Azərbaycan musiqisi Qətərdə inanılmaz çoşqu yaratdı - FOTO


Qətərin paytaxtı Dohada yerləşən nəhəng “Mall of Qatar” ticarət mərkəzini ötən gecə Azərbaycan musiqisi sədaları titrədib. Ticarət mərkəzinin mərkəzindəki dairəvi səhnədə “Natiq” ritm qrupu və “Mirvari” rəqs ansamblı möhtəşəm şou nümayiş etdiriblər.
Oxu.Az xəbər verir ki, ticarət mərkəzinə gələnlərin hamısı nağara və digər Azərbaycan alətlərinin sədaları altında bir yerə toplaşıb. Ritmlərimizə, başgicəlləndirici rəqslərimizə məftun olan tamaşaçılar Azərbaycan incəsənət ustalarını ucadan alqışlayıblar.
Geniş konsert proqramı milli rəqsimiz olan “Yallı” ilə başa çatıb. Ansamblın solistləri tamaşaçılarla birlikdə səhnənin ətrafında rəqs etməyə başlayıblar.
Qeyd edək ki, tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Qətərdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində baş tutub.
Bir sıra tədbirlər fevralın 24-dək davam edəcək.










Firəngiz Ağalarova