“Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunub
23-avq, 10:52 114 Gündəm / Bölgə“Report”un Laçına ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu gün məntəqədən növbəti dəfə 100-ə yaxın şəxs Ermənistan istiqamətinə sərbəst şəkildə keçid edib.
Onların arasında erməniəsilli şəxslərlə yanaşı, Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlar da var.
Belə ki, əvvəlcə həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.
Bununla da son üç gün ərzində “Laçın” sərhəd-buraxılış məntəqəsində 200-dən çox insanın sərbəst keçidinə şərait yaradılıb.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmadığını göstərir.
Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.