Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən zəfər tarixi
17-iyn, 10:31 132 Gündəm / SiyasətTariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunu onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Çünki, Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş, Azərbaycanın xilas tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan - Ulu öndər Heydər Əliyevdir.
Ulu öndər Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətlərindən danışarkən, ilk növbədə, kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Onun Azərbaycan dövlətçiliyini xilas etməsini, Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtarmasını qeyd etmək vacibdir. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluşu deməkdir!
Azərbaycan cəmiyyətinin vahidliyinin, bütövlüyünün təmin olunmasını da Özünün strateji vəzifəsi sayan Ümummilli lider Heydər Əliyev, eyni zamanda, ölkəmizin regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməmişdir. Ümumiyyətlə, siyasi liderin gücü və qüdrəti onun elan etdiyi məqsəd və vəzifələrin, ideoloji prinsiplərin cəlbediciliyi ilə deyil, ilk növbədə, qarşıya qoyduğu vəzifələri real həyatda tətbiq imkanları ilə ölçülür. Bu mənada əminliklə demək olar ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin təkmil ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasi kurs bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsipinə söykənir.
Məhz Ulu öndərin qətiyyəti sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı, Onun apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas oldu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı. Heydər Əliyev Öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi sübut etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.
Bir sözlə, Milli Qurtuluş Azərbaycan xalqının xaosdan, özbaşınalıqdan qurtarması, milli dövlətçiliyimizin xilası deməkdir. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Ümummilli liderimiz Heydər Əliyevin Öz xalqının iradəsinə tabe olaraq, ölkə rəhbərliyinə qayıtması, əslində, Onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatını, qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı qəlbinin hökmü ilə Öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib meydana atılan geniş ürəkli vətən oğlunun xalqı, Vətəni qarşısında misilsiz fədakarlığı idi. Ulu öndər Heydər Əliyev Azərbaycan üçün, xalqımız üçün çox işlər gördü. Son dərəcə mürəkkəb bir şəraitdə siyasi hakimiyyətə gələn Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı əmin-amanlığın hökm sürdüyü, demokratik təsisatların fəaliyyəti üçün geniş şərait yaradıldığı bir ölkəyə, hərtərəfli əməkdaşlığa hazır olan bir tərəfdaşa çevirdi. Ulu öndər Azərbaycanı dünyaya tanıtdı. Ona görə də Azərbaycan xalqı öz xilaskarını sevir və Onun ruhu qarşısında baş əyir. Nə qədər ki, Azərbaycan xalqı və dövləti var, Ulu öndərimiz Heydər Əliyev də yaşayacaq. Onun qurub-yaratdığı müstəqil Azərbaycan dövləti dünya birliyində öz layiqli yerini tutmaqda davam edəcək.
Beləliklə, 1993-cü ilin iyunundan sonra ölkədə yaranan sabitlik, cəbhədə əldə olunan atəşkəs respublikanın inkişaf kursunu müəyyən etdi. Yaradılan sabitlikdən istifadə edən xarici sərmayədarlar Azərbaycana gəlib müxtəlif sahələrə sərmayə qoymağa başladılar. Elə bu andan başlanan inkişaf “Əsrin müqaviləsi”ni imzalanmasına gətirib çıxardı. Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini dahiyanə düşüncələri və zəngin dövlətçilik təcrübəsinə əsasən xalqa çatdıran Ümummilli lider əsas vəzifə kimi respublikada dövlət quruculuğuna diqqət yetirdi, dünya sivilizasiyasına daxil olmağın yollarını müəyyənləşdirdi, prioritetləri qarşıya qoydu. Müstəqillik əldə etdikdən sonra öz sərvətlərinin tam sahibi olan Azərbaycan xalqının gələcəyini düşünən və ölkənin iqtisadi inkişafı üçün ən səmərəli yollar axtaran Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin əsasında neft amilindən istifadə etməklə Azərbaycanın dünya iqtisadi bazarına inteqrasiyası kimi önəmli məsələ dayanırdı. Neft strategiyasını müəyyənləşdirməklə Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcı qoyuldu. 1994-cü ildən Azərbaycan özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən asılıdır. Artıq qeyd etdiyimiz kimi, bu gün dünya “Cənub Qaz Dəhlizi”nin perspektivlərindən danışır. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin reallığa çevrilməsi ilə Azərbaycan dünya enerji bazarına yollarını daha da genişləndirdi, çoxtərəfli əməkdaşlığın qurulması üçün imkanlar yarandı. Bu gün Azərbaycanın beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınması və nüfuz qazanması, təbii ki, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinin nəticəsidir.
Böyük inkişafa qədəm qoyan ölkəmiz həmçinin dünya dövlətləri ilə bir sırada beynəlxalq təşkilatlara üzv qəbul olundu. Üçrəngli bayrağımız beynəlxalq təşkilatların mənzil qərargahlarının üzərində dalğalandı. Bu, bir xalqın, bir dövlətin məhz Heydər Əliyev zəhməti ilə başa gələn qələbəsi idi. Bu qələbənin əsası məhz 15 iyunda qoyulmuşdu. Artıq respublikamız müstəqillik yolunda mətinliklə irəliləyir, qazandığı uğurlarla qüdrətli, aparıcı bir dövlətə çevrilir.
Beləliklə, Ulu öndər Heydər Əliyev dünyaya sübut etdi ki, Azərbaycanın qədim dövlətçilik ənənəsi var. Həmin ənənəni bu gün layaqətlə davam etdirən, Heydər Əliyev kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk vaxtlardan ölkənin inkişafı üçün mühüm Fərman və sərəncamlar verib. Aparılan siyasi kursun doğruluğunu sübut etmək üçün son vaxtlar görülən quruculuq işlərinə, qazanılan uğurlara, əldə olunan nailiyyətlərə diqqət yetirmək kifayətdir. Həqiqətən də, Azərbaycan Respublikası bu gün böyük dövlətlər üçün önəmli bir tərəfdaşa çevrilib. İqtisadi, siyasi sahədə aparıcı bir dövlətə çevrilən Azərbaycan öz müstəqilliyi yolunda mətin addımlarla addımlayır.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, Ümummilli lider Heydər Əliyevin qurucusu və banisi olduğu Yeni Azərbaycan Partiyasının (YAP) proqramında təsbit etdiyi, həm də dövlətimizin təməl prinsiplərindən biri varislikdir. Varislik Azərbaycan xalqının əvvəlki tarixi dövrlərdə əldə etdiyi nailiyyətləri öyrənmək, prinsipial olaraq əldə edilənləri gələcək nəsillərə ötürməkdir. Bu gün Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevdir. Və cənab İlham Əliyevin hələ 2003-cü ildə Prezident kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi heç də təsadüfi deyil. Ölkə başçısının Ümummilli lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir. Ənənəyə sadiq qalaraq, yeni iş yerləri açılır, əhalinin sosial rifahı yüksəlir, dövlət büdcəsinin gəlirləri artır, Azərbaycan idxal edən ölkədən ixrac edən ölkəyə çevrilir. Regionların inkişafı və durmadan aparılan abadlıq və yenidənqurma işləri, təhsil sistemindəki islahatlar və qazanılan uğurlar, neft bazarındakı üstün mövqe, səhiyyə sisteminin müasir standartlara cavab verməsi, turizmin və idmanın inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticələridir.
Bu il Azərbaycan dövlət müstəqilliyinin bərpa olunmasının 30 illiyini qeyd edir. Möhtərəm Prezidentimiz İlham Əliyev çıxışlarında müstəqillik mövzusunun daim gündəlikdə olmasının vacibliyini önə çəkərək tarixi paralellərin aparılmasını bir zərurət kimi irəli sürür. Təbii ki, tarixi paralellər aparıldıqda Azərbaycanın müstəqillik tarixində hansı çətinliklərlə üzləşdiyinin və onların necə dəf olunduğunun şahidi olarıq. Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə bu günü müqayisə etdikdə müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisinin reallıqda öz əksini tapdığı təsdiqlənir. Bu gün Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirib, ikitərəfli və çoxtərəfli çərçivələrdə əlaqələri inkişaf etdirməklə dünya birliyinin layiqli üzvünə çevrilib. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu uğurlar göydəndüşmə deyil, böyük səylərin və qətiyyətin nəticəsidir.
Prezident İlham Əliyev 1993-cü il iyunun 15-də müstəqil dövlətimizin tarixinin yeni səhifəsi açıldığını qeyd edərək bugünkü Azərbaycanı həmin dövrün Azərbaycanı ilə müqayisə edərək bildirmişdir: “O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt ölkə iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın lideri Heydər Əliyev olmuşdur. Onun zəhmətidir, Onun əməyidir və xalqla birlikdə bu gün biz Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk”.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplərlə gündən-günə inkişaf edən zəngin və qüdrətli Azərbaycanın fonunda tam məsuliyyətlə demək mümkündür ki, müasir dövlətimizin qurucusu, Ümummilli lider Heydər Əliyev bu gün də bizimlədir, daim Onu sevən qədirbilən xalqımızın qəlbindədir.
MirQəfər Qafarov
Salyan Rayon Mərkəzi Xəstəxanasının həkim-cərrahı