Talış kəndindən reportaj: Böyük Qayıdışın növbəti ünvanı
20-mar, 11:50 177 GündəmPrezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində deyib: “Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib. Artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır. Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün bütün imkanlar yaradılıb. İndi hər kəs görə bilər nə gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb. Biz qurub-yaradan xalqıq. Ermənistandan fərqli olaraq, biz öz ərazimizdə qurub-yaradırıq”.
Keyfiyyət, müasirlik və yüksək zövqün vəhdət təşkil etdiyi kənd
Talış kəndinə qədəm qoyarkən tikinti-quruculuq işlərinin yüksək zövq və keyfiyyətlə aparılması və müasirlik diqqəti çəkir. Aparılan təmir-bərpa işlərinin birinci mərhələsində Bayraq meydanında abadlıq işləri görülüb. Talış kəndinin yüksək nöqtələrindən birində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət guşəsi və seyr meydanı tikilib.
Görülən işlər çərçivəsində 20 ədəd fərdi ev və 20 tövlə bərpa edilərək yenidən qurulub. Evlərin 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlıdır. Hər bir evin həyətyanı ərazisində əsaslı landşaft işləri yerinə yetirilib - dekorativ ağaclar, kollar, güllər əkilib, fərdi əkin sahələri yaradılıb. Hər bir ev üçün ümumi sahəsi 54 kvadratmetr olan fərdi təsərrüfat anbarları inşa edilib. Evlər qazla işləyən isitmə sistemi (kombi) ilə təmin olunub.
Talış kəndində 10 qeyri-yaşayış və ictimai iaşə obyekti də bərpa olunub və tamamilə yenidən qurulub. Bu obyektlərin ərazisində abadlıq işləri görülüb.
Mövcud ikimərtəbəli inzibati bina əsaslı təmir edilib, dam örtüyü sökülərək yenidən qurulub. İnzibati binanın qarşısındakı ərazidə kənd meydanının bərpası həyata keçirilib və burada geniş yaşıllaşdırma işləri aparılıb. Binanın bütün kommunikasiya sistemləri yenidən qurulub. İnzibati bina yanğın siqnalizasiya, rabitə və videomüşahidə sistemləri ilə təchiz edilib.
Uşaq bağçasının birmərtəbəli binası da əsaslı təmir olunub. Bütün kommunikasiya sistemləri yenidən qurulub və bina yanğın siqnalizasiya, rabitə, videomüşahidə və fövqəladə hal xəbərverici sistemləri ilə təchiz edilib. Binanın daxili hissəsi bütün lazımi texniki xidmət avadanlığı ilə təchiz olunub. Həyətyanı ərazidə uşaqlar üçün rezin örtüklü oyun meydançası və iki söhbətgah inşa olunub. Bir sözlə, burada balacaların vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb.
Talış kəndindəki 78 şagird yerlik ikimərtəbəli məktəb binasının da bərpası və yenidən qurulması həyata keçirilib. Dam örtüyü tamamilə yenilənib, kommunikasiya sistemləri yenidən qurulub. Bina yanğın siqnalizasiya, rabitə, zəng, videomüşahidə sistemləri ilə təchiz edilib. Təhsil ocağının binasının birinci və ikinci mərtəbələrində sinif, tibb və müəllimlər otaqları, mansardda isə akt zalı və kitabxana yerləşir. Məktəbin həyətyanı ərazisində süni ot örtüklü futbol və idman meydançaları yaradılıb.
Mövcud kənddaxili yollarının bərpası, yeni yolların layihələndirilməsi və inşası həyata keçirilib. Ümumi uzunluğu 4 kilometr olan kənddaxili yolların 800 metr hissəsi təbii daşlardan qurulub. Daxili yolların digər hissələrinin örtüyü isə asfalt-betondur. Bütün yolların sol və sağ tərəfindən səkilər və onlara paralel olaraq yaşıllıq zolaqları yaradılıb. Yol boyu yaşıllıq zolaqlarına dekorativ ağaclar və kollar əkilib.
Bütün mövcud xarici kommunikasiya sistemləri sökülərək, yenidən qurulub. Kəndə yeni qaz xətti çəkilib.
Talış kəndinin yüksək nöqtələrindən birində kəndin işğaldan azad olunduğu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən paylaşılan tvitin mətninin həkk olunduğu xatirə daşı yerləşdirilib.
