Ayların və günlərin önəmi: Məzuniyyət götürərkən necə edək ki, sərfəli olsun? - AÇIQLAMA


İş insanın çövhəridir desək də, istirahətə heç kim yox deməz. İlboyu gərgin iş rejimində çalışan hər kəs məzuniyyətə çıxmağı səbirsizliklə gözləyir. Məzuniyyət vaxtı gəlib çatdıqda isə tarix seçimlərində tərəddüd edirik. Burada əsas problem bayram günləri olan aylarda iş və qeyri-iş günlərinin sayındadır.
Məzuniyyətə gedərkən maaşımıza və istirahətimizə zərər vurmayacaq təqvim üzrə ən sərfəli günləri seçməyə çalışırıq.
Bəs məzuniyyət hansı halda daha sərfəlidir? Necə edək ki, məzuniyyət günündən az istifadə edərək, daha çox dincələ bilək?
Oxu.Az-ın bu və digər suallarını əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov cavablandırıb. O bildirib ki, məzuniyyəti düzgün planlaşdırmaqdan asılı olaraq, hesablanmış məzuniyyət haqqı bəzən çox, bəzən isə az ola bilər:

“Buna görə də məzuniyyəti planlaşdırdığınız zaman onun hansı tarixlərdə sizə görə daha sərfəli hesab edilə biləcəyindən məlumatlı olmalısınız.
Bunu iki şəkildə sərfəli hesab etmək olar. Yəni bəzi şəxslər məzuniyyət haqqının, bəziləri isə məzuniyyət günlərinin daha çox olmasını sərfəli hesab edə bilərlər.
Əvvəlcə qeyd edək ki, Əmək Məcəlləsində məzuniyyətin başlanmasının və ya bitməsinin qeyri-iş günlərinə düşməsini məhdudlaşdıran hər hansı bir norma müəyyən edilməyib. Bu baxımdan, işçinin ərizəsi əsasında məzuniyyətin ilk və son günü qeyri-iş günü ola da bilər. Məzuniyyətin qeyri-iş günündən başlaması həftəsonu günlərin işçinin, onsuz da, istirahət günləri olduğundan məntiqli hesab edilməsə də, qanunvericilik bunu qadağan etmədiyi üçün tətbiq edilə bilən haldır. Məzuniyyətin son gününün qeyri-iş gününə düşməsi halında isə işçinin işə başlama tarixi qeyri-iş günündən sonrakı ilk iş günü olacaq. Məzuniyyət günləri təqvim günləri üzrə verildiyi üçün başlama və bitmə tarixlərinin hansı vaxta düşməsi ilə bağlı hər hansı qadağa müəyyən edilməyib”.
Ekspert onu da əlavə edib ki, az məzuniyyət günlərindən istifadə edərək çox istirahət etmək istədikdə məzuniyyəti həftənin ilk günündən həftənin sonuna kimi götürmək lazımdır:
“Bu zaman həftəsonları məzuniyyət gününə daxil olmasa da, siz beşgünlük məzuniyyət dövründə doqquz gün istirahət etmək şansı əldə edəcəksiniz, bunun iki günü məzuniyyətə qədərki şənbə və bazar olacaq. Eyni zamanda, bir məsələni də qeyd edək ki, Əmək  Məcəlləsinin 114-cü maddəsinə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Buna görə də, əgər siz az məzuniyyət günü ilə daha çox dincəlmək istəyirsinizsə, bu zaman məzuniyyəti bayram günləri daha çox olan aylara, yəni yanvar və mart aylarına sala bilərsiniz. Bu zaman bayram günlərinə təsadüf edən məzuniyyət günləri qədər məzuniyyətin müddəti uzanacaq”.
Bəs məzuniyyət haqqının çox olması üçün nə etmək lazımdır?
N.Xəlilovun sözlərinə görə, məzuniyyət götürərkən məzuniyyət haqqının çox olması üçün məzuniyyəti istirahət günlərinə salmaq lazımdır:
“Yəni məzuniyyəti həftənin son günündən və ya istirahət günündən başlayaraq götürmək və məzuniyyətin bitmə vaxtının da həftənin əvvəlinə düşməyini planlaşdırmaq lazımdır. Çalışmaq lazımdır ki, məzuniyyət günlərinə uyğun olaraq həftəsonları da məzuniyyət günlərinə daxil olsun. Bu halda məzuniyyət günləri təqvim günlərinə əsasən hesablandığı üçün, istirahət günlərinə görə də ödəniş hesablanacaq. Amma bu halda daha çox məzuniyyət günündən istifadə edəcəksiniz.
