İlahiyyatçı-alim: “İslam adı gələndə “ərəbin dini” deyərək ağız büzürlər”


Müsəlman aləmində Qurban bayramı zamanı qurbanı kimsə kef və əyləncə üçün kəsmir. Bu bayramda istehlak üçün nəzərdə tutulan, qida tələbatımızı ödəyən, özü də nəsil artımı amili nəzərə alınaraq yalnız erkək heyvanlar qurban kəsilir. Bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvan ətini imkansız bəndələrlə bölüşmək, onları sevindirməkdir.
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində xüsusi qeyd olunur. Bu bayram hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır, bir neçə gün davam edir. 1992-ci ildən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində qeyd olunur.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti Elvüsal Məmmədov “Kaspi” qəzetinə bildirib ki, Qurban bayramı Azərbaycan xalqının kimliyinin formalaşmasında rol oynayan islam bayramıdır. Onun sözlərinə görə, mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edir.

Mütərəqqi islam dəyərləri və ənənələri
Alim vurğulayıb ki, həmin gün müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, Uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər: “Azərbaycan xalqı tarixən islamla iç-içə olub, bütün ədəbi, elmi, tarixi uğurlarında islamın xeyir-duasını alıb. İslam Azərbaycan üçün özünü isbatlamış dindir, təcrübədir. Xalqımız islamın bayramlarını sevə-sevə, özününkü bilərək qeyd edir. Humanizm və ümumbəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynayıb. Ona görə də islam dəyərləri Azərbaycanda həmişə uca tutulur. Qurban bayramı azərbaycanlılar üçün sosial həmrəylik, bütünləşmə deməkdir. Cəmiyyətin ayrı-ayrı qruplarının təbəqələrinin bir-birinə etimadının möhkəmlənməsində, bir-biri ilə iç-içə olmasında bu bayramın əvəzsiz rolu var. Bu bayram gəldikdə, insanlar qurban kəsdikdə, əbəs yerə deyil ki, qohum-qonşu bir araya gəlir, görüşür. Qloballaşma dövründə, qohumluq, qonşuluq münasibətlərinin zəiflədiyi bir vaxtda insanları bir araya gətirən Qurban bayramı dəyərlərimizi bir daha yadımıza salır, bizləri o dəyərlərə qovuşdurur. Bu bayram Azərbaycanda milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsi kimi qeyd olunur. Ölkənin hər yerində Allahın adına qurbanlar kəsilir, əmin-amanlıq və bərəkət üçün dualar edilir. Bununla yanaşı, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ölməz xatirəsi ehtiramla yad olunur, xeyriyyəçilik işləri görülür”.

Qurban kəsmək kimlərə vacibdir?
E.Məmmədov söyləyib ki, Azərbaycan xalqının mütləq əksəriyyəti islama etiqad bəslədiyi üçün bu bayramda qurban kəsmək xəlqiləşib: “İslam qurban kəsməyə çağırış edir. Biz islam dininə etiqad göstərir, onun göstərişlərinə əməl edirik. Qurban kəsmək ilk növbədə müsəlman olmağın göstəricisidir. Bununla belə, qurban kəsmək heç də bütün müsəlmanlara vacib deyil. Hansı müsəlmanın imkanı buna çatırsa, borc içində deyilsə, gündəlik tələbatını ödəməklə yanaşı, kənarda əlavə pul toplamaq imkanı varsa, qurban kəsmək belələrinin gündəlik, aylıq yaşayışına təsir göstərmirsə, onların qurban kəsməsi bəyəniləndir, Peyğəmbərin qoyduğu yolla getməkdir (sünnətdir). Borcu olan, gündəlik və illik ehtiyaclarını ödəyə bilməyən insanlar qurban kəsməkdən azaddırlar. Peyğəmbərimiz də imkanı yetən şəxslərin qurban kəsməsindən söz açıb. Ola bilər ki, gündəlik qazancı, gəliri olan bir müsəlmanın kiməsə borcu vardır. Əgər qurban kəsmək onun borcu qaytarmasına, dolanışığına mane yaratmayacaqsa, maliyyə çətinliyi doğurmayacaqsa, qurban kəsə bilər”.