Talışda yeni həyat başlayıb
Kəndin küçələri ilə gəzərkən evlərdən, həyətlərdən uşaq, gülüş səsləri eşidir, Talış sakinlərinin çöhrələrindəki xoşbəxtliyin şahidi oluruq. Uzun illərin həsrətindən sonra doğma torpaqlara qovuşmuş sakinlər ağacları suvarır, gül-çiçəyə qulluq edir, bayram hazırlığı görürlər. Rast gəldiyimiz hər bir kəs bizimlə gülər üzlə salamlaşır, sanki sevinclərini bölüşməyə can atırdılar.
Kənddə ilk rast gəldiyimiz sakinlər mağazadan çıxan uşaqlar oldu. Fidan 11-ci, Rəhim isə 7-ci sinif şagirdidir. Qarabağla bağlı valideynlərindən, müəllimlərindən çox eşitdiklərini deyən uşaqlar bu torpaqları görməsələr də hər zaman ata-baba yurdunda yaşamaq arzusunda olduğunu bildiriblər. İndi onların bu istəkləri reallaşıb.
“Kənddə yaradılan şəraitdən çox razıyıq. Üçotaqlı evlə təmin olunmuşuq. Məktəbimizlə də tanış olmuşuq. Hər cür şərait var. Sinif otaqları, laboratoriyalar.... Bayramdan sonra dərslərimizi kəndimizin məktəbində davam etdirəcəyik”, – deyə Fidan Hüseynzadə bildirib.
Talış sakini: ən böyük istəyimiz gerçəkləşib, doğma yurdumuza qayıtmışıq
Kəndin mərkəzi küçəsi ilə addımlaya-addımlaya Bayraq Meydanına çatırıq. 2021-ci il oktyabrın 4-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən burada Azərbaycan bayrağı ucaldılıb. Bayraq Meydanında dalğalanan üçrəngli bayrağımız hər birimizdə qürur hissi doğurur.
Bayraq Meydanın yaxınlığındakı evin sahibəsi bizi salamlayıb evə dəvət etdi. Rəbiyyə Rzayeva söhbət zamanı bildirdi ki, köçkünlük illərində Gəncə şəhərində yaşayıblar. İndi isə ən böyük arzuları gerçəkləşib. Yenidən doğma Qarabağa qayıdıblar. “Kənddə sakinlərin yaşayışı üçün gözəl şərait yaradılıb. Dövlətimizdən, Prezidentimizdən razıyıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah Ordumuzu qorusun. Mənim iki oğlum da hərbiçidir. Bu torpaqların azadlığı uğrunda döyüşlərdə iştirak ediblər. Medallarla təltif olunublar. Bu günümüzə şükürlər olsun. Sevinirəm, qürur duyuram. Prezidentimizə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”.
Rəbiyyə xanım 30 il köçkünlük həyatı yaşasalar da hər zaman doğma torpaqlara qayıdacaqlarına inandığını bildirib: “Biz hər zaman inanırdıq ki, doğma torpaqlara qayıdacağıq. Çünki bizim güclü Ordumuz, qətiyyətli Prezidentimiz var. Doğma torpaqlara qayıtmaq hər bir köçkün kimi bizim də ən böyük istəyimiz idi. İndi bu istəyimiz gerçəkləşib, doğma yurdumuza qayıtmışıq. Kəndimizdə gözəl məktəb, uşaq bağçası yaradılıb. Hər şey gözəldir. Üçotaqlı evlə təmin olunmuşuq. Evimiz də gözəldir. Bu şəraiti yaradanlara minnətdarıq”.
Həm fərəh, həm də sevinc hissi keçiririk
Rəbiyə Rzayevanın oğlu Səməd Həsənxanoğlu 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında iştirak etdiyinə görə qürur hissi keçirdiyini bildirib: “1990-cı ildə Talış kəndində anadan olmuşam. Bu gün qürur hissi keçirirəm ki, mən də, qardaşım da doğulduğumuz bu torpaqlar uğrunda gedən döyüşlərdə - Talışın, Suqovuşanın azad olunmasında iştirak etmişik. İndi isə kəndimizdə hər cür şəraiti olan evlə təmin olunmuşuq. Həm fərəh, həm də sevinc hissi keçiririk. Bu fərəhə, sevincə görə şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandana borcluyuq”.
Artıq axşam düşür, geri qayıtmalıyıq. Doğma yurdlarımıza gerçəkləşdirilən möhtəşəm qayıdışın növbəti ünvanı olan Talış kəndindən xoş təəssüratlarla ayrılırıq.
Əminik ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun digər şəhər və kəndləri də tezliklə yenidən qurulacaq, bu yerlərin əzəli sahibləri də doğma yurdlarına qayıdaraq, xoşbəxt yaşayacaqlar.
AZƏRTAC-ın Talış kəndindən fotoreportajını təqdim edirik: