Binəqədidə Tibb İşçiləri Günü qeyd olundu
17-iyn, 11:34 54 Gündəm / Cəmiyyətİyunun 12-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə təşkilatçılığı ilə 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkili Kamaləddin Qafarov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müşaviri Pərvin Əkbərov, Binəqədi rayonunda fəaliyyət göstərən tibb işçiləri iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının binası önündəki abidəsini ziyarət ediblər.
Daha sonra ümummili lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müşaviri Pərvin Əkbərov əsası Heydər Əliyev tərəfindən qoyulan, hazırda dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən səhiyyə siyasətinin əhəmiyyətli nəticələrindən danışdı. Ölkə səhiyyəsinin artan imkanlarının daha da genişləndirilməsi məqsədilə davamlı və sistemli dövlət proqramlarının icra olunduğunu bildirdi.
Millət vəkili Kamaləddin Qafarov tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, son illərdə ölkəmizdə səhiyyənin inkişaf səviyyəsinin dünya standartlarına cavab verməsini, hazırda ölkəmizdə ən mürəkkəb və unikal tibbi əməliyyatların belə yüksək peşəkarlıqla həyata keçirildiyini, respublikada tibbin bütün sahələri üzrə ixtisaslı kadrların yetişdirildiyini vurğuladı.
Tədbirin sonunda fərqlənən bir qrup tibb işçisinə təşəkkürnamə və fəxri fərmanlar təqdim edildi.