Səyyar Gənclər Xidməti Göyçayda fəaliyyətini davam etdirir
17-iyl, 12:42 40 Gündəm / Cəmiyyət“Səyyar Gənclər Xidməti” layihəsi imkanları ucqar kənd gəncləri üçün yaxın etməyə davam edir. Ağdaş rayonundan sonra səfərlərin ikinci dayanacağı Göyçay rayonu olub.
Göyçayın Ləkçılpaq kəndində baş tutan açılış mərasimində ilk olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək, "Səyyar Gənclər Xidməti" layihəsinin əhəmiyyətindən bəhs edib. O, layihənin əsas məqsədinin ucqar kəndlərdə yaşayan gənclərə müxtəlif imkanlar yaratmaq olduğunu vurğulayıb, layihə vasitəsilə gənclərin inkişafı, karyera imkanlarının artırılması və onların aktiv iştirakının təmin edilməsi üçün göstərilən səylərdən danışıb, gəncləri 5 gün ərzində bu imkanlardan yararlanmağa, layihə çərçivəsində keçiriləcək təlimlərdə aktiv iştirak etməyə dəvət edib.
Daha sonra Göyçay rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi məsələlər üzrə müavini Zivər Zeynalovaya söz verilib. O, bu cür layihələrin rayonun inkişafına və gənclərin maariflənməsinə böyük töhfə verdiyini qeyd edib. Zivər Zeynalova layihənin təşkilatçılarına təşəkkür edərək, gənclərin inkişafı üçün hər zaman dəstək verməyə hazır olduqlarını ifadə edib.
Daha sonra gənclər üçün “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyalarına başlanılıb.
Səyyar Gənclər Xidməti çərçivəsində kənd gəncləri üçün robototexnika, rəsm çəkmə, 3D printer və qələm, tətbiqi şəbəkə sənəti üzrə master-klaslar həyata keçirilib.
Tədbir ərazisində STEAM formatlı innovativ sərgi, gənclərin “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş süni intellekt alətləri ilə yaratdıqları təsvirlər və rəsm əsərləri, virtual eynəklə virtual səyahət, gənclər üçün şəxsi anketin (CV) yaradılması xidməti yer alıb.
Xidmətlər çərçivəsində nəzərdə tutulmuş yarış və oyun proqramları üzrə gənclər arasında vətənpərvərlik mövzusunda “Xəmsə” intellektual oyunu, Azərbaycan xəritəsinin pazl lövhə üzərində qurulması yarışı, stolüstü futbol və labirint yarışı, darts oyun çempionatı, çölçü oyun yarışı, “Jenga” oyunu, kəndir dartma yarışı baş tutub. Yarışlarda fəallıqları ilə seçilən gənclər mükafatlandırılıb.
Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” tərəfindən həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsinin bu il oktyabr ayınadək hər birində 5 gün olmaqla, 10 şəhər və rayonda ucqar kənd gənclərinə xidmət göstərməsi nəzərdə tutulur.