Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Əfqan Hüseynovun Anım günüdür

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Əfqan Hüseynovun Anım günüdür.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov məlumat verib.
E. Hüseynov bildirdi ki, Azərbaycanın Milli Qəhrəmanı Əfqan Hüseynov, 1988-ci ildə SSRİ-nin hərbi Silahlı Qüvvələrinin yaranmasının 70 illiyi ilə əlaqədar olaraq Hüseynov Əfaqan Qaraxan oğlu «SSRİ Hərbi Silahlı Qüvvələrinin yaranmasının 70 illik «medalı ilə təltif edilmişdir. O, 1988-ci ildə C.Naxçıvanski adına Bakı hərbi təmayülli məktəbə tərbiyəçi bölük komandiri təyin edilmiş və növbəti kapitan hərbi rütbəsini almışdır. Yüksək dərəcəli biliyə malik bir zabit olduğu nəzərə alınaraq Hüseynov Əfqan Qaraxan oğlu 2 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 1-ci şöbəsində döyüş hazırlığı üzrə baş zabit vəzifəsinə təyin edilmişdir.
1991-ci il 25 dekabrda Azərbaycan Respublikası Milli Qvardiyasının yaranması ilə əlaqədar olaraq bir çox bacarıqlı zabitlər Qvardiyanın təşkili işlərinə cəlb edilmişdir. Hüseynov Əfqan Qaraxan oğlu 21 yanvar 1992-ci ildə Milli Qvardiyanın sıralarına daxil olmuş və qulluq etdiyi müddət ərzində bacarıqlı zabit kimi fərqlənmişdir.
O, bütün bacarıq və biliyini müstəqil Azərbaycan Respublikasının ilk hərbi qurumlarından olan Milli Qvardiyanın formalaşmasına sərf etmişdir. Milli Qvardiya Hüseynov Əfqan Qaraxan oğlu kimi bacarıqlı zabitlərinin əməyi nəticəsində bu günə kimi şərəfli bir yol keçmiş, heç bir şəxsi mənafeyə qulluq etməmiş, onun əsas vəzifəsi Azərbaycan dövlətçiliyinin qorunması ilə bərabər qanuni yolla seçilmiş respublika Prezidentinin və Ali hakimiyyət Orqanlarının inzibati ərazilərini, eləcə də yüksək vəzifəli nümayəndələrinin mühafizəsini təmin etmək olmuşdur. Milli Qvardiyanın şəxsi heyəti erməni təcavüzkarlarına qarşı gedən döyüş əməliyyatlarında uğurla iştirak etmişdir. 1992-ci ilin iyun ayında Füzuli bölgəsində yaranan ağır vəziyyət zamanı Milli Qvardiyanın şəxsi heyəti xüsusi fəallıq göstərmişdir. Milli ordu rəhbərləri tərəfindən yaxşı planlaşdırılmayan hücum əməliyyatı baş tutmuşdur, nəticədə ordunun bəzi hissələri döyüş mövqelərini tərk etmiş, əhali arasında qorxulu əhval-ruhiyyə yayılmışdır. Milli Qvardiyanın bacarıqlı zabitləri və şəxsi heyəti, o cümlədən Hüseynov Əfqan Qaraxan oğlu döyüşə girərək erməni birləşmələrinə zərbə endirmiş, düşmənin hücumunun qarşısını almış və onu geri oturtmuşdur. Bu döyüşlərdən sonra kapitan Hüseynov Əfqan Qaraxan oğlu mayor hərbi rütbəsinə layiq görülmüşdür.
1 noyabr 1992-ci ildə alayın düşmən üzərinə yeni hücumu zamanı başına dəyən düşmən gülləsindən əbədi olaraq gözlərini yummuşdur. Mayor Hüseynov Əfqan Qaraxan oğlunun bu igidliyi Milli Qvardiyanın zabit və əsgərlərini heç də məyus etməmiş sonrakı döyüşlərdə onun intiqamını almaq arzusu ilə ağır döyüşlərə girmiş belə döyüşlərdə itkilər versələr də döyüşdən şərəflə çıxmışdılar.
Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 9 mart 1995-ci il tarixli 63 saylı əmri ilə Azərbaycanın Milli Qəhrəmanı mayor Hüseynov Əfqan Qaraxan oğlu əbədi olaraq Milli Qvardiyanın şəxsi heyətinin siyahısına salınmışdır. Əfqan Hüseynovun bir qız övladı var.
Hər il olduğu kimi bu il də döyüş dostları onun əziz xatirəsini yad edirlər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Nurlan Məmmədli