Hərbçilərin mübadiləsi: Tərəflərin sülhə real töhfəsi - ŞƏRH + FOTO

Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaranması məqsədi ilə vacib humanitar addım atılıb. Azərbaycanın iki əsirinin Ermənistanın 32 hərbçisi ilə mübadiləsi prosesi uğurla başa çatıb.
Əvvəllər də Ermənistanla Azərbaycan arasında meyitlərin, girov və əsirlərin mübadiləsi həyata keçirilib, bu istiqamətdə danışıqlar olub. Həmin illərdə Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı qruplaşmaların girov götürdüyü şəxslərin, yaxud onların qətlə yetirdiyi azərbaycanlıların nəşinin geri qaytarılması prosesi baş verib. Həmin ərəfədə beynəlxalq ictimaiyyət, münaqişənin həllində heç bir faydası olmayan ATƏT-in keçmiş Minsk qrupu, onun həmsədrləri regiona səfər edir, tərəfləri atəşkəsə riayət etməyə çağırırdılar. Bu proses düz 30 il ərzində davam edib.
Ümumiyyətlə, əsir və girovların mübadiləsi o zaman da alqışlanırdı, lakin indiki qədər regional və qlobal miqyasda dəyərləndirilmirdi. Odur ki, dekabrın 13-də baş verən mübadilə bir çox baxımdan fərqlidir:
- ortada ATƏT-in Minsk qrupu və həmsədrlər yoxdur;
- ovaxtkı işğalçı Ermənistan Azərbaycanla diktə edən tərəf kimi danışmır;
- Azərbaycan torpaqlarını işğaldan azad edib;
- Rəsmi Bakı və İrəvan birbaşa ikitərəfli görüşə, danışıqlara razılıq verib;
- iki ölkənin baş nazir müavinlərinin başçılıq etdiyi işçi qrupun sərhədyanı ərazidə toplantısı keçirilib, yeni görüşlərin reallaşacağı gözlənilir;
- Erməni mediasının yazdığına görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyanla 2024-cü ilin yanvarında ABŞ-də görüşü gözlənilir;

- Ermənistan rəhbərliyi Qarabağı birmənalı olaraq Azərbaycanın tərkib hissəsi olaraq qəbul edir;
- keçmiş vasitəçilərin əvvəlki rol üçün canfəşanlığı azalıb;
- liderlərin birbaşa təkbətək görüşlərinin mümkünlüyü realdır və s.
Bu mübadilə tərəflər arasında etibarın artmasına səbəb olan amillərdəndir. Məlum aksiya qarşılıqlı razılaşdırılmış fəaliyyət sayılsa da, daha çox Azərbaycan tərəfinin atdığı humanist addım kimi qiymətləndirilə bilər. Bu, dəyişdirilən hərbçilərin sayında da özünü göstərir - 2 azərbaycanlı hərbçi qarşılığında 32 erməni...
Rəsmi Bakının bu addımı Ermənistan hökuməti və cəmiyyəti üçün həm də sülhə çağırışdır. Belə qənaətə gəlmək olar ki, Azərbaycan mübadilə ilə iki ölkə arasında sülhün yaranmasında maraqlı olduğunu, bu istiqamətdə addımlar atmağa hazırlılığını bəyan edib.
Ermənistanın baş naziri Nikol Paşinyan 32 hərbçinin təhvil verilməsini İrəvanla Bakı arasında münasibətlərdə “sıfır nöqtə”si adlandırıb: “Bundan sonra biz Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması ehtimalını artıracaq xəbərlərin artmasına səy göstərməliyik”.

O, sosial şəbəkədəki səhifəsində hərbçilərin adlarını da açıqlamışdı. Mübadilə onun ictimai rəydə nüfuzunun artmasına müsbət təsir göstərər. Bu, Ermənistan cəmiyyətinə sülhün xülyalardan, işğalçı müharibədən, qonşu dövlət və millətlə müharibə etməkdən daha faydalı olduğunu göstərməkdir.
Nikol Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını real hesab edib. O qeyd edib ki, Ermənistan regionda kommunikasiyaların açılması üçün səmərəli və konkret addımlar atmağa hazırdır. Ermənistan hökumətinin başçısı ölkəsinin Türkiyə və Azərbaycanla nəqliyyat kommunikasiyalarının açılmasının mümkünlüyünü müzakirə etdiklərini də bildirilib.
Mübadilə aksiyası sübut etdi ki, tərəflər arasında birbaşa, ikitərəfli dialoq normallaşma prosesi üçün mühüm amildir. Bu hadisə tərəflərin bir çox məsələlərdə razılığa gələ bilmələrinin imkanlarını da aşkarladı.
Beləliklə, hərbçilərin dəyişdirilməsi tərəflərin sülh sazişinə inamını artırır, perspektivdə yeni təkliflərin müzakirəsini aktuallaşdırır. XİN başçılarının görüşünün planlaşdırıldığı, sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın reqlamentini Azərbaycan və Ermənistan hökumətlərinin təsdiqləməsi və s. istiqamətdə sənədlərin hazırlanması, eləcə də digər səylər sülh sazişinin imzalanması, normallaşma istiqamətində yeni addımların atılacağı inamını artırır.
“Report” İnformasiya Agentliyi