“Tezliklə kəlbəcərlilər də bu sevinci yaşayacaq”

“44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Döyüş meydanında 5 şəhərin, 4 qəsəbənin, 300-ə qədər yaşayış məntəqəsinin, bir sıra strateji yüksəkliklərin azad edilməsi Azərbaycan Ordusunun gücünün, qüdrətinin təqdimatı oldu. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları Bəyanatda əksini tapan müddəaların hər biri Azərbaycanın tarixi Qələbəsini, Ermənistanın biyabırçı məğlubiyyətini təsdiqlədi. Həmin sənəddə noyabrın 15-də Kəlbəcərin, 20-də Ağdamın və dekabrın 1-də Laçının döyüşsüz Azərbaycana təhvil verilməsi öz əksini tapmışdı. Noyabrın 25-də xalqımız Kəlbəcərin qaytarılması sevincini yaşadı. Qeyd etdiyimiz kimi, Bəyanata əsasən, Kəlbəcər noyabrın 15-də qaytarılmalı idi. Amma Ermənistan Rusiya Prezidentinin vasitəsilə Azərbaycandan əlavə 10 gün vaxt istədi. Rayonu boşaltmaq üçün ayrılan vaxtın kifayət etmədiyi bildirilsə də, amma evlərin yandırılmasından, ağacların vəhşicəsinə qırılmasından, bir sözlə, ekoloji terrorun həyata keçirilməsindən göründü ki, vaxt azlıq etməyib, ermənilərin xislətlərinə uyğun vandal hərəkətlərini davam etdirmək üçün əlavə vaxta ehtiyacları olub. Bütün bunlara baxmayaraq Azərbaycan yenə də humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək vaxtın uzadılmasına razılıq verdi. Dünya dövlətləri həmin vaxt da ermənilərin törətdikləri vəhşiliklərə göz yummaqla artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin davam etdiyi 30 ilə yaxın dövrdə hansı mövqedə dayandıqlarına bir daha aydınlıq gətirdilər. Baxmayaraq ki, Ermənistanın havadarları bütün səyləri ilə belə bir inamı yaratmağa çalışırdılar ki, münaqişənin həlli yalnız sülh yolu ilə mümkündür. Hərb yolunun seçilməsinin uğursuzluqlara yol açacağını sübut etməyə çalışan həmin dövlətlər Ermənistana yeni planlarını hazırlamaqda dəstək oldular. Lakin nə işğalçı Ermənistan, nə də ona dəstək olan dövlətlər heç düşünməzdilər ki, Azərbaycan Ordusunun hərb tarixində misli görünməmiş əks-hücum əməliyyatı ilə üz-üzə qalacaqlar”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Ermənistan və onun havadarları İkinci Qarabağ müharibəsinin gedişi zamanı haqq-ədalətin, beynəlxalq hüququn, tarixi həqiqətlərin kimin tərəfində olduğunun şahidinə çevrildilər. Ona da şahid oldular ki, saxta tarix yazıb, faktları inkar etməklə həqiqət üzərində qələbə çalmaq mümkün deyil. Bu gün işğaldan azad edilmiş ərazilərimizin hər biri erməni vəhşiliyinin şahididir. Ermənilər hər daşı, qayası tarix olan, dini və tarixi abidələrlə zəngin bu torpaqlarımızda bütün tikililəri yerlə-yeksan edib ərazilərimizi özününküləşdirməyə çalışsalar da 44 günlük Vətən müharibəsi sonda ədalətin zəfər çaldığını nümayiş etdirdi. Ermənilər onlara maraqlarını icra etmək üçün bir vasitə kimi baxan dövlətlərin dəstəyinə arxalanaraq bu torpaqları əbədi olaraq əllərində saxlayacaqlarını düşünürdülər. Hesab edirdilər ki, vaxt keçəcək, nəsillər dəyişəcək, Azərbaycan xalqı bunu unudacaq, bu vəziyyətlə barışacaq. Amma düşündüklərinin əksini gördükdə diz çöküb təslim oldular.
Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi tariximizin bu qürurverici səhifələrinin daim vərəqlənməsinə çağırış kimi dəyərləndirilir. Şanlı Zəfərimizin təcəssümü kimi dəyərləndirilən bu sənədə əsasən, Kəlbəcər rayonunun işğaldan azad edildiyi tarix-25 noyabr Kəlbəcər Şəhəri Günü kimi təsis edildi. Bu tarixi günlər, eyni zamanda, torpaqlarımızın işğal günlərinin, ermənilərin başımıza gətirdikləri faciələrin unudulmamasını da bir tələb kimi qarşıya qoyur. Bu baxımdan Kəlbəcər Şəhər Günündə rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atdığını, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinə nail olduğumuzu böyük qürur hissi ilə təhlil etməklə yanaşı, bir daha Kəlbəcərin işğalını, 30 ildə Azərbaycan dövlətinin münaqişənin həlli istiqamətində atdığı addımları təhlil etməyi şərtləndirir. Kəlbəcər füsunkar təbiətə, zəngin mədəni irsə malik rayondur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda türkçülüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcər rayonu 1993-cü ilin 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı 511 dinc sakin öldürülmüş, 321 adam əsir götürülmüş və itkin düşmüşdür. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
Milli Məclisin deputatı onu da qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən, Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər simasının, barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. 1993-cü ilin aprel ayından etibarən Kəlbəcərdə qeyri-qanuni məskunlaşan ermənilər buranı tərk edərkən rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdirdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi.
Vüqar Rəhimzadə bildirib ki, hazırda digər azad edilmiş ərazilərimiz kimi, Kəlbəcər rayonu da müasir tələblər səviyyəsində yenidən qurulur. Dövlət başçısı Kəlbəcərin azad olunması ilə bağlı xalqa 2020-ci il 25 noyabr tarixli müraciətində bu əminliyi xüsusi vurğuladı ki, biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır. Nəinki Kəlbəcər, bütün şəhərlərimizə həyat qayıdacaq. Prezident İlham Əliyev son 4 ildə Kəlbəcər rayonuna 6 dəfə səfər edib. Bu səfərlər çərçivəsində görülən işlərin xronologiyasına diqqət yetirdikdə cari ildə sakinlərinə qovuşacaq şəhərlər sırasında Kəlbəcər şəhərinin də adının olmasından qürur hissi keçiririk. Qısa zamanda görülən böyük həcmli işlərin əsasında soydaşlarımızın tezliklə bu torpaqlara qayıdışı, burada həyatın davam etdirilməsi dayanır. Bunun üçün təkcə bir səfər çərçivəsində Prezident İlham Əliyevin açılışında və təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Dövlət başçısının bu ilin sentyabr ayında rayona səfəri zamanı Kəlbəcərdə Tərtər çayı üzərində yerləşən “Yuxarı Vəng” Su Elektrik Stansiyasının, “İstisu” mineral su zavodunun, “İstisu” yarımstansiyasının açılış, ikinci yaşayış kompleksinin, inzibati binanın, İstisu qəsəbəsinin təməlqoyma mərasimləri keçirildi. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə, Təhsil Kompleksində aparılan işlər və bu il açılacaq modul tipli məktəbin layihəsi ilə, 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanışlıq oldu. Prezident İlham Əliyevin azad edilmiş ərazilərimizə davamlı səfərləri və icra edilən infrastruktur layihələri ümumilikdə Böyük Qayıdış Proqramının icrası barədə aydın təsəvvür yaradır. Bu gün işğaldan azad edilmiş hər bir ərazimiz öz potensial imkanları ilə diqqətdədir. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı edir ki, Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək. Rayonun zəngin təbii qaynaqları, təbii ehtiyatları vardır. Bu imkanlardan səmərəli istifadə gələcəkdə Azərbaycanın davamlı inkişafında əhəmiyyətli rol oynayacaq. Tezliklə kəlbəcərlilərin də öz doğma yurd-yuvalarına köçmələrinin sevincini yaşayacağıq.