REYTİNQ NAMİNƏ İNSAN DƏRDİNƏ DƏYMƏYİN!
20-avq, 20:06 11 Gündəm / Sosial
Səhərdən bu xəbərlərə baxıram və bu günkü jurnalistika adına, açığı, xəcalət çəkirəm.
Tanıdığım, universitetdə qrup yoldaşım olmuş aparıcı Kamilə Babayevanın anasının vəfatı ilə bağlı yayılan bəzi başlıqlar nəinki jurnalistika prinsiplərinə, heç insanlığa da sığmır. “Filan ünvanda aşkarlanan tənha qadın meyiti tanınmış aparıcının anası imiş” tipli başlıqlar yazmaq hansı jurnalistika meyarına uyğundur? Üstəlik, şərhlərdə insanların ağlına və ağzına gələni yazması...
Mən Kamilənin anasını şəxsən tanıyırdım. Çox gözəl, ziyalı, mədəni bir qadın idi. Muzeydə çalışırdı. Əslən Bakının Balaxanı kəndindən idi. Kamilənin atası isə o hələ 5 yaşında olarkən avtomobil qəzasında dünyasını dəyişmişdi. Anası gənc yaşında tək qalmış, bir daha ailə qurmamış, bütün həyatını qızını böyütməyə həsr etmişdi.
Ana-bala bir-birinə çox bağlı idi. Kamilə də övlad kimi həmişə anasına dayaq olub. Hələ tələbəlik illərindən işləyib, anasına dəstək verib. Anasına biganə olan bir övlad olmayıb.
Və ən əsası: bu qadın xəstə yatağında deyildi. Yataq xəstəsi deyildi. Ürəyinin qəfil dayanması nəticəsində dünyasını dəyişib. Bəli, müəyyən yaşdan sonra insanın təzyiq problemi, ürək problemi ola bilər. Bu, həyatın öz reallığıdır.
Ana öz evində, Kamilə isə öz evində yaşayırdı. Kamilə hər gün anasına baş çəkirmiş. Hər insanın hər an anasının yanında olması mümkündürmü? Guya bütün övladlar gecə-gündüz yaşlı valideynləri ilə eyni evdə yaşayırlar?
Sabah mənim də övladlarım ayrı evdə yaşasa, mən də qəfil yıxılıb dünyamı dəyişsəm, bu, avtomatik olaraq “baxımsızlıqdan öldü” demək olacaq?
Ayıbdır!
İnsanların ən ağır gününü reytinq naminə sensasiyaya çevirməyin. Hər xəbərin arxasında bir ailə, bir ömür, bir ana, bir övlad var.
İmkan verin insanlar dərdlərini çəksinlər. İmkan verin Kamilə anasının itkisini sakitcə yaşasın. Onsuz da ana itkisi insanın həyatında ən ağır yaralardan biridir.
Kamilə, sənə səbir diləyirəm. Ananı yaxşı tanıyırdım. Həqiqətən çox əqidəli, gözəl, ziyalı və ləyaqətli qadın idi.
Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun.
Şəfəq Ağacan





