Azərbaycan ordusu-105 il.
26-iyn, 09:59 121 Gündəmİlk dəfə 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılmışdı. Bu qərar Şərq-müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas vermişdir [2].
Geostrateji mövqeyinə görə, böyük dövlətlərin maraqlarının kəsişdiyi Azərbaycanda Demokratik Respublikanın yarandığı gündən, dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atılmışdır. 1918-ci il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”-ndə qeyd edilmişdir ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır.
Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürülmüşdü. Dövlət büdcəsinin iyirmi dörd faizinin hərbi məqsədlər üçün ayrılması nəzərdə tutulmuşdu. Avqustun 1-də isə Hərb Nazirliyi təsis olunmuşdu. Azərbaycanın ilk hərbi naziri Xosrov bəy Sultanov, sonra general Səməd bəy Mehmandarov olmuş, general-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edilmişdi.
Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilmişdir.
İlk Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etmişdir. Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərmiş, Qazaxda Azərbaycan sərhədlini pozmuş erməni nizami ordu hissələrini darmadağın etmişdilər. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları olmuş, Azərbaycan ordusunun tarixində adlarını tarixə qızıl hərflərlə yazmışlar. AXC süqut etdikdən sonra bolşevik sovet hökuməti Milli Ordunun varlığını böyük təhlükə kimi görmüş və ordumuz ləğv etmişdir.
Həmin Milli Ordunun rəhbərlərinin çoxu Çar Rusiyasının Azərbaycan ordusunu məhv etmək məqsədinə müvafiq olaraq Nargin adasına aparılıb güllələnmişlər. Bununla da Azərbaycan dövlətinin ordu quruculuğu siyasətinə ağır zərbə vurulmuşdur. Məlum məsələdir ki, hər bir sahədə, eləcə də ordu quruculuğunda kadrların yetişdirilməsi uzun zamanlı prosesdir.
Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər görüntü olaraq hərbi xidmətə çağırılmış, lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında, hərbi yeməkxanalarda, ümumiyyətlə, arxa xidmətdə fəaliyyətə cəlb edilmişlər.
Bunda da əsas məqsəd azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək olmuşdur. Bu məkrli siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, ilk növbədə, hərb sənətini inkişaf etdirmək məqsədilə 1971-ci il iyunun 20-də rus hökumətinin və ermənilərin ciddi maneələrinə baxmayaraq, Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etdi. Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu olmuşdur. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci və İkinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən aktual məsələsinə çevrilmişdi. 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o dövrün Respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Ermənistanın gündən-günə genişlənməkdə olan hərbi təcavüzü Milli Ordunun yaradılması işini sürətləndirməyi tələb edirdi, lakin ilk vaxtlar yaradılmış hərbi hissələr müxtəlif siyasi qüvvələrin əlində alətə çevrilmişdi, nizamsız şəkildə fəaliyyət göstərirdi.
Ordu quruculuğuna, ciddi şəkildə 1993-cü ildən başlandı. Həmin vaxtdan etibarən ölkədəki bütün silahlı qüvvələr dövlətin nəzarətinə keçdi, mərkəzləşdirildi. Qısa müddətdə Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi. Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və silah- sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı, lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki müqaviməti ilə qarşılaşan və Azərbaycan əsgərinin qəhrəmanlığının şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq verdi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı.
Ölkə Prezidentinin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidenti Ali Baş Komandan Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, həmin fərman qüvvədən düşürülmüş və Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı- Əlahiddə Azərbaycan Korpusunun yarandığı 26 iyun tarixi Azərbaycan Silahlı Qüvvələri Günü elan edildi [1] və hər il bu tarix dövlət bayramı kimi qeyd edilir.
Hazırda Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.
Bu ordu işğal olunmuş əraziləri düşməndən azad etməli, ölkənin ərazi bütövlüyünü, Milli Müstəqilliyimizi qorumalıdır. Ordumuzla fəxr edirik. Ordumuza güvənirik. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu!
Azərbaycan Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır. Silahlı qüvvələrin bütün əməkdaşlarını təbrik edir, gərgin və məsuliyyətli işlərində, xidmətlərində müvəffəqiyyətlər arzu edirik.
Qaynaqlar:
1. “Azərbaycan Respublikası Prezidentinin Fərmanı”. 2013-12-13.İstifadə tarixi: 2020-09-23.
2. “День вооруженных сил Азербайджана (rus.)”. 2015-12-09 İstifadə tarixi: 2023-20-06.
3. “Azərbaycan Silahlı Qüvvələri Günü”. 2010-06-27. İstifadə tarixi: 2023-06-20.
Prof. Həcər Hüseynova
ADPU, Filologiya; MMU, HETİ, Humanitar şöbə.
Dos.Yeganə Əliyeva
MMU, HETİ, Humanitar şöbə.