İlham Əliyev bunu prinsip məsələsinə çevirdi...


Sabah 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günüdür. Şərqin ilk demokratik respublikasının ordusunun yaradılmasından 106 il ötür.
Bu, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonrakı ilk Silahlı Qüvvələr Günüdür. 2024-cü ilin 26 İyunu həm də Vətən müharibəsindən sonra Azərbaycan ərazisində rus əsgərinin olmadığı ilk Ordu Günü kimi də tarixə düşəcək. Başqa sözlə, təxminən 302 illik proses sona çatdı.
I Pyotrla gələn rus ordusu
Rus ordusunun Azərbaycan torpaqlarına ilk gəlişi Rusiya imperatoru I Pyotrun (1672-1725) adı ilə bağlıdır. Belə ki, 1721-ci ildə Şirvanda baş verən üsyan zamanı rus tacirləri qarət edildi. Bu isə Rusiya hökumətinə Xəzərboyu Azərbaycan torpaqlarını işğal etmək məqsədini həyata keçirmək üçün bəhanə oldu. I Pyotr 1722-ci ilin yayında Həştərxandan iki istiqamətdə - quru və dəniz yolu ilə yürüşə başladı.
Tarixə I Pyotrun Xəzərsahili vilayətlərə yürüşləri adı ilə düşən işğalçı hərəkatın rəsmi şəkildə elan edilən məqsədi rus tacirləri üçün Asiyanın qapılarını açmaq və onları quldurların hücumlarından qorumaq idi. Səfəvilər dövlətinin zəifləməsindən istifadə olunmaqla 1722 və 1723-cü illərdə baş tutan yürüşlər ruslar üçün uğurla nəticələndi. Səfəvi imperiyası ilə 12 (23) sentyabr 1723-cü ildə imzalanan Peterburq müqaviləsi ilə Rusiya imperiyası Xəzər sahilində Dərbənd, Bakı və Rəşt kimi strateji əhəmiyyətə malik ərazilər əldə etsə də, bunu sona qədər qoruyub saxlaya bilmədi. Səfəvi şahı II Təhmasib (1704-1740) bu müqaviləni ratifikasiya etməkdən imtina etdi, müqaviləni imzalayan səfəvi elçisi İsmayıl bəyi isə vətən xaini elan etdi. Ruslar əldə etdikləri torpaqların ilhaqını Osmanlı ilə imzalanmış İstanbul müqaviləsi ilə təsdiqlətməyi bacardılar. Müqaviləyə əsasən, Osmanlı tərəfi Rusiyanın işğal etdiyi Xəzərboyu əyalətlərin Rusiyaya güzəşt edilməsini təsdiq etdi, Rusiya tərəfi isə Qərbi Qafqazın və Cənubi Azərbaycanın Osmanlıya çatmasına etiraz etmədiyini bildirdi. Lakin Nadir şah Əfşarın (1688-1747) uğurlu hərbi yürüşləri nəticəsində 1735-ci il Gəncə müqaviləsi ilə ruslar bölgəni tamamilə tərk etdilər.
Azərbaycanın erməni bəlası – I Pyotrun yadigarı
Azərbaycan xalqına qanlı faciələr gətirəcək erməni probleminin təməli də elə bu dövrdə qoyuldu. Xəzərsahili torpaqları işğal edənə qədər rusların ermənilərlə əməkdaşlığı simvolik səciyyə daşısa da, işğalın gedişi zamanı sıx tərəfdaşlığa çevrildi. İşğaldan dərhal sonra ermənilər I Pyotra müraciətlə “yeni əldə olunmuş torpaqlarda“, xüsusilə də Bakıda onlar üçün yer ayırmağı xahiş etdilər. Ermənilərin müraciəti I Pyotrun ürəyincə oldu.
Rusiya Xəzərsahili torpaqları işğal etdikdən sonra I Pyotr bu yerlərdə möhkəmlənmək üçün müxtəlif vasitələrə əl atırdı. Bu vasitələrdən biri də xristian əhalinin, xüsusən ermənilərin yeni ərazilərdə yerləşdirilməsi idi. Rus tarixçisi P.Butkov yazır ki, 1724-cü il İstanbul müqaviləsindən sonra I Pyotr briqadir Rumyantsevə tapşırmışdı ki, erməniləri Xəzərboyu əyalətlərdə istədikləri şəhərlərdə yerləşdirmək gərəkdir. Hətta lazım gələrsə, yerli əhalini qovub erməniləri həmin yerlərdə məskunlaşdırmaq lazımdır. I Pyotr cənub sərhədlərində erməniləri yerləşdirməklə iki məqsəd güdürdü: həm cənubdan qismən ərazi əmin-amanlığını təmin etsin, həm türk dünyası ilə Osmanlı imperiyası arasında bufer zonası yaratsın, həm də ticarətdə olan ermənilərin xidmətindən faydalansın. Ümumiyyətlə, Dərbənddən Mazandarana kimi bütün Xəzərboyu əyalətlərdə erməniləri yerləşdirmək nəzərdə tutulmuşdu.

