sual verərlər: Sən kim olursan ki, Ümummilli liderimiz Heydər Əliyevin müsbət qiymət verdiyi, xidmətlərinə görə təşəkkür etdiyi şəxsiyyət haqqında ağlına gələni yox, ağzına gələni yazasan? Sən kim olursan ki, Ümummilli lideri verdiyi qiyməti mübahisələndirəsən?!
Vicdanını və qələmini bu haray-həşirdə itirmiş insanlar qanmaz. Qanmaz və anlamaz ki, Ali rəhbərin təşəkkürünü qazanmaq elə tarixdə qızıl hərflərlə yaşamaq deməkdir!
Allah ağıl və biraz da vicdan versin…"





