Regionlar dayanıqlı inkişafa və yeni iqtisadi mərhələyə qədəm qoyur
24-mar, 16:29 7 Gündəm / Siyasət
Məşhur Məmmədov,
Milli Məclisin deputatı
Qeyri-neft sektorunun inkişafı üçün ölkəmizdə ardıcıl və məqsədyönlü regional inkişaf siyasəti davam edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Şamaxı rayonuna səfəri ölkəmizdə həyata keçirilən ardıcıl və məqsədyönlü regional inkişaf siyasətinin növbəti bariz nümunəsidir. Dövlət başçısının səfər çərçivəsində gördüyü işlər bir daha təsdiqləyir ki, Azərbaycanın inkişaf strategiyasında regionların tərəqqisi, qeyri-neft sektorunun gücləndirilməsi və əhalinin sosial rifahının yüksəldilməsi əsas prioritet istiqamətlərdəndir.

Səfər zamanı öncə Prezidentin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etməsi dahi şəxsiyyətin ideyalarına sədaqətin və onun müəyyən etdiyi inkişaf yolunun uğurla davam etdirildiyinin rəmzi ifadəsidir. Məhz bu siyasi kurs nəticəsində bu gün Azərbaycanın bütün bölgələri sürətlə inkişaf edir, müasir infrastruktur qurulur, yeni istehsal sahələri yaradılır.

Şamaxı rayonunda “Şirvan Aqro” heyvandarlıq kompleksinin istifadəyə verilməsi isə qeyri-neft sektorunun inkişafına verilən önəmin əyani göstəricisidir. Ən müasir texnologiyalar və innovativ idarəetmə sistemləri ilə təchiz olunmuş bu iri aqrar müəssisə təkcə region üçün deyil, ümumilikdə ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır. Kompleksin fəaliyyətə başlaması ilə həm yüksəkkeyfiyyətli süd və ət məhsullarının istehsalı genişlənəcək, həm də idxaldan asılılığın azaldılması istiqamətində mühüm addım atılmış olacaq.
Bu cür layihələrin əsas üstünlüklərindən biri də regionlarda məşğulluğun artırılmasıdır. “Şirvan Aqro” kompleksində yüzlərlə insanın işlə təmin olunması, müasir iş şəraitinin yaradılması və peşəkar kadr hazırlığına xüsusi diqqət yetirilməsi sosial-iqtisadi inkişafın dayanıqlığını təmin edən əsas amillərdəndir. Eyni zamanda, alternativ və yaşıl enerji mənbələrindən istifadə olunması ölkəmizin ekoloji siyasətinə və davamlı inkişaf prinsiplərinə uyğun yanaşmanın göstəricisidir.
Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, qarşıya qoyulan əsas məqsədlərdən biri Azərbaycanın ərzaq təhlükəsizliyinin tam təmin edilməsidir. Bu istiqamətdə həyata keçirilən layihələr gələcəkdə ölkəmizin ixrac potensialını daha da artıracaq, “Made in Azerbaijan” brendinin beynəlxalq bazarlarda mövqelərini möhkəmləndirəcəkdir.

Səfər çərçivəsində daha bir mühüm hadisə – Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Şamaxı Avropa liseyinin yeni binasının açılışı da xüsusi qeyd olunmalıdır. Müasir təhsil infrastrukturu ilə təmin edilmiş bu lisey region gənclərinin keyfiyyətli təhsil almasına geniş imkanlar yaradır. Təhsil sahəsinə göstərilən dövlət qayğısı ölkənin gələcək inkişafının əsasını təşkil edən insan kapitalının formalaşdırılmasına xidmət edir.
Bütün bunlar göstərir ki, həyata keçirilən siyasət nəticəsində regionlar sürətlə inkişaf edir, müasir infrastruktur layihələri reallaşdırılır, kənd təsərrüfatı və digər qeyri-neft sahələri genişlənir. Bu isə ölkə iqtisadiyyatının şaxələndirilməsinə, dayanıqlı inkişafın təmin olunmasına və vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Əminliklə qeyd etmək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan yaxın illərdə də regionların inkişafı, qeyri-neft sektorunun gücləndirilməsi və sosial rifahın yüksəldilməsi istiqamətində yeni uğurlara imza atacaq. Bu inkişaf kursu ölkəmizin gücünü daha da artıracaq, xalqımızın rifahını yüksəldəcək və Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirəcək.
Bir sözlə, regionlar dayanıqlı inkişafa və yeni iqtisadi mərhələyə qədəm qoyur.
www.AzadMedia.az





