FENOMENAL ŞƏXSİYYƏT


Yardımlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əkbərov: Tariximizdə müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamlarının sayəsində Azərbaycan əsrlərdən bəri formalaşdırmış olduğu milli dövlətçilik ideyasını, bütöv bir millətin etnik-siyasi potensialını qoruyub saxlaya bilmişdir. Ən yeni tariximizdə bu missiyanı Dahi şəxsiyyət Heydər Əliyev üzərinə götürmüş və şərəflə, ləyaqətlə öhdəsindən gəlmişdir. Məhz Heydər Əliyev sayəsində Azərbaycan öz müstəqilliyinə nail olmuş, dünya dövlətləri sırasında öz mövqeyini qoruyub saxlaya bilmiş, üzərinə düşən xilaskarlıq missiyasını şərəflə yerinə yetirməkdən ötrü zamanın bütün ağırlığını öz çiyinlərinə götürərək dövlətimizi dünyanın xəritəsindən silinmək təhlükəsindən, xaos və hərc-mərclikdən qurtarmışdır. Böyük düha sahibi Heydər Əliyev öz misilsiz xidmətləri ilə Azərbaycan xalqının və onun tarixinin ən qüdrətli şəxsiyyətinə çevrilmişdir.

Heydər Əliyevin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşamışdır. Hər kəsə yaxşı məlumdur ki, 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır və bu, Ulu Öndərin siyasi iradəsinin nəticəsidir.
O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Soveti sədrinin müavini olub. Hər kəsə o da yaxşı məlumdur ki, ümummilli partiyaya sədr seçilməklə Ulu Öndər böyük siyasətə qayıtdı. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. Ulu Öndərin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük və effektiv siyasi qüvvəsinə çevrilmişdir. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.  
Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu gün qürurla söyləyə bilərik ki, Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir. Böyük xalqın qüdrətli Ordusunun qurucusu da Ulu Öndər Heydər Əliyevdir. Yalnız Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında fərman imzalamışdır. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişdi. Bəli, xalqımız nə 12 dekabrı, nə də böyük oğlunu heç vaxt unutmur. Nə qədər Azərbaycan dövləti var, Azərbaycan xalqı var Ulu Öndər Heydər Əliyev daim ən ülvi məhəbbətlə, hörmət və ehtiramla yad olunacaq, anılacaq.