Ermənilərlə əməkdaşlığın nəticəsi olaraq 10 noyabr 1724-cü ildə I Pyotrun erməni xalqına əlahəzrət fərmanı (Высочайшая грамота) ortaya çıxdı. Həmin sənəddə I Pyotr bilavasitə ermənilərin işğal olunmuş torpaqlara köçürülməsindən bəhs edirdi:
“... Bizim bu mərhəmətli fərman ilə sizə elan edirəm ki, sizin bizə keşiş Antonio və Kehya Çelebi ilə göndərdiyiniz xəbəri aldıq və onlar şifahi niyyətləriniz haqqında bizə bildirdilər. Bizim imperator proteksiyasına qəbul olunmaq üçün göstəriş verdim ki, sizin evlərinizlə və familiyalarınızla gələcəkdə təzə aldığımız fars əyalətlərində sizə rahat yaşamaq üçün bütün Xəzər dənizi boyu torpaqlar versinlər, orada xristian dininə öz qanunuzla heç nədən çəkinmədən ibadət edə biləsiniz. Biz xristianlıq naminə erməni xalqının mərhəmətlə hörmətini saxlayırıq, bundan ötrü öz tərəfimizdən bizim idarəçilərə lazım olan fərmanlar göndərdik ki, onlar sizə fars əyalətlərində - Gilan, Mazandaranda, eləcə də Bakıda əlverişli yerlər ayırsınlar, sizləri nəinki ora gələn kimi qəbul etsinlər, hətta yaşamaq uçun əlverişli torpaqları nişan versinlər və sizə hərtərəfli mərhəmət göstərsinlər”.
Beləliklə, I Pyotrun Xəzərsahili vilayətlərə yürüşü ilə Cənubi Qafqaz Rusiya siyasətində prioritet təşkil etməyə, ermənilər isə rusların məqsədə çatması üçün vasitəyə çevrilməyə başlayır.
Xanlıqlardan müstəmləkəyə doğru
1736-cı ildə Nadir şah Əfşar tənəzzülə doğru gedən Səfəvilər dövlətinə son qoyaraq, Azərbaycan torpaqlarını yenidən mərkəzləşdirilmiş hakimiyyət altında – Əfşarlar imperiyası daxilində birləşdirdi. Lakin 11 illik hökmranlıqdan sonra 1747-ci ildə sui-qəsd nəticəsində həyatını itirməsi həm də yaratdığı dövlətin sonunu gətirdi. Şimali Azərbaycan 20-dən çox kiçik feodal dövlətə - xanlıqlara parçalandı. Güclü vahid dövlətin olmaması və xanların işğala qarşı birləşmək əvəzinə, özünüqoruma instikti ilə hərəkət etməsi Azərbaycanın Rusiya tərəfindən işğalını asanlaşdırdı.

1801-ci ildə Qazax, Şəmşəddil və Borçalı sultanlıqlarının zəbt olunması ilə Azərbaycanın Çar Rusiyası tərəfindən işğalına başlandı. Çox keçmədən Car-Balakən, Gəncə, Qarabağ, Şəki, Şirvan və Lənkəran Rusiya imperiyasının təcavüzünə tab gətirməyib təslim oldu. Xanlıqlar arasında Rusiya təbəəliyini könüllü qəbul edən də oldu, Gəncəli Cavad xan kimi son damla qanınadək müqavimət göstərən də. Hətta Rusiyaya könüllü beyət edənlər arasında Qarabağ xanı İbrahim Xəlil xan kimi ailə üzvləri ilə birlikdə qətl edilən də oldu. Həmin dövr, eyni zamanda İrəvan qalasının qəhrəmancasına müdafiəsi, Sisiyanov və Qulyakov kimi çar cəlladlarının cəzalarına çatdırılması və xalqımızın işğala qarşı hər yerdə ciddi müqavimət göstərməsi ilə yadda qaldı. Məhəmməd Əmin Rəsulzadə yazırdı: “İstiqlal uğrunda yapılan tarixi savaşların ən qanlısı XIX əsrin başlarında Rusiya çarlığına qarşı yapılmışdır. 30 ilə qədər sürən bu savaş qəhrəmanlıqlarla doludur. Cavad xanın 1804-cü ildə Gəncədəki şanlı qəzası dillərdə dastandır. “Ölmək var, dönmək yoxdur!” - bu, həqiqi vətənpərəstlərin tətbiq etdikləri ən müqəddəs bir şüardır”.
Rusiyanın Araz çayından şimaldakı Azərbaycan torpaqlarını işğala başlaması Qacarlar İranını hərəkətə keçməyə vadar etdi. Lakin 1804-1813-cü və 1826-1828-ci illərdə baş verən Rusiya-İran müharibələri ikincinin məğlubiyyəti ilə başa çatdı. 1813-cü ildə imzalanan Gülüstan sülh müqaviləsi Azərbaycanın Rusiya tərəfindən iki yerə bölünməsinin başlanğıcı oldu. Müqaviləyə görə, İrəvan və Naxçıvan xanlıqlarını çıxmaq şərti ilə Araz çayından şimalda yerləşən bütün ərazilər Rusiyanın tərkibinə qatıldı. 1828-ci ildə Türkmənçayda imzalanan müqavilə ilə İrəvan və Naxçıvan xanlıqları da Rusiya tərəfindən ilhaq edildi. Tarixi Azərbaycan torpaqları Çar Rusiyası və Qacarlar dövləti arasında iki hissəyə bölündü.
Çar işğalı dövrü
İşğaldan və xanlıqların ləğvindən sonra Azərbaycan tarixində yeni siyasi-coğrafi anlayışlar meydana gəldi: Şimali Azərbaycan (və ya Rusiya Azərbaycanı) və Cənubi Azərbaycan (və ya İran Azərbaycanı). Azərbaycan xalqının şimalda ruslaşdırılması, cənubda isə farslaşdırılması dövrü başladı.
Rusiya Şərqə doğru daha da irəliləmək, isti dənizlərə yol açmaq üçün azərbaycanlıları Qafqazdan sıxışdırıb çıxarmaq siyasəti yeritməyə başladı. Yerli müsəlman əhalinin zorla xristianlaşdırılmasına başlandı, Rusiyadan Azərbaycan ərazisinə xristian əhalinin köçürülüb gətirilməsinə cəhd göstərildi.
I Pyotrun siyasətinin davamı olaraq Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün işğal etdiyi Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisini köçürdü. Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarında - keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazisində süni surətdə və xüsusi məqsədlə "Erməni vilayəti" yaradıldı. Bununla Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu.
Bundan əlavə, Rusiya 1836-cı ildə müstəqil Alban kilsəsini ləğv etdi və onu erməni Qriqorian kilsəsinin tabeçiliyinə verdi, Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqorianlaşdırılmasına və erməniləşdirilməsinə əlverişli şərait yaradıldı. Ermənilərin azərbaycanlılara qarşı yeni ərazi iddialarının əsası qoyuldu. Bütün bunlarla kifayətlənməyən Çar Rusiyası daha çirkin siyasətə əl atdı: erməniləri silahlandıraraq türk-müsəlman əhali üzərinə qaldırdı və azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilməsinə start verildi. Bununla da azərbaycanlılara və Cənubi Qafqazın bütün türk-müsəlman əhalisinə qarşı soyqırımları dövrü başlandı.
İşğaldan sonra Şimali Azərbaycan ərazisində rus ordusu yerləşdirildi. Üstəlik, Azərbaycan Çar Rusiyasının tərkibində olduğu bütün dövrdə - XIX əsrdə və XX əsrin əvvəllərində sıravi müsəlmanlar orduya cəlb edilmədilər. Yalnız zadəgan nəslinin nümayəndələri orduda xidmət etmək və hərbi təhsil almaq hüququna malik idilər. Ermənilərin azərbaycanlılara qarşı soyqırımları törətməsi zamanı müqavimətin zəif, tələfatın isə çox olmasında bu amil mühüm rol oynadı. Buna baxmayaraq, Çar Rusiyası dövründə Azərbaycan xalqının bir çox görkəmli hərbi xadimləri yetişdi. Generallar Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Fərəc bəy Ağayev, Ehsan xan Naxçıvanski və digərləri məhz belə xadimlərdən idilər.
Çarlığın süqutu və Cümhuriyyət dövrü
Əvvəlcə 1905-1907-ci illər Birinci Rus inqilabı, daha sonra isə 1917-ci ilin Fevral inqilabı və Birinci Dünya müharibəsindəki məğlubiyyət Romanovlar sülaləsinin 304 illik hakimiyyətinin sonunu gətirdi. Bu zaman Gülüstan müqaviləsindən 104, Türkmənçay müqaviləsindən 89 il ötmüşdü. Azərbaycanın güney hissəsindən fərqli olaraq, quzey hissəsində Qərb təhsilli aydınların sayəsində milli şüur daha irəli getmiş, milli dövlətə sahib olmaq arzusu bərqərar olmuşdu. Şübhəsiz ki, işğalçı ilə dil, din və mədəniyyət fərqinin olması da bu məsələdə öz sözünü demişdi.
1917-ci ilin 25 oktyabrında bolşeviklərin Rusiyada çevriliş edərək Müvəqqəti Hökuməti devirməsi və hakimiyyəti ələ alması Çar Rusiyasının tabutuna vurulan sonuncu mismar oldu. Bununla həm də imperiyanın digər ucqarlarında olduğu kimi, Azərbaycanda da Çar Rusiyası tərkibində milli muxtariyyət arzularının üstündən xətt çəkildi. Artıq milli istiqlal və milli dövlət müzakirələri başladı. Lakin azadlıq arzusu azərbaycanlılara böyük faciə hesabına başa gəldi. Birinci Dünya müharibəsinin cəbhələrindən məğlub geri dönən erməni daşnak dəstələri bolşevik Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin silahlı qüvvələri ilə birləşərək, 1918-ci ilin mart ayında Bakıda və Şimali Azərbaycanın bir çox bölgələrində soyqırımı törətdilər.

