QURBAN BAYRAMINIZ MÜBARƏK!

Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.

İnsanlar arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban bayramı İslam dininin əsas bayramlarından biridir. Müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına qurbanlarla Allaha yaxınlığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.

Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında İslam dininin müstəsna rolu olmuşdur.

Hər il ölkəmizdə keçirilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir. Builki Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, mömin vətəndaşlarımız Allah və din yolunda mənəvi borclarını layiqincə yerinə yetirir, öz nəcib əməlləri ilə cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirirlər.

Əziz bacı və qardaşlarım!

Bu bayram günlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad edir, onların yaxınlarına və bütün xalqımıza səbir diləyirəm. İnanıram ki, xalqımızın firavanlığı və əmin-amanlığı, Vətənimizin çiçəklənməsi və tərəqqisi naminə etdiyiniz dua və diləklər gerçəkləşəcəkdir.

Bir daha hər birinizə səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə cansağlığı və xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!


Əliyev Nadir Mətləb oğlu

Cəlilabad rayon Mərkəzi Xəstəxanası

Publik Hüquqi Şəxsin Göytəpə 

Ailə Sağlamlıq Mərkəzinin baş həkimi


Xüsusi giriş: Hörmətli oxucularımız məxsusi olaraq qeyd etmək istəyirik həkim Nadir Əliyev 1959-cu ildə Cəlilabadda anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Tibb Universitetinin həkim-terapevt ixtisası üzrə müvəffəqiyyətlə bitirərək, 1984-cü ildən Göytəpə Şəhər Xəstəxanasında fəaliyyətə başlamış və hal-hazırda da orada işləyir. 

Müdriklərdən bizə ərmağan qalan el məsəlində deyilir ki, Tanrı insana yaşlanmaq deyil, yaş almaq nəsib etsin. Ömrünü səhiyyəyə sərf edən adam isə daimi yaşarılıq qazanır. Çünki əməli kamalı ilə dəyərləndirilən həkim camala yox, kamala xidmət edir. Belə şərəfli həyat yolu keçənlərdən biri də Cəlilabad rayon Mərkəzi Xəstəxanası

Publik Hüquqi Şəxsin Göytəpə 

Ailə Sağlamlıq Mərkəzinin baş həkimi Nadir Əliyevdir. Nadir həkim rəhbərlik etdiyi tibb ocağında 119 nəfər həkim personajının və xüsusilə də rəhbərliyin rəğbətini yüksək səviyyədə qazanmıdır. 

Həyatının mənasını “Sabahlar insanlara bu günün hədiyyəsidir” hikməti ilə dəyərləndirən Nadir həkim üçün hər gün yazılan insan ömrünün səhifəsidir. Buna görə də gələcək həyatını müəyyənləşdirərkən də qismətin asan yolunu seçməyib. Babalarından eşitdiyi “Sağlamlığa bərabər dost, xəstəliyə bərabər düşmən yoxdur” hikmətinə inanaraq həyatın ən şirin neməti olan sağlamlıq keşikçisi olmağa, insanlara yamaşaq sevinci bəxş etməyə üstünlük verir. Bu seçimində yanılmayan həkim Nadir Əliyev həyata qaytardığı xəstələrinin sevincinə şərik olduğu günləri ömrünün xoşbəxt anları sayır.

Bu günədək həkim kimi fəaliyyət göstərən Nadir həkim ikiqat məsuliyyətlə çalışaraq ona göstərilən etimadı doğrultmaq naminə elmin ən son nailiyyətlərinin tətbiqini, öz üzərində çalışmağı da unutmur. “Bütün sağlam adamlar həyatı sevərlər” söyləyən Nadir həkim yaxşı bilir ki, xəstələrin qəlbini sevindirməyin, darda qalanların ehtiyacını ödəməyin ən yaxşı mükafatı həmin şəxsin sevincini birlikdə yaşamaqdır. Elə bu məqsəd naminə xəstələrinə xidmət göstərib: “İki şeyin qiyməti itirəndən sonra bilinir: cavanlığın və sağlamlığın” hikmətini dəfələrə sınaqdan çıxaran Nadir həkim bildirir ki, insanı həyata bağlayan da elə cavanlıq və hansı yaşda olmasından asılı olmayaraq ən qiymətli nemət sağlamlıqdır.


Natiq Zabitoğlu
"Xalq və Ədalət" qəzetinin
baş redaktoru


Bizdə redaksiyamızın kollektivi adından başda Nadir həkim olmaqla rəhbərlik etdiyi müəssisənin bütün işçilərini müqəddəs Qurban bayramı münasibəti ilə ürəkdən təbrik edir, uzun ömür, can sağlığı, firavan həyat və bol ruzi bərəkət arzu edirik. Allah dualarınız və niyyətlərinizi qəbul etsin inşallah.

Qurban bayramınız mübarək!
 
 Mehman Xıdıroğlu

Məsul Katib