28 May – Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir
28-may, 12:49 195 Gündəm / SiyasətYüz beş il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən - Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.
Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.
Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramı-mızdır”.Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Xalqımız Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü bu il də milli bayram kimi qeyd edir.
Bu gün xalqımız Azərbaycan dövlətinin müstəqilliyinin elan edilməsinin 105-cu ildönümünü qeyd edir. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası ölkənin dövlət müstəqilliyi haqqında "İstiqlal Bəyannaməsi" qəbul etdi. 24 səslə qəbul olunan qərar və 6 bənddən ibarət Bəyannamə Azərbaycan xalqının varlığını dünyaya yaydı. Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı göstərilmiş, onun hakimiyyətinin şamil olduğu ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin, dövlətin əsas prinsipləri öz əksini tapmışdır. "İstiqlal Bəyannaməsi"ndə demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa məxsus olması, vətəndaşların mülki və siyasi hüquqlarının təminatı, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi və cinsi mənsubiyyətindən asılı olmayaraq, azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi prinsiplərinin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi.
Milli Şura Azərbaycan hökumətinin təşkilini bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. İlk hökuməti "Müsavat", Müsəlman Sosialist Bloku, "Hümmət", "İttihad" və bitərəflərdən ibarət 9 nazir təmsil edirdi. Bu dövrdə Azərbaycan Milli Şurasının və hökumətin Gəncəyə köçməsi ilə əlaqədar müxtəlif qüvvələr arasında mübarizə kəskinləşirdi. Milli Şuradan kənarda qalan burjua-mülkədar dairələrinin mürtəce hissəsi Türkiyənin Azərbaycanda olan ordusunun başçısı Nuru Paşa vasitəsilə Milli Şuranı hakimiyyətdən uzaqlaşdırmağa cəhd etdilər. Mövcud siyasi böhranı aradan qaldırmaq üçün tərəflər arasında güzəştli bir qərar qəbul olundu: Milli Şura buraxılır, ali qanunverici və icraedici hakimiyyət F.Xoyski kabinetinin əlində cəmləşir. İyunun 17-də Gəncədə Fətəli xanın rəhbərlik etdiyi II hökumət təşkil olunur. İyunun 19-da isə Azərbaycanda yaranmış gərgin vəziyyət nəzərə alınaraq, bütün ölkə ərazisində hərbi vəziyyət elan edilir. İyunun 26-da Azərbaycan Milli Ordusunun yaradılması haqqında fərman verilir.
Osmanlıların 5-ci piyada diviziyası və general Ə.Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu əsasında Qafqaz-İslam Ordusu yaradılır. Nuru Paşanın rəhbərlik etdiyi bu orduya türklərdən, azərbaycanlılardan ibarət 18 min əsgər və zabit daxil idi.
Nəhayət, Qafqaz-İslam Ordusu vasitəsilə Azərbaycan hökuməti öz hakimiyyətini tezliklə yaya bilir, ucqarlarda dövlət orqanları yaratmağa başlayır. Lakin bu zaman Bakı Xalq Komissarları Sovetinin liderləri Xalq Cümhuriyyətini iyunun 10-da boğmaq üçün yollar arayırdılar. Gəncə istiqamətində yürüşlər başlandı. İyunun 12-də Kürdə respublika üsul - idarəsi seçildi. Azərbaycan xalqı özü öz dövlətçiliyini qurmaq əzmində olduğunu bildirdi. Çox təəssüf ki, tarix bu respublikaya cəmi 23 ay vaxt verdi. Amma həmin dövrdə Azərbaycan oğulları çox mühüm işlər görə bildilər. Beynəlxalq aləmə Azərbaycan Demokratik Cümhuriyyəti haqqında məlumat verdilər, dövlətçiliyin əsasını qoydular, Azərbaycan tarixini bərpa etmək istiqamətində böyük addımlar atdılar. Qonşu dövlətlərlə münasibəti qaydaya salmaq istiqamətində müəyyən işlər gördülər. Ermənilərin Azərbaycan torpağına iddialarına qəti və prinsipial cavab verdilər. Sonradan uzun illər bu dövr unudulsa da, ancaq 1988-ci ildən başlayaraq, Azərbaycan cəmiyyəti cümhuriyyət dövrünə diqqət etməyə və həmin dövrü dərindən öyrənməyə başladı. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra isə həmin dövr daha dərin öyrənilməyə başlandı. Heç də təsadüfi deyil ki, hazırda respublikamız 1918-1920 illərdəki xalq cümhuriyyətinin varisi sayılır. Azərbaycan ziyalıları həmin dövrdə atalarının başladığı işləri daha layaqətlə davam etdirməyə çalışırlar. Bu gün hər bir kəs şərəflə deyə bilər ki, mənim çox zəngin keçmişim var, bu gün də həmin keçmişin əsasları üzərində qurularaq, Azərbaycan xalqının layiq olduğu bir dövlət qurulub.
Asif Kalbalıyev
Azərbaycan Respublikasının Əməkdar həkimi
AS-EL klinikasının baş həkimi
Hazırladı: Mehman Quliyev
"Ölkə Yenilikləri" qəzetinin təsisçisi