Sumqayıt Səhiyyə İdarəsində 6.5 milyon manatlıq yeyinti aşkarlanıb: icra başçısı yoxlamadan şoka düşüb


Ötən günlərdə xəbər verilmişdi ki, Maliyyə Nazirliyi Sumqayıtda geniş maliyyə yoxlamalarına başlayıb. Həmin yoxlamaya əsasən şəhərdə bütün dövlət qurumlarında büdcə vəsaitlərinin hansı şəkildə xərcləndiyi araşdırılır.
BakuPress.Az  xəbər verir ki, Sumqayıtda yoxlamanı təkcə Maliyyə Nazirliyi deyil, həmçinin Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi də həyata keçirirmiş. Əldə etdiyimiz məlumata görə, sözügedən qurum bir həftədir Sumqayıt şəhər Təhsil, Səhiyyə, Kommunal Təsərrüfat idarələrində genişmiqyaslı araşdırmalara start verib. Artıq ilk yeyinti faktının aşkarlandığına dair məlumatlar da var.
Həmin məlumata görə, KQMBİ-nin ilk araşdırması Sumqayıt Şəhər Səhiyyə İdarəsində həyata keçirilib. Həmin araşdırma nəticəsində 6 milyon 427 min manat yeyinti aşkarlanıb. Dövlət qurumu bu yeyinti ilə əlaqədar cinayət işi başlayıb, hətta bir nəfərin saxlandığına dair iddialar da var.
Məlumatda vurğulanır ki, məsələdən xəbərdar olan Sumqayıtın icra başçısı Zakir Fərəcov danışıqlar aparmağa çalışsa da, buna imkan belə verilməyib. Yalnız o bildirilib ki, yeyinti nəticəsində dəymiş 6.427 min manat ziyan dövlət nəfinə geri qaytarılmalıdır. Bundan sonra icra başçısı və yaxınlarının sayəsində həmin pulun 1 milyon 500 min manata geri ödənilib.
Bundan başqa, KQMBİ Sumqayıt Təhsil İdarəsində apardığı araşdırma zamanı da külli miqdarda ziyan müəyyən edib. Bu idarədə dövlət vəsaitlərinin mənimsənilməsi nəticəsində dəymiş ziyanın məbləği barədə hələlik açıqlama verilmir.
Bildirilir ki, Zakir Fərəcov qəfil başlayan bu yoxlamalardan çıxılmaz vəziyyətə düşüb. Məlumata görə, o, vəziyyətdən çıxmaq üçün bir neçə qapını döysə də, bunun heç bir xeyri olmayıb. Həmin qapılardan ona bildirilib ki, problemi özü həll etməlidir və ona heç bir köməklik göstərə bilməyəcəklər.
Məsələ ilə bağlı araşdırmamız davam edir. Yazıda adı keçən qurum və şəxslərin mövqeyini dərc etməyə hazırıq.