Osmanlı Türkiyəsi ilə danışıqlara başlayan Zaqafqaziya Seyminin azərbaycanlı üzvləri Nuri Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun yaradılmasına və Azərbaycana göndərilməsinə nail oldular. Bu ordu mayın 25-də Gəncəyə varid oldu (Məhz bu ordu sentyabrın 15-də paytaxt Bakını işğaldan azad edəcək və Cümhuriyyətin sərəncamına verəcəkdi). Mayın 26-da gürcülər Zaqafqaziya Seymini tərk edərək, Gürcüstanın müstəqilliyini elan etdilər. Mayın 28-də isə Şərqin ilk demokratik respublikasının – Azərbaycan Cümhuriyyətinin yaradıldığı bütün dünyaya bəyan edildi. İyunun 4-də Batumda “Osmanlı Səltənəti Hökuməti ilə Azərbaycan Cümhuriyyəti Hökuməti arasında yoldaşlıq müqaviləsi” bağlandı. Müqavilənin 4-cü maddəsində göstərilirdi ki, “Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən tələb hasil olduğu təqdirdə, Osmanlı hökuməti, daxili intizam və asayişin təmini üçün, gərəkli silahlı qüvvəylə yardım edəcəkdir”. Bu maddə Qafqaz İslam Ordusunun artıq Azərbaycanda olmasına hüquqi əsas yaradırdı.

Azərbaycanda milli silahlı qüvvələrin formalaşması prosesi də elə həmin aydan başladı. Azərbaycanın milli qüvvələrinin əsasını hələ Cümhuriyyətin elan edilməsindən əvvəl yaradılan və general-leytenant Əliağa Şıxlinski tərəfindən rəhbərlik edilən Müsəlman korpusu təşkil edirdi. 1918-ci il iyun ayının 26-da Azərbaycan Cümhuriyyəti hökumətinin qərarı ilə Müsəlman korpusunun adı dəyişdirilərək, Əlahiddə Azərbaycan korpusu adlandırıldı. İlkin dövrdə Azərbaycanda ordu quruculuğuna və ordu hissələrinin fəaliyyətinə rəhbərlik Qafqaz İslam Ordusunun komandanı Nuri Paşaya həvalə edildi. 23 aylıq Cümhuriyyət dövrü Azərbaycan tarixinə Həbib bəy Səlimov, Məmməd bəy Sulkeviç, Həmid bəy Qaytabaşı, Süleyman bəy Əfəndiyev, İbrahim ağa Usubov, Cavad bəy Şıxlinski kimi milli generalların adını tarixə yazdı.
Cümhuriyyətin süqutu ərəfəsində Azərbaycan Ordusunda hər biri üç piyada alayından ibarət olan iki piyada diviziyası, iki əlahiddə piyada diviziyası, üç alaydan ibarət olan süvari diviziyası, artilleriya briqadası və digər bölmələr mövcud idi. Məhz bu qüvvələrin vasitəsilə 1920-ci ilin mart ayında Qarabağdakı erməni separatçı qüvvələrin Azərbaycanın müstəqilliyinə qarşı geniş hərbi qiyamının qarşısını almaq mümkün oldu. Eyni zamanda hərbi qüvvələrin əsas hissəsinin Qarabağda olması 1920-ci ilin aprelində Azərbaycanın bolşevik işğalına qarşı müqavimət göstərə bilməməsi ilə nəticələndi.
Bolşevik işğalı və SSRİ dövrü
Rusiya Azərbaycan ərazisində əsgərlərinin olmamasına cəmi 23 ay səbr etdi. 1920-ci il aprelin 27-də Lenin tərəfindən Moskvada Nəriman Nərimanovun sədrliyi ilə Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsi yaradıldı. Elə həmin gün Dağıstanda olan M.K.Levandovskinin başçılıq etdiyi XI Qızıl Orduya Azərbaycana hücum əmri verildi. 350 nəfərdən ibarət Samur sərhəd dəstəsinin Yalamada XI Qızıl Orduya müqaviməti bir neçə saata qırıldı. Bolşeviklər bu məsələdə də hiylə işlətdilər - bəyan olundu ki, Qızıl Ordu Azərbaycandan keçməklə Anadoluda ölüm-dirim savaşı aparan Mustafa Kamal Atatürkün əsgərlərinə yardım etməyə gedir.
Elə həmin gün Azərbaycan bolşevikləri Cümhuriyyət hökumətinə hakimiyyəti təhvil vermək haqqında ultimatum verdi. Bununla əlaqədar Cümhuriyyət parlamentinin sonuncu iclası çağırıldı. Saat 20:45-də başlayan iclasa M.Ə.Rəsulzadə sədrlik edirdi. Kəskin diskussiyaların gedişində sosialistlər və onlara yaxın olan fraksiyalar hakimiyyəti bolşeviklərə vermək tələbini müdafiə etdilər. Həmin axşam M.Ə.Rəsulzadə parlamentdə tarixi çıxışını etdi: "Qardaşlar, bizdən soruşmadan torpağımıza keçən hər hansı bir qüvvə dostumuz deyil, düşmənimizdir. Duyduğumuz bu təbliğat düşmən təbliğatıdır. Bizi aldadırlar. Yalandır, gələn rus ordusudur. Onun istədiyi 1914-cü il hüdudlarını almaqdır. Anadolunun imdadına getmək bəhanəsi ilə yurdumuza girən işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir".

