TAİB Qaxda Konfrans təşkil etdi – “Yunus Əmrə sözünün Türk özünüdərkinə təsiri” - FOTOLAR
22-okt, 19:07 200 Gündəm / BölgəOktyabrın 20-də Qax rayonunda Türk Ağsaqqallar Birliyi – TAİB, Qax rayon İcra Hakimiyyəti, Dünya Türkologiya Mərkəzinin birgə təşkilatçılığı, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun dəstəyi ilə böyük türk şairi və filosofu Yunus Əmrəyə həsr olunmuş, “Yunus Əmrə sözünün Türk özünüdərkinə təsiri” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda TAİB və Qax rayonu İcra Hakimiyyətinin rəsmiləri, tanınmış alimlər, ədəbi-bədii cameənin təmsilçiləri, rayonun ictimaiyyət nümayəndələri və gənclər iştirak edib.
Missiya.Az xəbər verir ki, Qax rayonu Heydər Əliyev Mərkəzində keçirilən konfransda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş ntqi ilə çıxış edən Qax Rayonu İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Konfrans iştirakçılarını və TAİB-in İdarə Heyətinin üzvlərini salamlayaraq, böyük Türk şairi Yunus Əmrə ilə bağlı konfransın Qaxda keçirilməsinin təsadüfi olmadığını, böyük mütəfəkkirin ehtimal olunan məzarlarından birinin də Qaxda yerləşdiyini qeyd edib. Musa Şəkiliyev bu gün Türk dünyasını əhatə edən proseslərdən söz açaraq, Türk xalqları arasında inteqrasiyanın sürətləndirilməsini tarixi ehtiyac kimi dəyərləndirib. Türk Ağsaqqalları Birliyi – TAİB-in qeyri-hökumət təşkilatı olaraq Türk xalqları arasında əlaqələrin dərinləşdirilməsində, Türtk ədəbi sözünün parlaq təmsilçiləri və dahi fikir adamlarının təbliğ olunmasında xüsusi fəallıq nümayiş etdirdiyinə diqqət yönəldərək, Yunus Əmrə yaradıcılığı ilə bağlı Qaxda keçirilən Konfransın da qeyd olunan məqsədlərə xidmət etdiyini vurğulayıb.
Konfransın əsas təşkilatçısı olan Türk Ağsaqqalları Birliyi – TAİB-in sədr müavini, İdarə Heyətinin üzvü Eyvaz Hünbətov çıxışının əvvəlində Qax ictimaiyyətinin Konfransa böyük maraq göstərməsindən məmnun olduğunu bildirib. Eyvaz Hünbətov öz növbəsində çağdaş dünya reallıqlarında türkçülük məfkurəsinin inkişaf perspektivlərindən söz açaraq Türk birliyinin möhkəmləndirilməsinin türk xalqları üçün tale yüklü məsələ olduğunu qeyd edib. Konfransın təşkilinə verilən dəstəyə görə İcra Hakimiyyətinin rəhbərliyi və məsul şəxslərinə təşəkkürünü bildirən TAİB rəsmisi, təmsil etdiyi təşkilatın təsisçisi Ramin Əhmədovun və sədri Sudeyif İmamverdiyevin salamlarını da Konfrans iştirakçılarına çatdırıb. Eyvaz Hünbətov çıxışının sonunda TAİB-in fəaliyyəti, həyata keçirdiyi layihələr və qarşıdakı planları barədə ətraflı məlumat verib.
Daha sonra konfransda mövzu ilə bağlı müxtəlif istiqamətlər üzrə məruzələr təqdim olunub. AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsinin müdiri, Dünya Türkologiya Mərkəzinin rəhbəri, TAİB Qadınlar Şurasının üzvü, tarix elmləri doktoru, filologiya üzrə fəlsəfə doktoru Güllü Yoloğlunun “Türk birliyinin möhkəmləndirilməsi tarixi zərurət kimi”, Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Xuraman Hümbətovanın “Mövlanə və Yunus Əmrə yaradıcılığı müqayisələr müstəvisində”, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Televiziya və Radio Akademiyasının rektoru, əməkdar mədəniyyət işçisi, əməkdar jurnalist, TAİB Qadınlar Şurasının üzvü Telli Pənahqızının “Yunus Əmrə yaradıcılığının türk ədəbiyyatına təsiri”, Türk Ağsaqqalları Birliyi –TAİB-in İdarə Heyətinin üzvü, tarixçi-alim Sabir Tağıyevin “Şimal-Qərb regionunda tarixi abidələrin Azərbaycan mədəni irsində yeri” və Türk Ağsaqqalları Birliyi –TAİB-in İdarə Heyətinin üzvü, tanınmış şair Tapdıq Əlibəylinin “Yunus Əmrə yaradıcılığında fəlsəfi dərinlik” kimi mövzuları əhatə edən çıxışları Konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Konfransda şair Tapdıq Əlibəyli illər əvvəl Yunus Əmrəyə həsr etdiyi şeiri də səsləndirib.
Tədbirdə müzakirələr zamanı məruzələrdəki müxtəlif məqamlara diqqət yönəldilib, məruzəçilərin mükəmməl informativ bazaya malik olmaları xüsusi vurğulanıb.
Yekun nitqi ilə çıxış edən Türk Ağsaqqalları Birliyi – TAİB-in İdarə Heyətinin üzvü Nüsrət Paşayev məruzə müəlliflərinə və konfransın işində fəal iştirak etdiklərinə görə ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirib. Nüsrət Paşayev qeyd edib ki, TAİB Türk dünyasına aid olan dahi şəxsiyyətlərlə bağlı layihələrini bundan sonra da davam etdirəcək.
Sonda TAİB-in sədr müavini kofransın təşkilinə verdiyi dəstəyə görə Qax Rayonu İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevə TAİB-in xüsusi plaketini təqdim edib. Bundan başqa, konfransın məruzəçiləri də TAİB-in xüsusi diplomları ilə mükafatlandırılıblar.
Tədbirin bədii hissəsində Qax Mədəniyyət Mərkəzinin nümayəndələri maraqlı konsert proqramı ilə çıxış ediblər.
Elcan
Missiya.Az