Ata oğlunun ölümündə şübhəli bilinən şəxsin bəraət almasını İSTƏYİR – TƏFƏRRÜAT

Azərbaycan vətəndaşı Nəsibov Əli Nəriman oğlu narkotik aludəçisi olan oğlu Nəsibov Vüsalın və digər oğlu Nəsibov Bəxtiyarın ölümünə görə həbs olunan Abbasov Əli adlı şəxsin həyatını xilas etmək niyyətindədir.
Bu barədə KAİM.az-a həmin şəxsin özü danışıb.
Onun sözlərin görə, 25 illik həyat yoldaşının kobud səhvləri nəticəsində xoşbəxt davam edən həyatında dəhşətli hadisələr baş verib:
Mən 25 ilə yaxındır ki, Bayramova Nəzakət Bayram qızı ilə vətəndaş nigahında yaşayıram. Birgə nigahdan bizim iki oğlumuz – Nəsibov Bəxtiyar və Nəsibov Vüsal dünyaya gəlib. Xanlar rayonunda yaşadığımız zamanlarda həyat yoldaşım Nəzakət heç bir yerdə işləməsə də, mən fermer təsərrüfatı ilə məşğul olub, lombard yaradmışam. Həm Bakıda, həm də Xanlar rayonunda ev və maşınlar alıb, bütün əmlakımı Nəzakətin adına rəsmiləşdirmişəm”.
Həmsöhbətimiz faciəvi hadisələrin həyat yoldaşının Bakıya köçmək üçün təkid etməsindən sonra baş verdiyini deyib:
“Nəzakət məndən xahiş etdi ki, Bakıya köçək, mən də lombardda işləyim. Mən bu təklifə qəti etiraz etdim. Çünki, uşaqlarımız çox davakar idi. Tez-tez onların törətdiyi pis əməllərə görə şikayətlər alırdım. Oğlanlarım boy-buxunlarına güvənərək önünə gələn şəxslərə sataşır və narazılıqların yaranmasına səbəb olurdu. Həyat yoldaşıma Bakıya köçsək onları zəbt edə bilməyəcəyimizi və daha pis nəticələrin otaya çıxacağını desəm də, məni dinləmədi. Hətta oğlanlarımı da mənə qarşı çıxardı. Onların təhqir və təhdidlərinə məruz qaldım. Artıq öz evimə gedəndə Nəzakət məni şərləyir və ailəmdən uzaq durmağımı tələb edirdi”.
Nəsibov Əli saytımıza açıqlamasında ailəsinin onu tərk edərək Bakıya köçməsindən sonra hər şeyin gözlədiyindən daha pis olduğunu bildirib:
“Oğlanlar Bakıda daha çox aqresivləşdi. Artıq onları tanıya bilmirdim. Bir müddət sonra hər ikisinin müxtəlif narkotik maddələr qəbul etdiyini və üstlərində bıçaq gəzdirdiklərini öyrəndim. Dərhal böyük oğlum Bəxtiyarla əlaqə saxlayıb onu bu yoldan çəkindirməyə çalışsam da, məni dinləmədi. Ona təklif etdiyim iş yerlərini də rədd etdi. Ailəmin pis əməllərinə mane olmaq istəsəm də, həyat yoldaşım buna imkan vermədi. Çünki, açıqlamaq istəmədiyim səbəblərə görə həm özünü, həm oğlanlarımı məndən uzaqlaşdırmaqda qərarlı idi”.
Şikayətçinin sözlərinə görə, oğlanlarına dəfələrlə bu yoldan çəkinmək üçün xəbərdarlıq etsə də, nəticə hasil olmayıb. Ya həbsə, ya da məzara gedən yoldan çəkilmək istəməyən ailə üzvləri faciə ilə üzləşib:
“1 mart 2021-ci il tarixində oğlum Nəsibov Bəxtiyarın idman zalında Abbasov Əli adlı şəxs tərəfindən bıçaqlandığı xəbərini eşidib təcili Bakıya gəldim. Mən hadisə yerinə çatanda oğlum artıq dünyasını dəyişmişdi. Hadisə yerindəki şahidlərlə danışanda öyrəndim ki, oğlum Əli adlı şəxsə qəsdən, heç bir səbəb olmadan sataşıb, daha sonra isə boğmağa başlayıb. Əli öləcəyini anlayanda bıçaqla onu ayağından vurmaq istəsə də, ağciyərinə xəsarət yetirib. Əli dəfələrlə oğlumun xəstəxanaya aparılmasını istəsə də, digər oğlum Vüsal isə təəssüf ki, qardaşının xəstəxanaya aparılması üçün lazımi səyi göstərməyib. 1 saat sonra başqa bir şəxs tərəfindən təcili yardım çağırılsa da, artıq oğlum çox qan itirmə səbəbindən vəfat edibmiş. Bəxtiyarın ölümü ilə bağlı açılmış cinayət işini araşdıran müstəntiq oğlumun əşyalarını mənə qaytardıqda telefonunun kaburasından 3 ədəd narkotik folqası çıxdı. Digər oğlum Vüsalın da narkotik qəbul etdiyini bilirəm”.
Belə ki, Nəsibov Əli oğlu Nəsibov Bəxtiyarın ölümünə görə şübhəli bilinən şəxs Əli Abbasovun günahsız olduğuna, məcburiyyətdən bu addımı atdığına inanır. O, saytımıza açıqlaması zamanı hüquq-mühafizə orqanlarına müraciət edərək hadisənin daha dəqiq araşdırılmasını xahiş edib. Saxlanılan şəxsin isə bəraət almalı olduğunu bildirib. Ekspert rəyinin nəticələrinə uyğun olaraq, Əli Abbasovun son çıxış yolu olaraq oğluna bıçaq çəkdiyini və onu öldürmək niyyətində olmadığını deyib.
Bundan əlavə, dövlətimizin qayğısına sığınaraq digər oğlu Nəsibov Vüsalın nəzarətdə saxlanılmasını və narkotik tərkibli maddələrdən xilası üçün vacib olan dəstəyi əsirgəməməyi xahiş edib.

Qeyd: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mövzu diqqətimizdədir. Araşdırmalar davam edir.
Qaynarxett.az