Rəsulzadə və tərəfdarlarının kəskin etirazlarına baxmayaraq, iclas hakimiyyəti dinc yolla bolşeviklərə vermək haqqında qərar qəbul etdi. Bununla da Quzey Azərbaycanın 23 aylıq istiqlalına son qoyuldu və ölkəmiz yenidən Rusiya tərəfindən işğal olundu.
XI Qızıl Ordunun Azərbaycanda ilk böyük sınağı cəmi bir ay sonra oldu. Cümhuriyyət Ordusunun qalıqları polkovnik Cahangir bəy Kazımbəylinin başçılığı altında Gəncədə toplaşaraq, mayın 25-də bolşevik hakimiyyətinə qarşı üsyan qaldırdılar. Lakin üsyan qan içində yatırıldı, başlanan repressiya dalğasında 6 general, 6 polkovnik, 3 mayor və 7 kapitan qətlə yetirildi, ümumi sayı 76 nəfərə çatan hərbçi Narginə aparılaraq orada güllələndi.
Azərbaycanda hakimiyyət bolşeviklərin əlinə keçdikdən sonra Hərbi Nazirliyin bazasında Azərbaycanın Hərbiyyə və Bəhriyyə Komissarlığı yaradıldı. Əvvəlcə Çingiz İldırım, sonra isə Əliheydər Qarayev hərbiyyə və bəhriyyə komissarı vəzifəsinə təyin edildilər. 1922-ci ilin sonlarına, yəni SSRİ təşkil edilənədək Azərbaycan və onun Hərbiyyə və Bəhriyyə Komissarlığı formal müstəqilliyini saxladı. Azərbaycan SSRİ tərkibinə daxil edildikdən sonra Hərbiyyə və Bəhriyyə Komissarlığı nazirlik statusunu itirmiş oldu. Azərbaycanda hərbi işlərə rəhbərlik SSRİ mərkəzi orqanlarının səlahiyyətinə keçdi.

Çar dövründə hərbi xidmətə çağırılmayan azərbaycanlılar sovet dövründə hərbi xidmətə çağırılmağa başladılar. İkinci Dünya müharibəsi dövründə Azərbaycandan orduya 600 min nəfər yollandı, onların yarısı geri qayıtmadı. Müharibədən sonrakı dövrdə azərbaycanlıları digər müsəlman-türk xalqların nümayəndələri kimi, əsasən tikinti batalyonlarına yollamağa başladılar. 1969-cu ildə Heydər Əliyev Azərbaycan SSR KP MK-nın birinci katibi təyin olunduqdan sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə başlandı. 1971-ci ildə ulu öndər böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bundan sonra azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu. Sonradan görəcəyimiz kimi, məhz bu kadrlar müstəqilliyin bərpasından dərhal sonra Azərbaycan Ordusunun özəyini təşkil etdilər və Birinci Qarabağ müharibəsində könüllülərlə birlikdə gənc dövlətimizin müdafiəsinə qalxdılar.
Qarabağ münaqişəsi və müstəqilliyin ilk illəri
1988-ci ilin fevralında Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində başlayan erməni separatçı hərəkatı rəsmi Moskvanın dəstəyi ilə geniş vüsət aldı. Məhz bu dəstək sayəsində əvvəlcə Ermənistanda yaşayan 200 mindən artıq azərbaycanlı dədə-baba torpaqlarından, daha sonra isə Dağlıq Qarabağdakı soydaşlarımız evlərindən qovuldu. 20 Yanvar 1990-cı ildə sovet ordusunun Bakıya yeridilməsi və qanlı qırğın törədilməsi müstəqilliyimizin bərpasına gedən yolda həlledici mərhələ oldu. Hamı bu həqiqəti dərk etdi ki, sovet ordusu güllə atdığı azərbaycanlıların ordusu deyil.
1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının Ali Soveti “Milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında” qərar qəbul etdi. Həmin qərar əsasında 5 sentyabr 1991-ci il tarixli fərmanla Azərbaycanda Müdafiə Nazirliyi təşkil edildi və milli ordunun yaradılmasına başlandı. 1991-ci il oktyabr ayının 9-da isə respublika Ali Soveti tərəfindən ordu quruculuğunun hüquqi bazası olan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun qəbul edildi.