Məzuniyyət zamanı çox vacib məqamlardan biri də məzuniyyət götürülən ayda bayram günlərinin az, iş günlərinin çox olmasına diqqət edilməsidir. İşçinin maaşı aylar üzrə eynidir, amma aylardakı iş günlərinə görə fərqlidir. İş günlərinin bəzi aylarda çox və az olması səbəbindən bir iş gününə düşən əməkhaqqı müvafiq olaraq çox və az ola bilər”.
Ekspert bunu nümunələrlə izah edib:
Nümunə 1. İşçi sabit olaraq aylıq 1 500 manat əməkhaqqı alır. Müqayisə üçün mart və avqust ayları üzrə məzuniyyət zamanı iş günlərinə düşən əməkhaqqı məbləğinə diqqət edək.
Məsələn, 2021-ci ilin istehsalat təqviminə əsasən, mart ayında 17, avqust ayında isə 22 iş günü olub. 1 500 manatlıq əməkhaqqı ilə mart ayında hər iş gününə (1 500/17) 88,24 AZN əmək haqqı düşürsə, avqust ayında 68,18 AZN əməkhaqqı düşür. İşçi məzuniyyətə çıxmayıb işlədiyi halda, iş gününə düşən əməkhaqqı dəyişsə də, nəticədə yekun əməkhaqqı eyni olur. İşçinin orta aylıq əməkhaqqının da 1 500 AZN olduğunu düşünsək, bir günə düşən orta məzuniyyət haqqı 49,34 AZN (1500/30,4) olacaq.
Bunu daha aydın izah etmək üçün, işçinin bir həftə məzuniyyətə çıxdığı halda, məzuniyyəti beş günü iş gününə düşürsə, bunun mart (iş günü az olan) və avqust (iş günü çox olan) aylarında icra edilməsinə nəzər salaq.
Nümunə 2. İşçinin mart ayının 9-15 tarixləri arasında və 2-8 avqust tarixləri arasında məzuniyyətə çıxması halında eyni günlük məzuniyyət və eyni əməkhaqqı məbləğinə görə aylıq qazancı necə dəyişəcək? Əməkhaqqı və orta aylıq əməkhaqqı 1 500 manatdır.
Hər iki ayda məzuniyyət zamanı məzuniyyət beş iş günü və iki istirahət günündən ibarətdir. Qeyd edək ki, 2021-ci ilin istehsalat normasına əsasən, mart ayında 17, avqust ayında isə 22 iş günü var.
Məzuniyyət haqqı: 1 500 / 30,4 = 49.34 AZN x 7 təqvim günü = 345,38 AZN
Mart ayında əməkhaqqı: (1 500 / 17 iş günü) x 12 iş günü = 1058,82 AZN
Avqust ayında əməkhaqqı: (1500 / 22 iş günü) x 17 iş günü = 1159,09 AZN
Beləliklə, işçinin ümumi gəliri mart ayında 1404,7 AZN (345,38 + 1058,82 AZN), avqust ayında isə 1504,47 AZN (345,38 + 1159,09 AZN) olacaq”.
N.Xəlilov əlavə edib ki, bir iş gününə düşən əməkhaqqı məbləği yüksək olan aylarda işləmək, az olan aylarda məzuniyyət götürmək sərfəlidir:
“Yəni iş günü az olan aylarda işləmək, çox olan aylarda məzuniyyət götürmək daha səmərəlidir. İş günü az olan aylarda bir günə düşən əməkhaqqı yüksək olduğundan əməkhaqqından daha çox tutulma olacaq. Məzuniyyət haqqı isə əgər orta aylıq əməkhaqqında artım və ya azalma olmayıbsa, hər ay üçün dəyişməz olaraq qalır”.
O, qeyd edilən hallarda əməkhaqqı və məzuniyyət haqqının artıb-azalmasını nümunələrlə izah edib:
Nümunə 3. İşçi 2021-ci ilin məzuniyyətini 13-29 avqust tarixlərinə planlaşdırır. 17 günlük məzuniyyətin tərkibində altı gün istirahət günüdür. Bu zaman məzuniyyət haqqının məbləğinin nə qədər olacağına baxaq:
Fərz edək ki, işçinin orta aylıq əməkhaqqı məbləği 1 200 manatdır. 2021-ci ilin iyul ayında 22 iş günü var. 13-29 avqust tarixləri məzuniyyət günləri olduğundan avqust ayında işçi 11 iş günü işləyəcək.
Məzuniyyət haqqı: 1 200 / 30,4 = 39,47 AZN x 17 təqvim günü = 671,05 AZN
Əməkhaqqı: 1 200 / 22 = 54,55 AZN x 11 iş günü = 600 AZN
Avqust ayı üzrə cəmi gəlir: 671,05 + 600 = 1271,05 AZN olacaq.
Göründüyü kimi, həftəsonlarının məzuniyyət günlərinə daxil edilməsi ilə işçinin məzuniyyət haqqında artım oldu. Amma bu halda, işçinin daha çox məzuniyyət günü istifadə edildi”.
Könül Cəfərli

Bizimlə əlaqə saxlayın