Qurban bayramında niyyət
Alim deyib ki, hər bir müsəlman İsmayıl qurbanı kəsərkən niyyət etməli, qurbanı qarşılıqlı maraq güdmədən, Allah yolunda kəsdiyini bəyan etməlidir. Həmsöhbətimizin fikrincə, qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri də din, məzhəb ayrı-seçkiliyinə yol verilməməsidir: “Qurbanda kəsilən heyvanlarla bağlı bir sıra şərtlər vacibdir. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud dəvə ola bilər. Qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı bir yaşına qədər heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır. Qurban kəsən şəxs qurbanlıq heyvanın ətinin hamısını özündə saxlaya, yaxud üç hissəyə bölüb bir hissəsini özündə saxlaya, digər iki hissədən bir hissəni qohumlarına, ikinci hissəni kasıblara, imkansızlara paylaya bilər. Bu işdə qurban kəsən şəxslərə sərbəstlik verilib”.

Günah anlayışını insan təsis etmir
Bəzən heyvansevərlərin Qurban bayramında kütləvi heyvan kəsilməsinə etiraz etmələrinə, onlar tərəfindən bunun günah, qəddarlıq sayılmasına münasibət bildirən dosent E.Məmmədov söyləyib ki, günah anlayışını insanlar deyil, Allah təsis edir: “Uca Allah buyurur ki, Qurban bayramında qurban kəsin. Əgər günah olsaydı, Allah bunu biz müsəlmanlara buyurmazdı. Günah anlayışını insan təsis etmir ki, nəyin günah olduğunu da müəyyənləşdirsin. Digər tərəfdən, bu iddianı səsləndirənlərin əhəmiyyətli hissəsi səmimi deyil, qərəzlidirlər, islam adı gələndə “ərəbin dini” deyərək ağız büzənlərdir. Əgər səmimi olsaydılar, digər restoran şəbəkələrində hər gün kəsilən milyonlarla toyuq, Yeni il bayramı yaxınlaşdıqda boğazı üzülən hindtoyuqları, müxtəlif elmi-tədqiqat institutlarında eksperiment vasitəsi seçilən heyvanlar və sair üçün narahatlıq ifadə edərdilər, yazılar yazar, dinc nümayişlər keçirərdilər. Heç birini etmirlər, çünki, dediyim kimi səmimi deyillər. Məsələnin hüquqi-mülkiyyət tərəfi də var. Qurbanlıqlar əhliləşdirilmiş heyvanlardan seçilir və biz bu heyvanları küçədən, meşədən tapmırıq. Onları ya özümüz yetişdirir, ya da satın alırıq. Mülkiyyətçi öz mülkiyyətindən istifadə haqqına sahib deyilmi?! Yəni, insanların bəsləyib böyütdüyü, sayını hədsiz artırdığı xırda və iribuynuzlu heyvanlar qida tələbatını ödəmək, istehlak üçün nəzərdə tutulub”.

Qurbankəsmə zülm deyildir
Alim qeyd edib ki, müsəlman aləmində Qurban bayramı zamanı qurbanı kimsə kef və əyləncə üçün kəsmir: “Bu məsələni bir sıra Avropa ölkələrində olduğu kimi, hansısa məqsədlər naminə delfinlərin öldürülməsi, bahalı, xəz dərili isti geyimlər hazırlamaq, zövqlü görünmək üçün bəzi heyvanları ovlamaqla eyniləşdirməli deyilik. Qurban bayramında biz istehlak üçün nəzərdə tutulan, qida tələbatımızı ödəyən, özü də nəsil artımı amili nəzərə alınaraq yalnız erkək cinsli heyvanları qurban kəsirik. Qurbankəsmə zülm deyildir, zülm həddindən artıq istehsal və istehlakdır, səbəbsiz yerə, daha çox qazanmaq üçün onlara əziyyətdir, onları tələf etməkdir. Bir sözlə, bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvan ətini imkansız bəndələrlə bölüşmək, onları sevindirməkdir. Bu ayinin əsasında xeyirxahlıq, paklıq, Allaha inam və sevgi dayanır”