“Sülh donu”na bürünmüş Ermənistanın genişmiqyaslı təxribat hazırlığı
14-dek, 21:34 99 Gündəm / BölgəOxu.Az xəbər verir ki, “Sülh donuna” bürünmüş Ermənistan genişmiqyaslı təxribat hazırlığı aparır” adlı süjetdə Ermənistan rəhbərliyinin hazırda apardığı siyasətin mahiyyətinin sülh adı altında silahlanmadan ibarət olduğu, davamlı şəkildə sülh sazişinin imzalanmasının vacibliyindən bəhs edən rəsmi İrəvanın reallıqda yeni müharibəyə hazırlaşdığının müşahidə edildiyi vurğulanıb.
Bildirilib ki, bu məqsədlə Ermənistanda hərbi arsenal müdafiə və hücum silahları ilə yenidən təchiz edilir, erməni hərbçiləri təkcə öz ölkələrində yox, həm də Fransada təlim düşərgələrində hazırlanır, Zəngəzurda - Azərbaycanla sərhəddə yaşayan erməni əhalisinə silahdan istifadə qaydaları öyrədilir.
Qeyd olunub ki, artıq Fransanın Ermənistana təkcə “müdafiə xarakterli” yox, həm də hücum silahlarının verilməsinə hazırlaşması bu kontekstdə təsadüfi deyil:
“Bu il oktyabrın 23-də Paris və İrəvan arasında Fransa silahlarının Ermənistana tədarük edilməsi haqqında müqavilə imzaladı. Bu, Ermənistana “müdafiə silahları” verən Fransanın hücum silahlarını da tədarük etməyə hazırlaşmasından xəbər verir. Bununla yanaşı, Ermənistan Fransanın lobbiçiliyi ilə Hindistandan hücum və müdafiə silahları əldə edir. Vətən müharibəsi və bundan sonra sərhəddə erməni təxribatları nəticəsində baş verən toqquşmalar fonunda Ermənistanın hazırda əldə etdiyi silahların təsfinatı xüsusilə diqqət çəkir. Ermənistan hərbi arsenalını Azərbaycanla apardığı müharibə təcrübəsinə əsasən yeniləyir və bu amil təsdiq edir ki, məsələ “ordu qurucluğu” yox, məhz yeni müharibəyə hazırlıqdır. Erməni hərbçilər isə müharibəyə təkcə Ermənistanda yox, Fransada da hazırlanır”.
Diqqətə çatdırılıb ki, Ermənistan və Azərbaycan arasında yeni hərbi eskalasiyada maraqlı olan oyunçular var, xüsusilə Fransanın timsalında bu daha aydın görünür:
“Hazırda Ermənistan çıxılmaz vəziyyətə düşüb. Əgər sülh müqaviləsi imzalanmasa və mövcud vəziyyət uzunmüddətli davam edərsə, Azərbaycan heç nə itirmir. Çünki Qarabağda erməni separatizmi məhv edilib və Zəngəzur dəhlizinin İran marşrutuna köçürülməsi aktuallaşıb. Sülh müqaviləsi kommunikasiyaların açılması, “dalan ölkə” vəziyyətindən xilas olmaq, xüsusilə də Türkiyə üzərindən Qərbə çıxış əldə etmək üçün Ermənistan lazımdır. Hərçənd, İrəvan dilemma ilə üzləşib”.
Sonda vurğulanıb ki, proseslərin inkişafı “sülh donuna” bürünmüş Ermənistanın genişmiqyaslı təxribat hazırlığı apardığını göstərir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: