Botanika İnstitutunun alimləri Şərqi Zəngəzur icmalarına biomüxtəlifliyi tanıtmaq üçün dəyirmi masa keçirib
26-apr, 15:41 81 GündəmAR Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun təşkilatçılığı ilə 22-26 aprel tarixlərində Laçın şəhərində və Zabux kəndində «Yaşıl dünya naminə həmrəylik ili»nə həsr olunmuş «Şərqi Zəngəzur və Qarabağın biomüxtəlifliyinin tədqiqi» mövzusunda dəyirmi masa (hibrid formatda) keçirilib. Tədbir Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə və Simurq kitabxanasında həyata keçirilib. Botanika İnstitutunun bir qrup alim və mütəxəssisləri, AR Elm və Təhsil Nazirliyinin nümayəndələri, məktəbin direktoru, müəllim-şagird heyəti iştirak ediblər.
Əvvəlcə tarixi qələbəni bizə bəxş edən qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükut ilə anılıb.
Tədbiri giriş sözü ilə açan Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva Laçın rayonunun əhalisini Ali Baş Komandan Cənab İlham Əliyevin dərin siyasəti və dəmir yumruq sayəsində tarixi torpaqlarımıza qayıtması münasibətilə təbrik edib, onlara can sağlığı, işlərində uğurlar arzulayıb. Tədbir zamanı professor S.İbadullayeva “Azərbaycan florasında yayılan dərman bitkilərindən istifadə perspektivləri” elmi tədqiqat proqramı çərçivəsində "Böyük Qayıdış" icmalarına yaşadıqları bölgədə yayılan bitkiləri tanıtmaq və onların istifadə yollarını öyrətmək məqsədi ilə nəşr olunan “Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmalarının yaddaşlarından)” adlı kitabın və Azərbaycan florasında yayılan arıların, ev quşlarının müalicəsində, baytarlıq təbabətində istifadə edilən 100-dən çox dərman bitkisi haqqında məlumatlar toplanmış 3 bukletin və 2 broşurun treninq formatda təqdimatı keçirilib, onlar məktəbin kitabxanasına hədiyyə edilib, eləcə də yerli icmalara paylanılıb. Dəyirmi masada İnstitutun Mikologiya və ibtidai bitkilər şöbəsinin müdiri, biologiya elmləri doktoru Dilzarə Ağayeva, Algologiya və lixenobriologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Şəkər Muxtarova, Herbari şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Pərvanə Qaraxani, Etnobotanika şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nuri Mövsümova, onlayn formatda Gəncə Dövlət Univeristetinin professoru Aynur Bayramova və başqaları öz tədqiqat sahələri barədə çıxış edib, müəllim və şagirdlərin sualarını cavablandırıblar.
Daha sonra Zabux Kənd tam orta məktəbində və Laçın şəhərində yerləşən Simurq kitabxanasında görüş keçirilib, botanik alimlərin müəllifliyi ilə nəşr edilən bir sıra kitab, buklet və broşurlar həmin müəssisələrə təqdim olunub.
Səfər müddətində botaniklər Laçın rayonu ərazisində ekspedisiya həyata keçirib. Böyük Qayıdışa dair I Dövlət proqramının icrası ilə əlaqədar olaraq bitkilərin Qarabağ ərazisində yayılmasına dair monitorinq aparılıb, ərazidə yayılan nadir, endemik, dərman bitkiləri tədqiq edilib, göbələk və yosun nümunələri toplanılıb. Monitorinqin nəticəsi ilin sonunda nəşri gözlənilən “Qarabağ florası” adlı kitabda əks olunucaq.