Şəhid Asəf Məmmədovun doğum günü ehtiramla qeyd edildi

Bu gün Vətən müharibəsi şəhidi Asəf Mehman oğlu Məmmədovun doğum günü münasibətilə anım tədbiri keçirilib.
AzTimes.az xəbər verir ki, tədbir şəhidin atası Mehman Məmmədovun təşəbbüsü ilə təşkil olunub. Suraxanı rayonunda keçirilən tədbirdə şəhidin ailə üzvləri, iş yoldaşları, şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Asəf Məmmədovun keçdiyi şərəfli ömür yolundan, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıblar. Qeyd olunub ki, Asəf Məmmədov 2020-ci il Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatılıb, Füzuli və Şuşa istiqamətlərində gedən ağır döyüşlərdə böyük şücaət göstərib. O, noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Tədbir iştirakçıları bildiriblər ki, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsi daim xalqımızın qəlbində yaşayacaq. Şəhid Asəf Məmmədovun göstərdiyi igidlik və vətənpərvərlik gənc nəsil üçün örnəkdir.
Anım mərasimində şəhidin xatirəsi ehtiramla yad edilib, onun həyat və döyüş yolundan bəhs edən çıxışlar səsləndirilib, dualar oxunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyev tərəfindən imzalanan sərəncamlara əsasən Asəf Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidlərimizin əziz xatirəsi daim uca tutulur və onların qəhrəmanlığı gələcək nəsillərə örnək olaraq yaşayır.