Əliyev Aşqabadda nəyə nail oldu? - TƏHLİL

Əliyev Aşqabadda nəyə nail oldu? - TƏHLİL


Əliyev Rəisi ilə görüşdü və Azərbaycan-İran-Türkmənistan qaz mübadiləsinə dair üçtərəfli saziş imzaladı: sazişə əsasən Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndərəcək.
 2 milyard kubmetr qaz beynəlxalq qaz bazarı üçün o qədər böyük olmasa da, burada Bakının strateji gedişi xüsusilə diqqət çəkir.

Birincisi, türkmən qazı Avropa bazarına ayaq açır:

Azərbaycana göndərilən türkmən qazı böyük ehtimalla Türkiyəyə satılacaq. Hərçənd, bu uzun illərdir Rusiya və Çin bazarından asılı qalan Türkmənistanın Avropa bazarına ilk addımı hesab edilə bilər. 

- Bakı Transxəzər layihəsinin gerçəkləşməsinə qədər Aşqabada qaz bazarını şaxələndirmək imkanı yaradır: bu, Türk Dövlətləri Təşkilatına yeni qoşulan Türkmənistanın bu çətir altında fəaliyyətini daha da stimullaşdıracaq; 
- Türkmən qazına “çıxış” tapan Bakının “qaz müharibələri”ndə əli güclənir və bu gediş Transxəzər layihəsinə siyasi dəstəyi artıra bilər;

İkincisi, İranla yeni səhifə açılır:

- Tehranın regionda tranzit imkanı artır və bu, İranı Azərbaycanla işləməkdə maraqlı edir;
- İrana yeni imkanın yaradılması bu ölkənin Ermənistan siyasətinin tamamilə dəyişməsi demək deyil, hərçənd, Tehranı regionda müharibədən sonrakı vəziyyəti qəbul etməyə, Zəngəzur dəhlizinə münasibətini dəyişdirməyə, 3+3 formatına qoşulmağa da sövq edir: Əliyev-Rəisi görüşünün atmosferi də bu gözləntiləri artırır;

Beləliklə, Azərbaycan bir sazişlə iki nəticəni əldə edir.