Qarabağlı Novruz bayramı! - özəl təbrik


Novruz bayramı ölkəmizdə geniş miqyasda qeyd olunan, uşaqdan böyüyə hər kəsin sevimli bahar bayramıdır. 23 fevral 2010-cu ildən BMT 21 Mart gününü "Beynəlxalq Novruz Günü" kimi elan edib. Novruz sadəcə bayram deyil, mənsub olduğu xalqların adət-ənənələrinin sevərək yaşatdığı, icra etdiyi ənənəvi bayramdır. Novruz bayramına qədər  dörd çərşənbə qeyd olunur ki, bunlar su, yel, od və torpaq çərşənbələridir. Bu çərşənbələr evlərdə tək-tək qeyd edilər, adət-ənənələri yaşadılar. Novruz təmizlik, yenilik, barışıq, bərəkət simvoludur. Su çərşənbəsi aydınlığın, yel çərşənbəsi mübarizənin, od çərşənbəsi isinmənin və torpaq çərşənbəsi isə bərəkətin simvoludur. Novruzda etibarən kəndlərdə kütləvi əkin işləri başlayır, ilin bərəkət  ayının təməli qoyulur. Evlər, həyətlər, bağlar səliqəyə salınır, qadınlar dadlı şirniyyatlar, yeməklər bişirir, süfrələr bəzənir, tonqallar qalanır.  Bu isə yeni ilin, yeni mövsümün, yeni həyatın başlanğıcı deməkdir. 30 il xalq olaraq bu bayramı işğal altında olan tarixi torpaqlarımızda qeyd edə bilmirdik. Bu bir ağrı idi qəlblərimizdə. Ancaq dörd il öncə  şərəfli Azərbaycan Ordusu bizim arzumuzu çin etdi. Artıq Qarabağda son üç ildə abadlıq, quruculuq işləri aparılır, hissə-hissə məcburi köçkünlər və qaçqınlar öz yurdlarına köçürülür. Novruz Bayramı da ötən bu üç ildə  orda qeyd olunur, səməni cücərdilir, tonqallar  qalanır, bayram şənlikləri keçirilir. Biz bununla fəxr edirik, qürur duyuruq ki, belə bir bayramımız, belə bir yurdumuz var.

Odur ki, bu dərin fəlsəfi hikməti və fərqli gözəllikləri özündə birləşdirən Novruz bayramı münasibəti ilə ATATV.AZ xəbər portalının, İctimai Xəbər Agentliyinin təsisçisi və baş direktoru  Rasafil Bayramov başda olmaqla bütün kollektivi Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, can sağlığı, bahar təravətli və bol ruzi bərəkətli  il, xoş günlər, firəvan həyat arzu edir. Tezliklə ölkədə bütün sahələrdə ciddi irəliləyiş və böyük  nailiyyətlər əldə olunsun. Qarabağda abadlıq-quruculuq işləri uğurla başa çatsın, bütün məcburi köçkün və qaçqınlar öz doğma yurdlarına qayıdıb Novruzu yurdlarında   qeyd etsinlər. Xalqımızın bütün qayğı və çətinlikləri  geridə qalsın, yeni il yeni sosial - iqtisadi rifahla xalqın güzəranını böyük toxunuş etsin. Gənclik və gələcək nəsil xoşbəxt böyüsün, sağlam cəmiyyət formalaşsın. Bütöv və demokratik Azərbaycan inamla gələcəyə doğru addımlasın!


Rasafil Bayramov

İctimai Xəbər Agentliyinin, ATATV. AZ xəbər portalının  təsisçisi və baş direktoru