Milli Qurtuluş Günü - xalqımızın şərəf tarixi!
15-iyn, 12:19 219 Gündəm / Siyasət / CəmiyyətBöyük şəxsiyyətləri, müdrik insanları, məğrur, əyilməz kişiləri çox vaxt nəhəng dağlara, uca zirvələrə bənzədirlər: "Dağ boyda kişi", "dağ cüssəli igid", "dağ vüqarlı oğul" və sair və ilaxır. Belə el deyimlərinin, bədii təşbeh və oxşatmaların təsirindəndirmi, yaxud nədəndirsə, harada əzəmətli dağ, başı qarlı uca zirvə görürəmsə, ilk növbədə gözlərim önünə xalqımızın qəhrəman oğulları, müdrik rəhbərləri, igid sərkərdələri, korifey sənətkarları, ən məşhur elm və mədəniyyət xadimləri... gəlir, özlüyümdə bənzətmə aparıram.
Tarixdə iz qoymaq tək-tək şəxsiyyətlərə nəsib olur, ən böyük şəxsiyyətlərsə tarix yaradırlar
Heydər Əliyev Azərbaycan xalqı üçün ümummilli lider, dünya üçünsə görkəmli ictimai-siyasi xadim və ümumbəşəri dəyərdir. Onun 1990-1993-cü illərdəki fəaliyyəti - öz xalqının milli azadlıq və müstəqillik uğrundakı mübarizəsinə qoşulması və faktiki olaraq müstəqillik uğrunda mübarizə hərəkatına rəhbərlik etməsi Azərbaycan dövlətçiliyinin və milli tariximizin parlaq səhifəsini təşkil edir. Xüsusən, 1993-cü ildə Azərbaycan dövlətçiliyinin çətin sınaqlar qarşısında dayandığı, məhvolma təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda Heydər Əliyev xalqın çağırışına səs vermiş, onun tələbi və dəstəyi ilə yenidən ölkə rəhbərliyinə qayıtmış və xüsusi qurtuluş missiyası həyata keçirərək, dövlətçiliyin XİLASKARINA çevrilmişdir.
Kimisini Azərbaycanımızın güneyindəki Savalana, kimisini qüzeyindəki Bazar düzünə, Baba dağına, kimisini Türkiyədəki Ağrı dağına, kimisini Avropadakı Alp dağının, Asiyadakı Pamir və Himalay dağlarının... zirvələrinə bənzədirəm. Mənim zənnimdə ümummilli liderimiz Heydər Əliyev Himalayın ən uca zirvəsi olan Everestlə (onu Comolunqma zirvəsi də adlandırırlar) eyniyyət təşkil edir. Yaşadığımız planetdə Everestdən uca zirvə olmadığı kimi, dünya siyasətində Heydər Əliyevə tay tutulası, onun səviyyəsində durası şəxsiyyət yoxdur.
Uca dağların əzəməti, möhtəşəmliyi yaxından yox, uzaqlardan daha aydın göründüyü kimi, adını tarixə həkk etdirmiş şəxsiyyətlərin də böyüklüyü, əlçatmazlığı onların cismani çoxluğundan müəyyən vaxt keçdikdən sonra, ideyalarının, əməllərinin təntənəsini zaman təsdiqlədikcə üzə çıxır və hamı tərəfindən qəbul edilir.
Dünya miqyasında tanınan, artıq əfsanələşmiş tarixi şəxsiyyətlər, müdrik insanlar çox olub. Onların da bir çoxu əsrlər, minilliklər bundan əvvəl yaşadıqları üçün bu gün bilmək olmur ki, həmin şəxsiyyətlər həqiqətənmi bu qabiliyyətlərin sahibi olmuşlar, yoxsa insanların arzularının, ideallarının "məhsulu" kimi xəyali qəhrəman qismində, bəzək-düzəklə təqdim edilirlər. Heydər Əliyev isə bizim müasirimiz olmuşdur, onun dahiliyi, əlçatmazlığı hələ özünün sağlığında dünyanın böyük siyasətçiləri, dövlət xadimləri, müdrik insanları tərəfindən etiraf olunmuşdur. Onlardan bəzilərini, yeri gəlmişkən, yada salaq: YUNESKO-nun sabiq direktoru Federiko Mayor ümummilli liderimizi bir dəfə belə təqdim etdi: "Heydər Əliyev bütün dünyanın etiraf etdiyi görkəmli liderdir".
