Tacikistan və Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verən səfər
24-may, 12:37 63 Gündəm / SiyasətÖlkəmizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi yer tutur. Xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığına əsaslanan bu münasibətlər xüsusilə son dövrlərdə dövlətlərimizin başçılarının siyasi iradəsi ilə daha da genişlənərək inkişaf edir. Son illərdə dünyada, xüsusilə regionda yaşanan proseslər ölkələrdən daha sıx əməkdaşlıq etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu dinamika Azərbaycanın xarici siyasətində açıq şəkildə hiss olunur. Prezident İlham Əliyevin son 2-3 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Bu səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini müəyyənləşdirir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında Tacikistan ilə münasibətlər də özünəməxsus rol oynayır.
Azərbaycan-Tacikistan münasibətləri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq uğurla inkişaf etdirilir. İki dost ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət göstərəcək növbəti səfər mayın 22-də baş tutub. Həmin gün Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
Ölkələrimiz arasında əlaqələrin tarixinə nəər salsaq aydın görünür ki, Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Buna son illərdə hər iki dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri misal göstərilə bilər.
Mayın 22-23-də Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana növbəti dövlət səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açır. Əsas məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək olan bu səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Tacikistanın Prezidenti Emoməli Rəhmonun təkbətək və geniş tərkibdə görüşləri keçirildi. Görüşlər zamanı ikitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər müzakirə edildi, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirəcək və iki dövlət üçün əhəmiyyətli olan sənədlər imzalandı.
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşdə deyib ki, “Təbii ki, bizim müzakirə etdiyimiz mövzulardan biri də Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır. Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq”.
Vurğulanıb ki, Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır.
Görüşdə çıxış edən Tacikistan Prezidenti Emoməli Rəhmon bildirib ki, Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır. Ölkələrimizi zamanın sınağından çıxmış münasibətlər birləşdirir.
Tacikistan Prezidenti, həmçinin deyib: “Bizim aktual regional və beynəlxalq məsələlərdə mövqelərimiz eynidir. Ölkələrimizin xalqlarının daha da yaxınlaşmasına yönələn humanitar əlaqələr fəal inkişaf edir”.
Bütün bunlar bir daha göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri də ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcəkdir.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü