Qubadlı şəhərinin erməni işğalından azad edilməsindən 1 il ötür - FOTO
25-okt, 09:00 186 SiyasətBu gün Qubadlı şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il ötür.
Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev bu münasibətlə ötən il “Twitter” hesabında Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndlərinin, eləcə də Qubadlı şəhərinin işğaldan azad edildiyini bildirən məlumat paylaşıb.
Həmin gün ordumuz böyük şücaət göstərərək Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini azad edib.
Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub.
Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir.
Qubadlı rayonunun səthi əsasən dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı – 2 010 m, Pirdağ-1 316 m), Bərgüşad silsiləsinin şərq (Hərtis dağı – 1 277 m) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı – 1 075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir. Yura-Antropogen çöküntüləri yayılıb. Əqiq yatağı var. Çayları Bazarçay, Həkəri və onların qollarıdır (Kiçik Həkəri, Meydandərəsi və s); bunlardan suvarmada istifadə edilir.
Rayonda əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılıb. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri (fıstıq, palıd, vələs və s.) var. Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir. Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var. Rayonda Qubadlı yasaqlığı təşkil edilib.
Qarabağ Azərbaycandır!