İlham Əliyev qəbullar keçirdi - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün “Gulfstream Aerospace” şirkətinin prezidenti Mark Börnsü qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, Mark Börns sonuncu dəfə ölkəmizdə 20 il əvvəl olduğunu deyərək, bu səfəri zamanı Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını vurğulayıb.
O, ölkəmizin iqtisadi inkişafını yaxından izlədiyini deyib və Azərbaycanda istismar olunan “Gulfstream” təyyarələrinin, həmçinin Bakıya gəldikdə hava limanında gördüyü təyyarələrin sayını iqtisadi inkişafımızın yaxşı nümunəsi kimi qiymətləndirdi. Mark Börns Azərbaycan ilə gələcək əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsini qeyd edən qonaq bu yarışların Bakı trasının dünyanın ən maraqlı traslarından biri olduğunu deyib.
Söhbət zamanı Azərbaycanın iqtisadi potensialının və coğrafi mövqeyinin mülki aviasiyamızın gələcəkdə daha da inkişafı üçün əhəmiyyətli rol oynadığı vurğulanıb.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
***
Prezident İlham Əliyev texnologiya sektorunda alternativ investisiyaların idarə edilməsi üzrə fəaliyyət göstərən ən nüfuzlu investisiya şirkətlərindən biri olan “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktoru Robert Smiti qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun dünyanın qabaqcıl maliyyə qurumlarından biri olan “Vista Equity Partners” şirkəti ilə uğurlu əməkdaşlığını müsbət qiymətləndirərək, tərəfdaşlığın inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu bildirib. Dövlət Neft Fondunun fəaliyyətinin daim genişləndiyini qeyd edən Azərbaycan Prezidenti Fondun aktivlərinin qeyri-sabit maliyyə bazarları mühitində də artdığını vurğulayıb.
Robert Smit Azərbaycanın investisiya potensialını yüksək qiymətləndirdiyini deyərək, ölkəmizlə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib. Qonaq Azərbaycan Dövlət Neft Fondu ilə uzunmüddətli və uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirərək, bu əməkdaşlığın rəhbərlik etdiyi şirkət üçün böyük önəm daşıdığını deyib və gələcəkdə mövcud münasibətlərin daha da möhkəmlənəcəyinə inamını ifadə edib.
Qeyd edək ki, 2000-ci ildə ABŞ-də təsis olunmuş və mərkəzi ofisi Texas ştatının Ostin şəhərində yerləşən “Vista Equity Partners” şirkətinin, həmçinin Nyu-York, San Fransisko, Çikaqo və Çin Xalq Respublikasının Honq-Konq şəhərində ofisləri mövcuddur. Şirkətin özəl səhmlər və özəl kredit fondlarında idarə etdiyi aktivlərin toplam dəyəri 100 milyard ABŞ dolları təşkil edir. “Vista Equity Partners” 24 illik tarixi ərzində 275 milyard dollar dəyərində 585-dən çox investisiya layihəsi həyata keçirib.