8 dekabr 1991-ci ildə SSRİ-nin rəsmən süqutu elan olunduqdan sonra Azərbaycandakı sovet qoşunları sıralarında başlayan başıpozuqluq böyük faciəyə səbəb oldu. 26 fevral 1992-ci ildə sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayının iştirakı ilə XX əsrin ən böyük soyqırımlarından olan Xocalı qətliamı törədildi. Xocalı faciəsindən sonra Azərbaycanda başlayan ictimai-siyasi gərginlik Şuşa və Laçının itirilməsinə, daha sonra hakimiyyət dəyişikliyinə gətirib çıxardı. Milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin rəhbərliyi ilə hakimiyyətə gələn Azərbaycan Xalq Cəbhəsi heç bir hazırlıq görmədən Qarabağda sonradan müharibəyə çevriləcək hərbi əməliyyatlara başladı və ilk vaxtlar müəyyən uğurlar əldə edə bildi. Xocalı faciəsindən sonra gözü qırılmış xalqın özünəinamının qaytarılması üçün bu əməliyyatlar ilk baxışda əhəmiyyətli təsir bağışlayırdı. Lakin ordu quruculuğunun ləng getməsi, vahid komandanlığın olmaması, Rusiya ilə münasibətlərin düzgün qurulmaması və Müstəqil Dövlətlər Birliyinə daxil olmağı az qala “ölüm, ya qalım” məsələsinə çevirmək ardınca daha böyük faciələr gətirdi. 1992-ci ilin oktyabr ayında Əbülfəz Elçibəyin Moskvaya səfər edərək Rusiya Prezidenti Boris Yeltsinlə görüşməsi və “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə” imzalaması da vəziyyəti yumşaltmadı. Rusiya Dövlət Duması bu müqaviləni heç vaxt ratifikasiya etmədi (1992-1993-cü illərdə Azərbaycanın Rusiyada səfiri olmuş mərhum Hikmət Hacızadə “Azadlıq radiosu”na məşhur müsahibəsində Xalq Cəbhəsi hökumətinin Rusiya ilə bağlı siyasətini çox obyektiv təhlil etmişdi.

1992-ci ilin dekabr ayında Azərbaycan Ordusu Xankəndinin 5 km-liyindən geri qayıtdı, 1993-cü ilin fevralında Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi polkovnik Surət Hüseynov uğrunda minlərlə əsgərin qanı tökülmüş Ağdərədən qoşunları geri çəkdi, aprelin 2-də Kəlbəcər işğal olundu. Artıq hakimiyyəti itirmək üzrə olan Əbülfəz Elçibəyin israrı və Kremllə uzunmüddətli danışıqların nəticəsi olaraq 1993-cü il mayın 25-də Azərbaycandakı sonuncu Rusiya hərbi hissəsi - 104-cü hava-desant diviziyası Gəncəni tərk etdi. Diviziyanın komandiri general Şerbak Azərbaycanın payına düşən silah-sursatı hökumət nümayəndələrinə deyil, fevral ayında bütün hərbi vəzifələrindən uzaqlaşdırılaraq “Azəryun” şirkətinin prezidenti təyin olunmuş Surət Hüseynova təhvil verdi. Cəmi on gün sonra həmin silahlardan açılan atəşlər Elçibəy hökumətinin devrilməsi ilə nəticələndi.
Heydər Əliyev və Rusiya
Sonrakı proseslər göstərdi ki, rus ordusunun Azərbaycandan çıxarılması, Rusiyanın Gürcüstan və Tacikistanda sınaqdan çıxardığı vətəndaş müharibəsi ssenarisinin ölkəmizdə reallaşmasına imkan verilməməsi kimi, artıq əldən çıxmaq üzrə olan hakimiyyətin böyük siyasi təcrübəyə malik görkəmli dövlət xadimi Heydər Əliyevə ötürülməsi də Əbülfəz Elçibəyin tarix qarşısında ən böyük xidmətlərindən biri oldu. Kreml çox yaxşı tanıdığı, amma planlarında yer almayan Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsini həzm edə bilmədi. Çünki vaxtilə Sovet Azərbaycanına rəhbərlik etmiş Heydər Əliyevin Azərbaycanın müstəqilliyini heç kimə güzəştə getməyəcəyi bəlli idi – müstəqilliyin dəyərini hamıdan çox və hamıdan yaxşı bildiyi üçün.

Bu səbəbdən dərhal düyməyə basıldı, Azərbaycanın şimal və cənub bölgələrində yeni separatçılıq ocaqları yaradıldı, Dağlıq Qarabağ ətrafındakı beş rayon Rusiya ordusunun köməyi ilə Ermənistan tərəfindən işğal olundu, 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişinə cəhdlər edildi. Rusiyanın, eləcə də Ermənistanın ABŞ və Fransa kimi digər beynəlxalq havadarlarının təzyiqlərinə baxmayaraq, Heydər Əliyevin müqavimətini qırmaq mümkün olmadı. Qərbpərəst siyasi kurs elan etmiş Xalq Cəbhəsi hökumətindən fərqli olaraq, balanslaşdırılmış siyasətə üstünlük verən Heydər Əliyev 1993-cü ilin sentyabrında Azərbaycanın MDB-yə qoşulmasını rəsmiləşdirdi, cəmi bir il sonra isə dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzaladı.

