Vətən savaşı xalqımızın haqq savaşı idi


Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəsna xidmətlərindən biri də odur ki, son 18 ildə respublikamızda güclü Ordu və mübariz gənc nəsil formalaşıb. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində möhkəm təməli qoyulan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbə sevinci yaşadan qalib Orduya çevrilib.
2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunub. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycanın Silahlı Qüvvələrini dünyanın ən güclü 50 ordusu sırasına yüksəldib. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən müdafiə sənayesi hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Hazırda yerli müəssisələr Ordumuzu hərbi təyinatlı məhsullarla əhəmiyyətli dərəcədə təchiz edir.
Müharibədə misilsiz şücaətlər göstərən, düşmənə aman verməyən döyüşçülər isə Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə yetişən gənclərdirlər. Döyüşlərdə Azərbaycan hərbçilərinin əsas motivasiyası Vətən, torpaq məhəbbəti idi. Bəli, 44 günlük müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, ancaq dövlət başçısının dəfələrlə vurğuladığı kimi, əsas ağırlıq gənclərin üzərinə düşüb. Müharibə günlərində düşmən tərəfində 10 minədək fərari qeydə alınıb. Bizim Ordumuzda isə bir nəfər də olsun postunu qoyaraq geri çəkilməyib. “Beləliklə, motivasiya, ruh yüksəkliyi və cəsarət qələbəmizin əsas amili oldu. Bu, milli ləyaqət və qürur məsələsi idi”, -  deyə Prezident İlham Əliyev bildirib.
Prezident İlham Əliyevin qlobal informasiya məkanında Azərbaycan Ordusunun cəbhədəki uğurlarını möhkəmləndirən titanik mübarizəsi də xüsusi diqqətçəkən məsələdir.  Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi, diplomatiya və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərdi, Azərbaycana qarşı informasiya blokadasını yardı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün dünyada böyük populyarlığa malik 30-dan artıq KİV-ə verdiyi müsahibələr  XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələrdə reallıqdan uzaq, qərəzli suallar çox səsləndirilirdi. Bəzi müxbirlər, hətta diktə notları seçməyə, özlərini prokuror kimi aparmağa cəhdlər göstərirdilər. Lakin onlar Azərbaycan Prezidentinin hazırcavablılığı, geniş erudisiyası, aydın yanaşması və diplomatik məharəti qarşısında geri çəkilmək məcburiyyətində qalırdılar. Prezident, Müzəffər Ali Baş Komandan döyüş meydanında olduğu kimi, informasiya cəbhəsində də Azərbaycanın qələbəsini təmin etdi.
Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq Qələbə tarixdə əbədi qalacaq və həmişə qürur mənbəyimiz olacaq. Yeri gəlmişkən, Prezident İlham Əliyev Vətən müharibəsində qazanılan Qələbənin əbədiləşdirilməsi istiqamətində bir sıra mühüm qərarlar verib. O cümlədən Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür. Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri müxtəlif təltiflərə layiq görülüblər. Hazırda bu proses davam edir. Prezident İlham Əliyev, həmçinin xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb. Bundan başqa, dövlət başçımızın təşəbbüsü əsasında paytaxtımızda Hərbi Qənimətlər Parkı yaradılıb.
Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib: “Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür”.
“Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır. Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görülür və qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir. Əhali arasında təşviş salmamaq, həmçinin hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədilə sosial şəbəkə istifadəçilərini, elektron media və digər kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq” – təxminən bir saat sonra Müdafiəyə Nazirliyinin növbəti məlumatında bildirilirdi.
Və səhər saat 9 radələrində gələn əsas xəbər: “Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər”.
İrəliləyən saatlarda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev televiziya ilə xalqa müraciət etdi və daha sonra Təhlükəsizlik Şurasının iclasını keçirdi.
“Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur.
Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb”, – deyə Ali Baş Komandan xalqa müraciətində bildirdi.
Prezident diqqətə çatdırdı ki, son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almış, iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur: “İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi, öz ərazi bütövlüyünü qorudu və bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaqdır. Əfsuslar ki, bu, onlar üçün dərs olmadı. Halbuki mən iyul təxribatından sonra demişdim ki, Ermənistanın bu acı məğlubiyyəti onlar üçün dərs olmalıdır.
Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Bu dəfə Azərbaycana diversiya qrupu göndərilmişdir. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışdır və hazırda ifadələr verir...”.
Dövlət başçısı bildirdi ki, Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan sadəcə olaraq öz maraqlarını müdafiə edir və öz siyasətini alnıaçıq aparır. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır: “Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?...”
Ali Baş Komandan xalqa müraciətini bu sözlərlə bitirdi: “Bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Təhlükəsizlik Şurasının iclasında müdafiə naziri Zakir Həsənov Ali Baş Komandana Ordumuzun əks-hücum əməliyyatının ilk nəticələri barədə məruzə etdi: Füzuli rayonun Qaraxanbəyli, Yuxarı Əbdurrəhmanlı, Horadiz, Qərvənd kəndləri, Cəbrayıl rayonunun Nüzgar, Böyük Mərcanlı kəndləri azad edilib. Azərbaycan Ordusu digər istiqamətlərdə uğurlu əks-hücum əməliyyatı həyata keçirir və düşmən böyük itkilər verərək geri çəkilir.
44 günün sonunda böyük Zəfər olan Vətən müharibəsi başlanmışdı..
Zəfər gününüz mübarək!


Azər Ələkbərov
Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi 







Hazırladı:
Natiq Zabitoğlu
"Ədalət və Qanun" qəzetinin baş redaktoru