DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELMƏDDİN VƏKİLOVUN ANIM GÜNÜ QEYD OLUNUB
08-may, 16:50 147 GündəmMayın 8-də Daşkəsən rayon Şəhidlər Xiyabanında keçirilən Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş baş əsgər Vəkilov Elməddin Nizami oğlunun anım mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, Şəhidin yaxınları, hərbçilər, şəhid valideynləri, qazilər, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Şəhidin məzarı ziyarət olunub, güllər düzülüb, dualar oxunub.
Anım mərasimində çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib:
- Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Vətən müharibəsində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, 30 illik işğala birdəfəlik son qoydu. İndi işğaldan azad edilmiş ərazilərdə ən müasir standartlarla bərpa və yenidənqurma işləri görülür.
Vətən müharibəsində Daşkəsənlilər də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, qəhrəmancasına vuruşaraq onlardan 34 nəfər müqəddəs şəhidlik zirvəsinə ucalmışdır. Belə cəsur, qəhrəman döyüşçülərimizdən biri də bu gün ildönümü mərasiminə toplaşdığımız Vətən müharibəsi şəhidi MAXE baş əsgər Vəkilov Elməddin Nizami oğludur.
Şəhid Elməddin Vəkilov torpaqlarımızın azadlığı uğrunda böyük şücaət, hünər göstərərək həlak olmuşdur. Onun əziz xatirəsi bizlərin qəlbində əbədi yaşayacaqdır.
Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə böyük diqqət və qayğı göstərirlər. Bütün Daşkəsənlilər adından dövlət rəhbərimiz, möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya şəhid ailələrimizə və qazilərimizə göstərdikləri diqqət və qayğıya görə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Şəxsən öz adımdan və Daşkəsən rayon ictimaiyyəti adından şəhidimizin anası Nərgiz xanım Vəkilovaya və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Şəhidlərimiz bizim qürur mənbəyimizdir. Allah şəhidimiz Elməddin Vəkilova və bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Şəhidin anası Nərgiz Vəkilova və Bakı şəhərindən gəlmiş Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətovun 83 yaşlı anası Salatın Hümbətova çıxış edərək şəhid ailələrinə hər zaman göstərdikləri diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq bildirərək dualar ediblər.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini