COP-29
19-noy, 11:04 54 Gündəm“Dünyaya Sülh, Müharibələrə Son!” Beynəlxalq Hərəkat İctimai Birliyinin Azərbaycan Respublikasında keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişkənliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının iştirakçılarına
Müraciəti
Hörmətli Baş Katib və Beynəlxalq Konfrans iştirakçıları!
Məqsədi işğalçı müharibələrin qarşısını almaq, davam edən müharibə və münaqişələri dərhal dayandırmaq, onları danışıqlar yolu ilə nizama salmaq, dünyada əbədi sülhə, əmin-amanlığa nail olmaq, müharibələrə həmişəlik son qoymaq üçün “Dünyada Əbədi Sülh Müqaviləsi”nin bağlanması niyyəti ilə “Dünyanın bütün sülhsevər qüvvələri, birləşin!”çağırışı ilə dünyanın bütün sülhsevər əhalisinə müraciət edib onlarla sülh uğrunda birgə fəaliyyət göstərmək üçün təsis etdiyimiz “Dünyaya Sülh, Müharibələrə Son!” Beynəlxalq Hərəkat İctimai Birliyinin üzvləri adından, öz adımdan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişkənliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının iştirakçıları kimi sizləri Azərbaycan torpağında salamlayır, işinizdə uğurlar arzu edirik!
Beynəlxalq əhəmiyyət kəsb edən iqlim dəyişikliyi ilə bağlı bu konfransın əsas məqsədi təbiəti, atmosferi, ətraf mühiti zəhərləyən, insanların sağılamlığına təhlükə törədən, ziyanlı olan bütün vasitələrdən qorumaq olduğu üçün bu niyyət və fəaliyyətinizi alqışlayır, bu sahədə sizə müvəffəqiyyətlər arzu edirik.
Bununla yanaşı özümüzə borc bilib bəyan edirik ki, nə qədər ki, müharibələr, münaqişələr davam edir və bəşəriyyətin başı üstünü əvvəlki iki dünya müharibəsindən daha dəhşətli olacaq milyonlarla insanları məhv edəcək nüvə silahlarının istifadə edilməsinin qaçılmaz olacağı 3-cü dünya müharibəsinin baş verməsi təhlükəsi günbəgün artır. Belə bir şəraitdə bu konfransın əhəmiyyətini azaltmağa çalışmadan iqlim dəyişkənliyi ilə bağlı problemləri həll etmək üçün birinci növbədə görüləcək işlərin bir qismini səmərəsiz edə biləcək müharibələrin qarşısını almaq lazımdır. Əks halda müharibələr davam edəcəyi təqdirdə dünya əhalisi, xüsusən də mülki əhalinin həlak olmaqda, şəhərlər, qəsəbələr, bəşəriyyətin inkişaf tarixini özündə əks etdirən çoxlu tarixi, maddi-mənəvi, dini abidələr dağıdılacaq, müharibələr üçün silah və onların komponentlərini istehsal edən zavodların, fabriklərin, labarotiryaların və başqa müəssisələrin atmosverə, çaylara, göllərə, dəniz və okeanlara, torpağa buraxdığı zəhərli maddələr iqlim dəyişikliyi ilə bağlı konfransın həyata keçirəcəyi işlərə də mənfi təsir edəcək, meşələr, fauna, flora mühiti məhv ediləcək, sular, atmosver, əkinlər, qidalar zəhərlənəcək və bütün bunlar insanların sağlamlığı üçün olduqca böyük təhlükə törədəcəkdir. Müharibələrin gedişində və ondan sonra dövlətlər, millətlər, xalqlar və dinlər, dini məzhəblər arasında düşmənçilik, ədavət münasibətləri daha da artacaq və bu münasibətlər illərlə davam edəcəkdir. Bu da bəşəriyyətə sonsuz faciəilər gətirəcəkdir.
Bəşər tarixində baş vermiş minlərlə müharibələri deyil, yalnız iki dünya müharibəsinin dəhşətli, fəlakətli nəticələrindən dərs almayan dünyanın bir sıra dövlətləri ondan sonra Koreyada, Vyetnamda, Fələstində, İraqda, Əfqanıstanda, Liviyada, Yuqoslaviyada, Suriyada, onların dəstəyi ilə Azərbaycanda və digər ölkələrdə qanlı müharibələr, qırğınlar, vətəndaş müharibəsi törətdilər, onların acı nəticələri hələ də davam etməkdədir.
Nəzərinizə çatdırmaq istəyirik ki, indi BMT-nin beynəlxalq konfransın keçirildiyi Azərbaycan Respublikası da Ermənistan dövlətinin təcavuzuna məruz qaldı, həmin respublikada yaşayan 250 mindən çox azərbaycanlı tarixi torpaqlarından, doğma ev-ocaqlarından qovuldular. Azərbaycan Respublikasının isə 20 faiz ərazisini işğal edib həmin ərazilərdə yaşayan 750 min, cəmi 1 milyondan çox azərbaycanlı doğma ev-eşiyindən, vətənlərindən qovulub didərgin salındı. Ermənistanın bu işğalçılıq siyasətinə baxmayaraq 1992-ci ilin əvvəllində Birləşmiş Millətlər Təşkilatına (BMT) suveren demorkratik bir dövlət kimi üzv qəbul edildi. Bundan sonra da Ermənistan nəinki o vaxtkı Dağlıq Qarabağ Muxtar vilayətinin bütün ərazisini, hətta vilayətə daxil olmayan 7 (yeddi) rayonu da işğal etdi, əhalisini qovdu, bir qismini əsir etdi, öldürdü, sağ qalanlara dəhşətli işgəncələr verdi, Xocalı kimi əsrin faciəsini törətdi, əhalinin bir qismini əsir götürdü, uşqalara, qadınlara, qocalara rəhm edilmədi, öldürüldü, az bir qismi isə qaçmaqla özlərini xilas edə bildilər. 30 il ərzində qaçqın, məcburi köçkün qismində ağır həyat şəraiti keçirdilər.
Azərbaycan Respublikasının işğal edilmiş torpaqlarından Ermənistanın bütün silahlı qüvvələrinin şərtsiz çıxarılması barədə dövlətlərinizin təmsil olunduğu BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 məlum qətnaməsinə məhəl qoyulmadı. Dünyanın bir sıra anti Azərbaycan dövlətləri tərəfindən dəstəklənən Ermənistanın işğalçı ordusunun torpaqlarımızdan çıxarılması 30 il təmin edilmədi. Əksinə bu müddət ərzində Ermənistanın silahlı qüvvələri, separatçılar silah, hərbi sursatla təmin edildilər. Hətta Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması barədə 4 (dörd) məlum qətnaməyə səs vermiş ABŞ heç bir dövlətin, o cümlədən də Ermənistanın və özü də tanınmadığı separatçıların “Artsax” adlandırdıqları quruma hər il maliyyə yardımı edildi. Ermənistanın öz ərazilərindən və respublikamızın işğal etdiyi ərazilərindən qovduğu 1(bir) milyondan çox qaçqın və köçkünümüz olduğu halda guya Ermənistanı mühasirədə saxlamağımız bəhanəsi ilə iqtisadiyyatımızın inkişaf etmədiyi ağır bir şəraitdə yardımdan məhrum edildik, işğalçı Ermənistana və separatçılara yardım edilərək mükafatlandırıldılar. Bu ikili standart siyasət nəticəsində torpaqlarımız 30 il işğal altında qaldı.
Bu müddət ərzində Ermənistanın işğalçı ordusu, həmin ərazidə yaşayan Azərbaycan Respublikasının separatçı vətəndaşları, Ermənistandan və dünyanın başqa dövlətlərindən həmin ərazilərə köçürülmüş erməni millətinə məxsus antiazərbaycan qüvvələri tərəfindən işğal edilmiş ərazilərində şəhər, qəsəbə və kəndlərimiz, bütün yaşayış massivləri, təhsil, mədəniyyət, idarəetmə, istehsal, xidmət müəssisələri, tarixi, mədəni, dini abidələr dağıdılmış, talanmış, yerlə yeksan edilmiş, vətəndaşlarımıza, dövlətə, ictimai təşkilatlara məxsus bütün əmlaklar, yeraltı və yerüstü sərvətlərimiz Ermənistana və xarici dövlətlərə daşınmış, mənimsənilmişdir.
Azərbaycan işğal edilmiş ərazilərini 2020-ci ildə 30 ildən sonra yalnız öz gücü ilə 44 gün ərzində çoxlu qurbanlar hesabına azad edərək həmin ərazilərdə suverenliyini bərpa etdi. Lakin müharibənin ağır faciəli nəticələri hələ də davam edir və yaxın onillilklər ərzində də davam edəcəyi şübhəsizdir. Belə ki, Ermənistan dövləti iğal edilmiş əraziləri minaladığı və onların xəritələrini tam vermədiyi üçün müharibənin qurtarmasından dörd il keçməsinə baxmayaraq, minalanmış əraziləri təmizləımək mümkün olmamış, dinc dövrdə yüzlərlə insan həyatını itirmiş, əlil olmuşdur, bu halllar hələ də davam edir və hələ bir neçə illər də davam edəcəkdir. Bu da həmin ərazilərdə bərpa işlərinin həyata keçirilməsinə çox mənfi təsir göstərir.
Onu da nəzərinizə çatdırmağı lazım bilirik ki, Ermənistanla Azərbaycan arasında 30 illik müharibə 4 (dörd) il bundan əvvəl qurtarmasına baxmayaraq bu konfransı pozmağa çalışan və buna görə də onda iştirak etməyən NATO, Avropa Birliyinin bəzi dövlətləri və hətta onlara daxil olmayan dövlətlərin bir qismi Azərbaycanla Ermənistan arasında da sülh müqaviləsinin bağlanmasına hər vəchlə mane olur, Ermənistanı müasir silahlarla təchiz edir, hərbi kadrlar göndərir, maliyyə və digər vəsaitlərllə təmin etməklə, bu iki qonşu dövlət, xalq arasında yenidən müharibə ocağını alovlandırmaq istəyirlər.
Üç il bundan əvvəl Rusiya Federasiyası ilə Ukrayna arasında başlanan və hazırda Ukrayna və Rusiya ərazilərində, bir il bundan əvvəl İsrail ilə Həmas arasında Qəzzada, Fələstində, Livanda başlanan, eləcə də dünyanın başqa bölgələrində gedən müharibələr hələ də davam edir. Nəticədə çoxsaylı mülki şəxslər, o cümlədən də özünü müdafiə etmək imkanı olmayan uşaqlar, (xüsusən də körpə uşaqlar), qadınlar, qocalar və digər şəxslər öldürülür, şikəst edilir, yüz minlərlə insan doğma ev-eşiyindən qovulur, qaçqın, məcburi köçkün halına salınır, evlər, məktəblər, xəstəxanalar, uşaq, əlil evləri bombalanıb məhv edilir.
Lakin Amerika Birləşmiş Ştatları başda olmaqla NATO blokuna, Avropa Birliyinə daxil olan dövlətlərin fəal iştirakı ilə əllidən çox dövlət Ukrayna ilə Rusiya arasında müharibənin danışıqlar yolu ilə nizama salınmasına imkan vermir, Ukraynanı silah-sursat, maliyyə və digər vəsaitlərlə təmin edir, hərbi və digər informasiya yardımları etməklə maharibənin daha da genişlənməsinə, iki dövlət, xalq arasında düşmənçiliyin, ədavətin daha da dərinləşməsinə şərait yaradılır. Bu da yüz minlərlə insanın öldürülməsi, şikəst edilməsi, uşaqların atasız, qadınların ərsiz qalmasına, valideynlərin uşaqlarını itirilməsinə səbəb olur, şəhərlərin, infrastukturun məhv edilib dağılması ilə nəticələnir.
Həmin dövlətlərin rəhbərləri bütün dünya, o cümlədən bu dövlətlər üçün də həyati əhəmiyyət kəsb edən BMT-nin qlobal iqlim dəyişikləri ilə bağlı planetimizdə yaranmış problemləri müzakirə edib onları birgə həll etmək üçün ölkəmizdə keçirdiyi bu beynəlxalq əhəmiyyətli konfransın məhz Azərbaycana olan düşmən münasibətlərinə görə onun baş tutmasına qarşı çıxıb onu baykot etməyə cəhd etdilər. Bu, baş tutmadıqda isə ona qatilmadılar. Bu faktlarla da bir daha onların nəinki Azərbayana, hətta bu konfransa qatılan BMT üzvü olan dövlətlərlə yanaşı təbiətə, dolayısı ilə həm də öz dövlətlərinə qarşı da düşmən mövqedə olduqlarını sübut etdilər. Çünki qlobal iqlim dəyişkənliyi bir və ya bir neçə dövlətin sərhədləri daxilində yaranan problem deyil, ümümdünya xarakterli, o cümlədən də bu konfransı boykot etməyə çaılşan və ona qatılmayan dövlətləri də əhatə edən problemdir. Buna görə də bu problemi bütün dünya dövlətlərin birgə səyi nəticəsində aradan qaldırmaq mümkündür. Dünya bizim ümumi evimizdir. Evimizi hamılıqla birlikdə qorumalıyıq. Sülh olmadan yaşamaq, yaratmaq mümkün deyil. Məhz buna görə də hamımız “Dünyaya sülh, müharibələrə son!” çağırışımıza qoşulmaqla ümumi evimiz olan planetimizi müharibələrdən qorumalı, dünyada sülhü,əmin-amanlığı həmişəlik bərpa etməliyik.
Ona görə də biz bu müharibələrlə bağlı dərin narahatlığımzı bildirir və dünyanın bütün sülhsevər qüvvələrini bu müharibə və münaqişələrin dərhal dayandırılmasını tələb edir, müharibənin danışıqlar yolu ilə nizama salınmasına mane olan NATO, Avropa Birliyi dövlətlərinə və onlarla əlbir olan dövlətlərin bu hərəkətlərinə qəti etiraz edir, onları müharibələrin danışıqlar vasitəsi ilə nizama salınmasına mane olmamağa, əksinə, tərəfləri danışıqlara dəvət etməyə çağırır və sizləri də bizim bu çağırışlarımıza qoşulamğınızı təklif edirik. Əks halda artıq başlanmış olan 3-cü dünya müharibəsi dünyanın başqa dövlətlərinin ərazilərini də bürüyəcək və bu da dünya əhalisinin böyuk əksəriyyətinin qırılıb məhv edilməsinə, saysız-hesabsız qaçqınlar, məcburi köçkünlər ordusunun yaranmasına, şəhərlərin, yaşayış məskənlərinin, tarixi, maddi-mənəvi, dini və başqa abidələrin dağılıb məhv edilməsi ilə nəticələnəcək və iqlim dəyişikliyi ilə bağlı yaşıl layihə üzrə həyata keçirilən işlərin təhlükə ilə üzləşməsi də qaçılmaz olacaqdır.
