Rüstəm Rüstəmov: “Dövlətimiz Laçında dağılan yurd-yuvamızı cənnətə çevirib, bizə qaytarıb”

“Ömrüm vəfa etsə, nəvələrimə xatirələrim olan Laçının hər yerini göstərəcəyəm”.
Bunu Oxu.Az-a açıqlamasında keçmiş məcburi köçkün, 77 yaşlı Laçın sakini Rüstəm Rüstəmov deyib.
O qeyd edib ki, Laçından 47 yaşında altı ailə üzvü ilə birlikdə çıxıb:
“Laçından 47 yaşımda çıxmışam, indi isə 77 yaşım var. Nəvələrimə Laçının hər yerini, xatirələrimiz olan hər tinini, küçəsini göstərəcəyəm.
Ermənilər bizim evi qismən dağıdıblar. Dövlətimiz isə dağılan yurd-yuvamızı cənnətə çevirib, bizə qaytarıb. İndi öz evimə 10 nəfərlə qayıdıram.
Bizə bu günü yaşatdıqlarına görə müzəffər Ordumuza, Ali Baş Komandana minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Xatırladaq ki, bu gün Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Qobu Park-3” yaşayış kompleksindən daha 10 ailə - 40 nəfər Laçın şəhərinə yola salınıb.
Qeyd edək ki, bu günə qədər Laçın şəhərinə 315 ailənin - 1 205 nəfərin köçü təmin edilib.