Heydər Əliyevin tarixi qayıdışı ölkəni anarxiya və dağılmaqdan xilas edib: “Bu illər ərzində tərəqqi, inkişaf, islahatlar, quruculuq-abadlıq işləri görülüb. Heydər Əliyevin qayıdışının nəticəsi inkişaf edən, güclənən, haqqını tələb edən Azərbaycandır”. İlham Əliyev Azərbaycanın regionun ən güclü dövlətlərindən biri olduğunu söyləyib.
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir.
1991-ci ilin oktyabrında Azərbaycan tarixində ikinci dəfə müstəqillik qazansa da, həmin dövrdə ölkəmizin belə bir siyasi iradə nümayiş etdirməsi bir sıra xarici dairələr və onların daxildəki əlaltılarını qane etmirdi. Həmin qüvvələrin xaricin dəstəyi ilə fəallaşması və tədricən ölkənin siyasi həyatına müdaxilə etmələri onsuz da ağır olan Azərbaycanda vəziyyəti bir qədər də gərginləşdirirdi. Digər bir tərəfdən Ermənistanın işğalçılıq siyasətinə rəvac verən addımları da getdikcə ölkəni idarəolunmaz vəziyyətə gətirirdi. Həmin dövrdə hakimiyyətdə olan qüvvələrin vəziyyətdən çıxış yolu tapa bilməmələri və idarəçilik bacarıqlarının zəifliyi Azərbaycanı parçalamaq istəyən daxili və xarici qüvvələrin işinə yarayırdı. 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, Azərbaycının bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı.
Heydər Əliyevin Bakıya qayıdışı ilə bütün bu məsələləri, problemləri aradan qaldırmağa təkan verən yeganə amil xalqın inamının özünə qayıdışı oldu. Məhz o inam hər şeyi həll etdi. Həmin dövrdən etibarən Heydər Əliyevin rəhbərliyi ilə ölkədə bütün istiqamətlərdə tənəzzülün qarşısı alındı, Azərbaycanın inkişafını təmin edən böyük addımlar atıldı. Heydər Əliyev qısa bir müddətdə bütün qüvvələri səfərbər edərək Azərbaycanı təhdid edən təhlükələrin aradan qaldırılmasına nail oldu. O dövrdə ümummilli liderin qarşısında duran əsas başlıca məqsədlər məhz bunlar idi. Təsadüfi deyil ki, Azərbaycanın müasir tarixinin başlanğıcı məhz ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışından hesablanır. Bunun əyani sübutu kimi işlədiyi dövr ərzində Heydər Əliyevin siyasəti nəticəsində ölkəmizin yüksək inkişaf etdiyini göstərmək olar. Bir qədər də konkretləşdirsək Heydər Əliyev tarixi qayıdışı ilə Yeni Azərbaycanın qurulmasına nail oldu.
Artıq qürurla demək olar ki, 28-ci ildönümü qeyd edilən 15 iyun - Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində ən yadda qalan hadisələrdən sayılır. Çünki Qurtuluş Günündən keçən 28 il ərzində Azərbaycan çoxlarının xəyal edə bilməyəcəyi dərəcədə inkişaf edib, dünya birliyinin bir parçasına çevrilib. 1992-ci ildə Heydər Əliyev tərəfindən başlanılan bu siyasət 2003-cü ildən etibarən ümummilli liderin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən 18 il ərzində ölkəmiziin bütün sahələrdə əldə etdiyi nailiyyətlər, ölkəmizin Cənubi Qafqaz regionunun liderinə çevrilməsi, dünya birliyində söz sahibi olması deyilənləri təsdiqləyir. Məhz bu amilləri nəzərə alaraq bu gün Azərbaycan vətəndaşları gələcəyə inamla baxır. Həmçinin bu inamın uğurlu nəticəsidir ki, ölkəmizin mütləq əksəriyyəti dövlət başçısı İlham Əliyevin növbəti beş il üçün də prezident kimi namizədliyini dəstəkləyir. Eyni zamanda böyük inam hissi ilə yaşayır ki, İlham Əliyev yenidən ölkə prezidenti seçilərək Azərbaycanın daha yeni-yeni uğurlara imza atmasına yol açacaq. Bu həm də onun bariz nümunəsidir ki, Azərbaycan bütövlükdə Heydər Əliyev yoluna, Heydər Əliyevin irəli sürdüyü namizədə və Heydər Əliyevin Azərbaycan xalqına əmanətinə sadiqdir.
15 İyun xalqımızın və dövlətimizin təhlükələrdən qurtulduğu, müstəqilliyimizin qorunduğu şanlı gündür. Bu böyük günün memarı olan ümummili lider Heydər Əliyevin xatirəsini sevgi ilə anır və Milli Qurtuluş Günü münasibətilə kollektivimiz adından bütün xalqımızı təbrik edirik!
Rəşad Haqverdiyev
Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin Notariusu