Azərbaycanlı hərbçi-alim Rusiya Cərrahlarının Qurultayında xüsusi hesabatla çıxış edib


ktyabrın 24-dən 26-dək Moskvada Rusiya Cərrahlarının XV Qurultayı və Moskva Cərrahlarının IX Konqresi keçirilir.
Burada ümumi cərahiyyənin müxtəlif sahələri üzrə mütəxəssislər iştirak edirlər.
Tədbirin ikinci günündə, oktyabrın 25-də “Hərbi-səhra cərahiyyəsi: Ekstremal şəraitdə iş” bölməsində Azərbaycan Hərbi Cərrahlar Cəmiyyətinin təsisçisi, ehtiyatda olan hərbi tibbi xidmət polkovniki, hazırda mülki tibb sahəsində çalışan professor həkim Kənan Yusif-zadə “Hərbi münaqişə şəraitində hərbi səhra hospitalında müxtəlif xəsarətlərin müalicəsinin təşkili” mövzusunda xüsusi hesabatla çıxış edib. Hesabat İkinci Qarabağ müharibəsi dövrünü əhatə edib.
Həmyerlimiz çıxışı zamanı 44 günlük müharibə zamanı şəxsi heyət arasında müşahidə olunan xəsarətlər arasında müxtəlif növ PUA-ların tətbiqi nəticəsində meydana gələn xəsarətlərin üstünlük təşkil etdiyini qeyd edib. O, bildirib ki, azərbaycanlı hərbi həkimlər həmin günlərdə müasir çağırışların öhdəsindən müvəffəqiyyətlə gəliblər.
K.Yusif-zadənin təqdimatı rusiyalı cərrahlar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, K.Yusif-zadə Moskvaya Qurultayın sədri, Rusiya Elmlər Akademiyasının üzvü, akademik, tibb elmləri doktoru, Rusiya Cərrahları Cəmiyyətinin rəhbəri A.V.Şabunin tərəfindən dəvət olunub.