Bakıda zibil qutusuna atılan 10 günlük körpə hansı xəstəxanaya yerləşdirilib? - YENİLƏNİB

Bakıda küçəyə atılan 10-15 günlük uşağın yerləşdirildiyi xəstəxana məlum olub. 
Oxu.Az-ın əldə etdiyi məlumata görə, körpə Kliniki Tibbi Mərkəzin nəzdində olan Ə.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdirilib.
10:12
Daxili İşlər Nazirliyi Bakıda küçəyə atılan 10-15 günlük körpə barədə açıqlama verib.
DİN Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ötən gün Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub:

“Dərhal şöbənin əməkdaşları tərəfindən uşaq həmin yerdən götürülərək tibb müəssisəsinə yerləşdirilib. Körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib. Hazırda həmin şəxs barəsində toplanmış materiala hüquqi qiymət verilməsi üçün iş Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Araşdırmalar davam edir”.
09:29
Bakıda 10-15 günlük küçəyə atılan uşaq barədə bəzi detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, uşağı Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri Q.Vəzirov küçəsində məişət tullantıları qutusunun birindən tapıb və polisə məlumat veriblər. 
Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib.
Uşaq Nəsimi rayonu 1 saylı uşaq poliklinikasına müvəqqəti yerləşdirilib.
Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusuna atıb. Baş verən hadisə ərazidəki müşahidə kameralarına əks olunub.
09:08
Bakıda 10-15 günlük körpə küçəyə atılıb.
APA xəbər verir ki, Sabunçu rayonu, Əlimərdan bəy Topçubaşov küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətdə uşaq aşkar edilib.
Uşaq hazırda körpələr evinə yerləşdirilib.
Körpənin valideynlərinin aşkar edilərək müəyyən olunması istiqamətində araşdırma aparılır.
İlhamə Əbülfət