107 yaşlı məktəbdən 100 faizlik nəticə: bütün məzunları tələbə oldu


Təhsil hər bir vətəndaşın əsas hüququ və sosial məsuliyyətidir. Əlçatanlığı hamı üçün təmin olunmalı olan bu təməl hüquq bizim özünütəsdiq və gələcək üçün ən vacib kapitalımızdır. Bu səbəbdən də tam orta təhsil almaq, ali məktəbə daxil olmaq prioritet olmalıdır.
Bu il ali məktəbə qəbul nəticələrinə görə liderlik edən məktəblər oldu, o məktəblərdən biri də Bakının Səbail rayonundakı 162 saylı məktəbdir. 2023-2024 – cü tədris ili üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan ali məktəblərə qəbul imtahanında məktəbin 11 B sinif şagirdi Rəvanə Əmirova 619 bal toplayaraq ölkə məzunları arasında 600-dən çox bal toplayanlar siyahısında qərarlaşdı. Ölkə üzrə 500-dən çox bal toplayan məzunlar arasında isə məktəbin 3 şagirdi var. Aysel Şahməmmədli 594, Həsən Namazlı 575, Güldərən Paşazadə isə 548 balla yüksək nəticə göstərən şagirdlərdəndir.
Məktəbin bu ilki məzunlarının göstərdiyi maksimum qəbul nəticəsi 162 saylı təhsil ocağının, ölkə üzrə ali məktəbə qəbul imtahanlarından əldə edilən uğurda xüsusi paya sahib olduğunu təsdiqlədi. Belə ki, rəhbərliyi Vüsalə Mirzəyevanın öhdəliyində olan 11 A sinfindən məzun olan şagirdlərinin hamısı bu il ali məktəbə qəbul oldu. Həmin sinfin şagirdlərindən olan Şahməmmədli Aysel BANM, Proseslərin avtomatlaşdırıkması mühəndisliyi, Həsən Namazlı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnformasiya təhlükəsizliyi, Əli Ələkbərov isə həmin universitetin enerhetika mühəndisliyi ixtisaslarına yiyələnəcəklər.
11 A sinfinin digər şagirdlərindən olan Güldərən Paşazadə və Emin Əsədli UNEC-də təhsil alacaqlar, Güldərən Beynəlxalq münasibətlər, Emin isə Dövlət və bələdiyyə idarəetməsi ixtisaslarına sahiblənəcək.
11 A-dan Qarabağ Universitetinə qəbul olan da var. Ləman Əzizli Qarabağ Universitetində kompyuter mühəndisliyi üzrə oxuyacaq. Abdulkərim Kərimov və Səbinə Seyidova BDU-da təhsil alacaq, Abdulkərim Yer quruluşu və daşınmaz əmlak kadastrı ixtisasını, Səbinə isə biologiya müəllimliyi üzrə püxtələşəcək. Fərid Cəbrayılov AZMİU, inşaat mühəndisliyi, Tellər Məmmədova Bakı Biznes Universiteti, sosial iş, Leyla Rəhimova Bakı Slavyan Universiteti, xarici dil müəllimliyinə sahiblənəcək.
Həmin sinfin məzunlarından olan Aysun Alıyeva ADMİU, Sosial iş, Mətin Əlizadə Qərbi Kaspi Universiteti, Turizm bələdçiliyi, Murad Mehdizadə Azərbaycan Texniki Universiteti, Hərbi kompazisiya materiallarının mühəndisliyi, Kamal Şəmşiyev Gəncə Dövlət Universiteti, Dizayn, Ayxan İsgəndərli Sumqayıt Dövlət Universiteti, Kompyuter mühəndisliyi ixtisaslarına qəbul olublar.
11 A-nın xaricdəki təhsil ocaqlarına qəbul alan məzunları da var. Sultan Bəylərli Osman Qazi Universitetində Memarlıq, Ərən Allahverdi Ankara Universitetində Siyasi biliklər, Kənan Həsənov Sankt Peterburq Texnologiya Universitetində menecment ixtisaslarına yiyələnəcəklər.
Qeyd edək ki, 162 saylı orta məktəb Bakının ən qədim və köklü məktəblərindən biridir. Bu məktəbin məzunları ali məktəblərə imtahanlarda hər il böyük nailiyyətlər əldə edirlər. Məktəbin şagirdləri isə mütamadi olaraq beynəlxalq olimpiadalarda, müxtəlif bilik və idman yarışlarında qalib olub medallar qazanırlar. Məktəbdə xarici dil kimi rus və ingilis dilləri tədris edilir. Müəllim-şagird nisbəti 1:13 nəfərdir.
Məktəb, 2016-cı ildə yaradılmış “Kiçik Akademiya” AMEA-nın “Gənc Alim və Mütəxəssislər Şurası” nın dəstəyi ilə şagirdlərin potensial istedadınının aşkara çıxarılması, onların gələcək inkişafının düzgün istiqamətləndirilməsinin təmin edilməsi məqsədi ilə həyata keçirdiyi tədbirlər nəticəsində bir sıra uğurlara imza atıb. Məktəbdə zəngin maddi-texniki baza ilə təchiz olunmuş fizika, biologiya, kimya, informatika kabinetləri, ekosinif fəaliyyət göstərir. Gənclərin Çağırışa Hazırlıq kabinetində isə mini kazarma yaradılıb. 11.09.2017-ci il tarixində ölkə prezidenti cənab İlham Əliyev əsaslı təmirdən sonra məktəbə gələrək, görülmüş quruculuq işləri ilə yaxından tanış olub.
Məktəbin direktoru Nərgiz Ələkbərovanın sözlərinə görə, məktəbdə Təhsil Nazirliyinin “Rəqəmsal bacarıqlar” (Alqoritmika), STEAM pilot layihələri uğurla həyata keçirilir. STEAM şagirdləri “Hakaton 2021″ ,”Makerthon 2021″ ,”Makerthon 2022″ ,”Smart School” yarışmasında, İzmir Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən beynəlxalq Online VEX Robotics yarışmasında, Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə “STEAM Azərbaycan” layihəsi çərçivəsində STEAM Azərbaycan Festivalında (SAF) uğurla iştirak ediblər. Yeri gəlmişkən qeyd edək ki, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin avqust ayında elan edilmiş nəticələrinə görə məktəbin Azərbaycan dili, Steam təlimçi və Rəqəmsal bacarıqlar müəllimi Sevinc Əliyeva uğur qazanıb.
1-ci Qarabağ müharibəsi qəhrəmanı, şəhid Etibar Allahverdi oğlu Əliyevin adını daşıyan bu təhsil ocağı Bakıda Vətən Müharibəsində ən çox şəhid vermiş məktəbdir. Vətən Müharibəsində 162 saylı məktəb 4 məzununu şəhid verdi. Məktəbin əvvəlki illərdən olan məzunları Bilal Qəmbərov, Əli Tağıyev, İsmayıl Hüseynov, Cavidan Ağayev döyüşlərdə şücaət göstərərək qəhrəmanlıqla şəhid oldular. Məktəbin həyətində şəhidlərin xatirəsinə barelyef düzəldilib və iri fotoları vurulub, hər biri haqqında məlumatlar qeyd olunub.Məktəbin Hərbi rəbəri Sarvan Şirinov uğurlarına və səmərəli fəaliyyətinə görə fərqlənərək ötən il Elm və Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərmanla təltif olunub.
Məlumat üçün qeyd edək ki, 107 yaşlı məktəbin binası 1917-ci ildə Bakı milyonçusu Murtuza Muxtarov tərəfindən inşa edilib. Məktəbdə qızlara təhsil verməklə yanaşı, toxumaq, tikiş tikmək kimi bacarıqlar öyrədilirdi. Məktəb 650 yerlik əsas korpusdan ibarətdir, 5 günlük və 2 növbəli iş rejimində işləyir. Hazırda 57 sinif komplektində 1689 nəfər şagird Azərbaycan və rus bölmələrində təhsil alır. 98 nəfərdən ibarət pedoqoji kollektiv üzvlərindən bir nəfər elmlər namizədidir.
Tələbələrə təhsil həyatında, məktəb rəhbərliyinə və müəllim-şagird heyətinə yeni tədris ilində uğur arzulayırıq.
Lalə Mehralı Analoq.az