Dəhliz savaşları və Rusiyanın maraqları: Azərbaycan iştirak etməlidirmi?


"Mərkəzi Asiya ölkələrinin müdafiə birliyinin yaradılması mümkündür. Belə bir birliyin olmasında region ölkələrinin hamısı maraqlıdır". 
     Bunu Qaynarinfo-ya açıqlamasında "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Mərkəzi Asiya ölkələrinin müdafiə birliyinin yaradılması təşəbbüsünü şərh edərkən deyib. 

     Ekspertin fikrincə, müdafiə birliyində Moskva maraqlıdır:

     "Regionda nüfuz sahibi olan Rusiya bu planın reallaşmasında maraqlıdır. Cənub istiqamətindən həmin regiona təhlükə ciddi olaraq qalmaqdadır. Bu təhlükələr də özünü radikalizm, terrorizm, narkotrafik kimi məsələlərdə göstərir. Cənubda Əfqanıstan kimi qaynar nöqtələr var. Əfqanıstan mövzusu hələ də Mərkəzi Asiya ölkələrinin diqqət mərkəzində olaraq qalmaqdadır. Ona görə də mövcud vəziyyətdə Mərkəzi Asiya ölkələrinin hər biri stabilliyi qoruyub saxlamaqda maraqlıdır".
 

    
     Mehman Əliyev qeyd edib ki, nəqliyyat kommunikasiya xətlərinin təhlükəsizliyi də belə bir birliyin olmasını vacib edir:

    
    Ətraflı 
 
 
"Son dövrlər bölgəmizdə nəqliyyat kommunikasiya məsələləri ciddi xarakter almağa başlayıb. Həmin dəhlizlərin müdafiəsi, təhlükəsizliyin təmin edilməsi də region ölkələrinin birgə səylərini tələb edir. Ona görə də bu prosesdə hərbi-kəşfiyyat və s. strukturların birgə aktiv iştirakı vacibdir. Nəqliyyat dəhlizləri üzrə yükdaşımalar getdikcə artır. Orada hər hansı bir problemin meydana çıxması isə ciddi gərginlik yaradacaq. Bu səbəbdən dəhlizlərin müdafiəsi də vacibdir. Həmin səbəblər isə region ölkələrinin hərbi əməkdaşlığını vacib edir. Digər tərəfdən, Mərkəzi Asiya ölkələri arasında sərhəd məsələsi və su üstündə ciddi problemlər var. Birgə müdafiə sisteminin yaradılması isə təhlükəsizliyin təmin edilməsini daha da gücləndirəcək, ölkələr mövcud problemlərini bir araya gələrək dinc yollarla həll edəcəklər. Həmin birliyin yaradılması xüsusən də Rusiya üçün vacibdir. Çünki Mərkəzi Asiya ölkələrində stabilliyin olması fonunda terrorizm, radikalizm, narkotrafik asan və açıq şəkildə Rusiya ərazisinə keçə bilməyəcək".

     Həmsöhbətimizə görə, Azərbaycan da bu qurumda iştirak etməlidir:

     "Sözügedən nəqliyyat dəhlizləri Azərbaycandan gəlib keçir. Ölkəmizə bu mənada Xəzər dənizində də əməkdaşlıq lazımdır. O, mənada Azərbaycan avtomatik olaraq bu sistemin tərkib hissəsi olur. Belə bir sistem ümumilikdə türkdilli dövlətlər üçün də təminata çevrilə bilər. Hesab edirəm ki, hətta həmin müdafiə birliyində Gürcüstanın iştirakı da realdır. Çünki o da dəhlizin bir üzvüdür".
 
Qeyd edək ki, bir müddət əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya dövlətlərinin müdafiə birliyinin yaradılması təşəbbüsü ilə çıxış edib. Hətta Azərbaycan Prezidenti İlham Əliyevin də Astanada iştirak etdiyi dövlət başçılarının son sammitində də Mərkəzi Asiya "beşliyi"nin (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) rəhbərləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. 

     Sammitdə çıxış edən Özbəkistan prezidenti Şavkat Mirziyoyev "5+Azərbaycan" formatında regionda qarşılıqlı hərbi dəstək və əməkdaşlığın bütün aspektlərini əks etdirən yeni strateji sənədin - Regional təhlükəsizlik və sabitliyin təmin edilməsi Konsepsiyasının hazırlanmasını təklif edib. 

     Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev isə hesab edir ki, Mərkəzi Asiya dövlətlərinin müdafiə siyasəti sahəsində birləşməyə ehtiyacı var: "Mərkəzi Asiyanın perimetri boyunca davam edən çətin hərbi-siyasi vəziyyət fonunda müdafiə siyasəti və təhlükəsizlik sahəsində əməkdaşlığa ehtiyac var".
 
Rüfət Sultan