Xalqımızın müstəqillik arzusunu ulu öndər Heydər Əliyev gerçəkləşdirdi

1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın tarixində mühüm bir hadisə idi. Belə ki, əsrlərboyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, öz müstəqil dövlətinə sahib oldu.
Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu bildirmişlər. Bu baxımdan, ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və adı çəkilən sərəncamlar Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin bariz nümunəsidir. Bununla yanaşı, Azərbaycan dövləti və xalqının dünya miqyasında baş vermiş tarixi hadisənin – Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə böyük hörmətlə yanaşdığını, Bakının mərkəzində Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldıldığını demişdir: “Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, bizim xalqımız bu respublikanı yaradıb. Bu, tarixi hadisədir, xalqımız üçün və dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqını müstəqilliyə qovuşurdu”.
104-cü ildir ki, xalqımız tərəfindən təntənəli şəkildə qeyd olunan 28 May - Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gün kimi tariximizə düşmüşdür. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdı.1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, həmçinin bayrağı, himni və gerbi təsis edildi, ana dili dövlət dili elan edildi. Qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, Azərbaycanın ilk universiteti təsis olundu. Xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək bərabərsizliyi ortadan qaldırdı. Hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin mahiyyətini əyani şəkildə səciyyələndirir.
İlk cümhuriyyətimizin yarandığı dövr tarixin keçməkeşli anına təsadüf edir. Müxtəlif maraqlarla ölkəyə yürüş edən xarici hərbi qüvvələrin çoxsaylı təzyiqləri nəticəsində gənc dövlətin parlamenti 1920-ci il aprelin 27-də hökuməti təhvil verdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq şərəfli ömrünə son qoyuldu.
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Ruhu azad olan bir milləti heç kəs köləlikdə saxlaya bilməz. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri və himni bərpa olundu.
1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinəşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu.
Müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir deyən ulu öndər Heydər Əliyevin gərgin əməyi və mübarizəsi sayəsində əsrin sonunda Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün oldu. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlandı. Uzaqgörən liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Milli Ordu formalaşdırıldı, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin mayında həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
Həmçinin beynəlxalq aləmdə Azərbaycana qarşı artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyev tərəfindən hazırlanmış müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının parlaq təzahürüdür. Cümhuriyyətin adının özünə qaytarılması da ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər dəfələrlə bildirmişdir ki, “Biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. İlk demokratik cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır”.
Bu gün ulu öndər ideyaları onun layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalaması, 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi onun milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir. Cənab Prezidentin tarixi keçmişimizə, varisi olduğumuz Xalq Cümhuriyyətinə bu qədər önəm verməsi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.
Ölkə başçısı cənab İlham Əliyev və birinci vitse prezident Mehriban xanım Əliyevanın birgə gərgin əməyi nəticəsində sürətlə dəyişən çağdaş dünyada bütün beynəlxalq görüşlərdə və aparılan yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafeləri uğurla müdafiə edilir. Məhz dünyanı bürüyən COVID-19 pandemiyasının ölkəmizə minimum təsir göstərməsi və ölkə vətəndaşlarına bu çətin dövrdə dövlətin göstərdiyi xüsusi diqqət və qayğı cənab Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.
Sevindirici haldır ki, artıq müstəqil dövlətimiz bir çox mötəbər,beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu isə ölkəmizin dünyada artan nüfuzundan və ona olan dərin inamdan xəbər verir. Azərbaycan təkcə regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji əməkdaş kimi tanınır. Fərəhli haldır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümünü xalqımız qürur və sevinc hissi ilə qarşılayır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun düşmənə qarşı 27 sentyabr 2020-ci il tarixdən başlayaraq cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı Ermənistan ordusu üzərində şanlı qələbəsi ilə dövlətimizin ərazi bütövlüyü bərpa edilmişdir. Bu isə dövlət müstəqilliyimizin ildən- ilə möhkəmləndiyini qüdrətinin dahada artdığını göstərir. Bir daha bütün bunlar əminliklə söyləməyə əsas verirki müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır.
Əziz həmvətənlilərim 28 May Respublika gününüz mübarək!

Üzeyir İsmayılov
Vətənpərvər insan