Azərbaycanla Rusiya arasında münasibətlər yalnız 1997-ci ilin iyul ayında Azərbaycan Prezidenti Heydər Əliyev Moskvaya rəsmi səfəri zamanı rusiyalı həmkarı Boris Yeltsinlə “Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizlik haqqında Müqavilə” imzaladıqdan sonra konstruktiv məcraya qədəm qoymağa başladı.
Yaddan çıxmış Qəbələ RLS
Rus ordusu 1993-cü ilin may ayında Azərbaycandan çıxarılsa da, Qəbələdə Rusiyanın “Daryal” radiolokasiya stansiyası (RLS) fəaliyyət göstərirdi. 1985-ci ildə istifadəyə verilmiş obyekt Hind okeanı regionunda - 6 min km radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verirdi. RLS Azərbaycan müstəqillik əldə etdikdən sonra uzun müddət hüquqi statusu olmadan çalışırdı. 24-26 yanvar 2002-ci ildə Moskvada Azərbaycan və Rusiya prezidentləri Heydər Əliyev və Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş” imzalandı (Bu sətirlərin müəllifi ulu öndəri həmin səfərdə müşayiət edən Azərbaycan jurnalistləri arasında idi).

Bu razılaşma ilə Azərbaycanın mülkiyyətinə çevrilən stansiya 10 il müddətinə (24 dekabr 2012-ci il tarixinədək) Rusiyaya icarəyə verildi və informasiya-analitik mərkəzi statusu əldə etdi. 2 minə yaxın rus hərbçisinin çalışdığı obyektin icarə haqqı ildə 7 milyon dollar idi. Yeri gəlmişkən, 2007-ci ildə keçirilən "Böyük səkkizlik" sammiti zamanı Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Corc Buşa Amerika radiostansiya elementlərini Polşa və Çexiyada yerləşdirmək əvəzinə, Qəbələ RLS-dən birgə istifadə etməyi təklif etmişdi.

2012-ci ildə Qəbələ RLS-in icarə müqaviləsinin vaxtı bitərkən Azərbaycan Prezidenti artıq İlham Əliyev idi. Hamı müqavilənin yenilənəcəyini gözlədiyi bir vaxtda Azərbaycan icarə haqqını kəskin artırdı. Əvvəlcə 15 milyon dollar aylıq icarə haqqı tələb edən rəsmi Bakı sonradan bu rəqəmi illik 300 milyon dollara qaldırdı. Nəticədə Rusiya Qəbələ RLS-dən rəsmən imtina etdiyini açıqladı və 2013-cü ildə sonuncu rus əsgəri Azərbaycan ərazisini tərk etdi. Lakin tarix Prezident İlham Əliyevin taleyinə rus əsgərini yenidən Azərbaycandan yola salmaq vəzifəsi yazacaqdı.
Vətən müharibəsi ilə gələn “sülhməramlılar”
Azərbaycan və azərbaycanlılar Birinci Qarabağ müharibəsindəki məğlubiyyəti heç vaxt qəbul etmədi. 2016-cı ilin Aprel və 2020-ci ilin Tovuz döyüşləri İkinci Qarabağ müharibəsinin işartıları idi. Hamı Ali Baş Komandanın “Atəş!” əmrini gözləyirdi. O əmr 27 sentyabr 2020-ci ildə verildi və İkinci Qarabağ müharibəsi cəmi 44 gün sonra Azərbaycanın tarixi Zəfəri ilə bitdi. Birinci Qarabağ müharibəsindən fərqli olaraq və ümumiyyətlə, Qafqaza ayaq basdığı 300 ildə ilk dəfə olaraq Rusiya bu dəfə Ermənistan tərəfindən döyüşmürdü. Şübhəsiz ki, bu, Prezident İlham Əliyevin 17 illik siyasi-diplomatik fəaliyyətinin nəticəsi idi.
Rusiyanın hərbi-siyasi elitası bu dəfə başqa plan cızmışdı. Azərbaycanın Şuşa Zəfərindən sonra erməni separatçılarının 100 illik siyasi mərkəzi Xankəndi şəhərinə ordumuzun daxil olmasına imkan verilmədi və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla bölgəyə 5 il müddətinə Rusiya sülhməramlıları yeridildi. O qədər də uzaq olmayan həmin gün hansı hisslər keçirdiyimizi yəqin ki, unutmamışıq. Şuşa sevincimiz üzümüzdə donmuş, Zəfər yolumuz yarımçıq kəsilmişdi. Bu düşüncədə olmağımıza əsas da vardı: 1990-cı illərdən bəri Rusiya sülhməramlı kimi daxil olduğu heç bir bölgədən çıxmamışdı. Bu dəfə də belə olacağından ehtiyat edirdik. Lakin Azərbaycanda BİR NƏFƏR vardı və “nəyi nə vaxt və necə etməyi mən bilirəm” deyə hamımızı sakitləşdirirdi. Bu adam Prezident İlham Əliyev idi.