Ona görə də müharibə və münaqişələrə danışıqlar yolu ilə son qoyulmalı, insan qırğınlarının qarşısı birdəfəlik alınmalıdır. Bunu isə bir və ya bir neçə dövlət, millət, xalq edə bilməz. Bunun üçün dünyanın bütün dövlətləri, millətləri, xalqları birləşib birgə fəaliyyət göstərməlidir. Buna görə də planetimizdə iqlim dəyişilkliyi məsələlərini həll etmək üçün bu beynəlxalq konfransda təmsil etdiyiniz dövlətlərin nümayəndələri kimi sizi və dünyanın bütün sülhsevər qüvvələrini əvvəlcə müharibələrin, münaqişələrin qarşısını almaq üçün onları yaradan səbəbləri müəyyən edib onları aradan qaldırmağa, müharibə edən tərəfləri danışıqlara dəvət etməyi təklif edirik. Çünki müharibələr konfransın qəbul etdiyi qərarlarla bağlı həyata keçiriləcək işlərin böyük bir qisminə təhlükə törədəcəkdir.
Qeyd edilənlərə əsasən müharibələrin ağır, faciələri nəticələrini nəzərə alıb böyük əhəmiyyətə malik olan bu beynəlxalq konfransın qəbul edəcəyi qərarlara, işlərə ziyan vura biləcək müharibə və münaqişələrin dərhal dayandırılması, onların danışıqlar yolu ilə nizama salmaq, dünyada sülhün, əmin – amanlığın həmişəlik bərqarar olması, müharibələrə, münaqişələrə həmişəlik son qoyulması üçün BMT üzvü olan dövlətləri “Dünyada Əbədi Sülh Müqaviləsi” bağlamaq üçün qətnamə qəbul etməyinizi təklif edirik. Qoy bu sənəd Dünyada Əbədi Sülh Müqaviləsinin təməl daşı olsun!
Biz, işinizdə sizlərə uğurlar arzulamaqla Birləşmiş Millətlər Təşkilatının üzvü olan bütün dövlətlərini BMT Nizamnaməsində nəzərdə tutulan məqsədlərinə nail olmaq üçün onları müharibə aparan və onları dəstəkləyən dövlətlərin siyasətlərinə qarşı qətiyyətlə çıxmağa və BMT-nin Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb bu məsələnin BMT-nin Baş Ansambeliyasında müzakirə edilməsini və üzv dövlətlərin “Dünyada Əbədi Sülh haqqında” müqavilə bağlanmasını təklif edir və sizləri də bu hərəkata qoşulub bizi dəstəkləməyinizi və bu məqsədlərə çatmaq üçün bizə hər cür yardım etməyinizi təklif edirik.
Biz də Azərbaycan dövlətinin və onun prezidentinin həm Ermənistan dövləti ilə, həm də dünyada yeritdiyi sülh siyasətini dəstəkləyir və sizləri də bu dövlətlər arasında sülh müqaviləsinin bağlanmasına mane olan dövlətlərə etiraz etməyə, bu müqavilənin tezliklə bağlanması üçün imkanlarınızdan istifadə etməyi təklif edirik.
Qeyd edilənlərlə bağlı hər birinizin şəxsində təmsil etdiyiniz dövlətin başçılarına, parlamentlərinə, siyasi partiyalarına, həmkarlar təşkilatlarına, dini, insan hüquqlarını müdafiə edən qurumlarına, sülh komitələrinə, həmvətənlərinizə birliyimizin, dövlətimizin, prezidentimizin və xalqımızın dünyada əbədi sülhə, əmin-amanlığa nail olmaq, müharibə və münaqişələrin qarşısını vaxtında almaq, davam edən müharibə və münaqişələrin isə dərhal dayandırmaq, onların danışıqlar yoli ilə nizama salmaqla bağlı niyyət və məqsədlərimizi çatdırmağınızı xahiş edirik. Bir daha fəaliyyətinizdə sizlərə uğurlar arzu edirik.
Böyük hörmət və ehtiramla,
Əmrulla ŞİRVANOV,
“ Dünyaya Sülh, Müharibələrə Son!” Beynəlxalq Hərəkat İctimai Birliyinin sədri
Azərbaycan Respublikası,Bakı şəhəri,
11 noyabr 2024-cü il.