Rusiya sülhməramlıları bölgəyə ayaq qoyan kimi ənənəvi üslubundan əl çəkmədi: müharibə dövründə Qarabağı tərk etmiş erməniləri evlərinə qaytardı, onların evlərinin sınmış şüşələrini və dağılmış damlarını bərpa etdi. Sonra da onları silahlandırmağa və silahdan istifadə təlimləri keçməyə başladı. Bütün bunları qeydə alan Azərbaycan hökuməti vaxtaşırı olaraq sülhməramlıların qanunsuz fəaliyyətlərini faktlarla ifşa etdi və mandatı çərçivəsində fəaliyyət göstərməsi üçün dəfələrlə xəbərdarlıqlar səsləndirdi. Rəsmi Moskvanın təzyiqlərinə baxmayaraq, Prezident İlham Əliyev Üçtərəfli Bəyanatın parlamentdə ratifikasiyasına və sülhməramlılara hüquqi status verməyə razılaşmadı.

23 aprel 2023-cü ildə Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması təkcə erməni separatçılarının deyil, həm də sülhməramlıların əl-qolunu bağladı. 2023-cü ilin 19-20 sentyabr tarixli antiterror əməliyyatı isə de-yure 35 ildən, de-fakto 100 ildən çoxdur Ermənistanın nəzarətində olan Qarabağda Azərbaycanın dövlət suverenliyini bərpa etdi. Məhz bu əməliyyatdan sonra Qarabağ erməniləri Azərbaycan ərazisini kütləvi surətdə və könüllü olaraq tərk etdilər. Belə bir şəraitdə isə Azərbaycan ərazisində Rusiya sülhməramlılarına ehtiyac qalmadı. 2025-ci ildə Azərbaycanı tərk etməli olan sülhməramlılar vaxtından ilyarım əvvəl – 12 iyun 2024-cü ildə ölkəmizdən getdilər. Bununla da Prezident İlham Əliyev siyasi karyerası ərzində ikinci dəfə rus əsgərini Azərbaycandan yola saldı.
Son söz yerinə
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ərazisində əcnəbi dövlətin ordusunun olmaması hər zaman xarici siyasət və milli təhlükəsizlik kursunun əsas prinsiplərindən biri olub. Əbülfəz Elçibəy hakimiyyəti üçün yalnız rus ordusunun Azərbaycanda olmaması prinsipial məsələ idi. Amma Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair AXC hökumətinin razılaşdığı ən məqbul nizamlama layihəsində bölgəyə beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsi nəzərdə tutulurdu.
Heydər Əliyevin tarix qarşısında ən böyük xidmətlərindən biri Azərbaycanın ən zəif vaxtlarında belə rus ordusunun sülhməramlı və ya başqa ad altında yenidən ölkəmizə qayıtmasına imkan verməməsi oldu.

Azərbaycanı Qoşulmama Hərəkatının liderinə çevirən İlham Əliyev isə ölkəmizdə heç bir əcnəbi dövlətin ordusunun olmamasını prinsip məsələsinə çevirdi. O, azərbaycanlıların arzuladıqları, amma reallaşmasına inanmadıqları iki böyük tarixi nailiyyətə cəmi 3 ilyarım ərzində imza atdı: ermənisiz Qarabağ və rus əsgəri olmayan Azərbaycan. Bu onun tarix və gələcək nəsillər qarşısında ƏN BÖYÜK XİDMƏTİ və ƏN BÖYÜK ƏSƏRİdir.
Şübhəsizdir ki, İlham Əliyev bir tarixçi kimi Azərbaycanın son 302 illik tarixini, başımıza gələn faciələrin mənbə və səbəblərini çox dərindən öyrənib, xanlıqlardan üzü bəri Azərbaycana rəhbərlik edən şəxslərin doğrularını da, səhvlərini də ciddi araşdırıb. O, Qarabağı azad etməklə yalnız ata vəsiyyətini yerinə yetirmədi. Təkcə Heydər Əliyevin deyil, Cavad xanın da, İbrahimxəlil xanın da, Hüseynqulu xanın da, Rəsulzadənin də, Elçibəyin də, Yalamada XI Qızıl Orduya qarşı dirəniş göstərməklə işğalı bir neçə saat ləngidən sərhədçilərin də, bolşeviklərə qarşı Gəncə üsyanında qanı ilə tarix yazan Cümhuriyyət zabitlərinin də ruhunu şad etdi.
106 yaşlı Azərbaycan Ordusunun bütün şəhidlərinə dərin hörmət və ehtiramla
Tarix üzrə fəlsəfə doktoru
Cavid İsmayıl,
Xüsusi olaraq “Qafqazinfo” üçün