FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ GÜNÜ - 78
08-may, 17:00 181 GündəmFaşizm üzərində Qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir. Adları xatirə abidəsinə həkk olunmuş (olunmayanlar da) hər kəs öz timsalında Azərbaycanın örnək salnaməsidir. Onlar heç vaxt unudulmayıb, unudulmur və unudulmayacaq!
Vaxtıilə 9 May Qələbə Gününün 60 illiyinə ithaf olaraq qələmə aldığım “Qəlpə yaddaşı”ımdan bəzi epizodları həlak olanların unudulmaz xatirələrinə ehtiramla təqdim edirəm.
QƏLPƏ YADDAŞI
May ayının doqquzu günəşli bir hava idi. Günün günorta çağı olardı. Kəndimiz Bürzünbülün “Yağnəliqışlaq” ərazisindən başlanan Köndələn meşənin əhatəsindəki tala yazın həlim nəfəsi, otların, ağacların rayihəsi ilə göz oxşayan, könül açan, şövq oyadan təkrarsız bir mənzərə idi. Onu da deyim ki, may ayı bizim tərəflər üçün təbiətin ən füsunkar, cilvəli çağıdır.
Biz-dəstək uşaqlar hay-həşirlə tapança formasında yonulmuş taxta fiqurla silahlanıb “döyüşə” hazırlıq görürdük. Müharibə oyununun qaydasına görə, iki dəstəyə bölünəndən sonra hər kəs müdafiəsini təmin etmək üçün müəyyən olunmuş sərhəd hüdudunda “mövqe tutmalı”, yəni gizlənməlidir. Bundan sonra “döyüş” başlayır. Tərəflər bir-birini axtarışa çıxır və kim qarşı tərəfi birinci görürsə “atəş” (səslə) açır və oyunçunu sıradan çıxarır. Qələbə sonda hansı tərəfdən “sağ qalan” varsa, onundur.
Müharibə oyunu başlamışdı. Qızğın döyüş gedirdi. Bu vaxt təyyarə səsi eşidildi Əks-sədası qorxunc və tükürpədici idi. Təəccüb içindəykən (bizim tərəflərdə təyyarə görünməsi qeyri-adi hal olduğu üçün) mövqe tutduğum “səngərlə” üzbəüz qonşumuz Abasəli kişi ilə qarşılaşdım. Onun əlləri titrəyir və gözləri bərəlmişdi. Tər alnından muncuq-muncuq damcılyır və özünə qısılırdı...
Mən təyyarəni unudub Abasəli kişinin düşdüyü bu haldan təsirləndim. Bilirdim ki, müharibədə olubdur. O, gözlərini səmayə zilləyib təyyarə gözdən itənə qədər baxa-baxa qaldı... Bu halət onun bütün vücudunu riqqətə gətirmişdi. Hiss edirdim ki, canında bir üşüntü var. Təbii ki, o vaxtlar bu hadisənin mahiyyətinə vara bilməzdim, amma uşaq marağı ilə qeyri-adi hisslər bürümüşdü məni. Varlığıma dərk edə bilmədiyim duyğular hakim kəsilmişdi. Sonralar anladım ki, Abasəli kişinin bu hala düşməsinə səbəb təyyarənin “qırıcı” olması imiş. 1941-1945-ci illərdə cəbhə xəttin-də mövqelərinin düşmən təyyarələri tərəfindən bombalanması və bir neçə dəfə ağır yaralanması imiş. Müharibənin od-alov püskürən vahiməsi, dəhşəti oyanmışdı onun yaddaşında. Bədənində gəzdirdiyi qəlpənin üşüntüsüymüş canındakı. Onu təpədən - dirnağa qədər bürüyən tər də soyuq tər imiş, odlu silahın soyumuş gilizi kimi…
Zaman keçdikcə onu da öyrəndim ki, kəndimizin say-seçmə oğulları İkinci Dünya müharibəsinin iştirakçısı olubdur. Onlardan “qara kağızı” gələni də, itkin düşəni də və qanlı döyüşlərdən qalib əsgər kimi doğma kəndimizə dönəni də olubdur. Onlar bir kəndin timsalında Azərbaycanın örnək salnaməsidir. Onlar heç vaxt unudulmayb, unudulmur və unudulmayacaq. Çünki hər yeni nəsil özündən əvvəlki nəslin tarixi xidmətlərini dəyərləndirməklə, özünə örnək bilir və ondan sonra gələcək nəsillərə dədə-baba əmanətindən, mirasından, qüdrətindən nəticə çıxarmağı tövsiyə edir. Ərazi bütövlüyümüzün pozulduğu bir vaxtda bu tendensiya – Vətən təəssübkeşliyi millətin özünüdərkində çox vacib amildir.
Maraqlıdır ki, “müharibə” oyunumuzda hansı dəstə uduzurdusa o, düşmən tərəfi – hitlerçiləri təmsil edirdi. Uşaq təxəyyülünün məhsulu olan bu “mühatibə” oyunu görünür o vaxtkı Vətənimiz sayılan SSRİ-nin tarixində mühüm mərhələ olan Böyük Vətən mührıbəsində qazanılmış qələbəyə rəğbət və düşmənə nifrətdən, eləcə də öz əsgərinə, sovet xalqına inamdan irəli gəlib... Hələ o vaxtlar 9 May Qələbə gününün əsl mahiyyətini anlamırdıq. Sadəcə bilirdik ki, sovet- alman müharibəsində Stalinin Hitleri məğlub etdiyi gündür.
O illərdə həmyaşıdlarımla Sovet Ittifaqı Qəhrəmanları haqqında ağız dolusu danışardıq. Mən hətta Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov haqqında bir neçə bəndlik şeir də yazmışdım. Düşüncələrimin qafiyəli ifadəsi olan o şeir təbii ki, uşaqlıq təxəyyülü ilə yazılmışdı. “Canlı qəhrəman” bizim üçün çox maraqlı idi. Bu barədə danışarkən özümüzdən müxtəlif hadisələr uydurardıq. Qəribədir ki, heç birimiz də bu uydurmalara etiraz etməz, həqiqət kimi qəbul edərdik. Lap nağıl kimi… Görəsən, indi necə, uşaqlar Milli Qəhrəman görmək istəyirlər?.. Qalib ordunun, qalib ölkənin Qəhrəmanı daha maraqlı, “cəlbedici” olmazmı? Hər halda ... Axı qalibiyyət, zəfər öndədir…
2005-ci il 9 may tarixi faşizm üzərində qələbənin 60 illiyidir. Bu əlamətdar gün nə qədər təntənəli, gurultulu qeyd olunsa da, 9 may 1992-ci ildən bu günü Azərbaycan Şuşasız, Şuşa Azərbaycansız qarşılayır. Bax, burda deyiblər ki, bir gözü ağlayır, bir gözü gülür…Təkcə Şuşa üçünmü? Yox, yağı tapdağında olan, qəsb olunmuş Azərbaycan əraziləri: Xocalı (26 may1992), Laçın (17 may 1992), Kəlbəcər(6 aprel 1993), Ağdərə (17 iyun 1993), Ağdam (23 iyul 1993), Cəbrayıl (18 avqust 1993), Füzuli (23 avqust 1993), Qubadlı (31 avqust 1993), Zəngilan (25 sentyabr 1993), ermənilərin özlərinə ikinci paytaxt saydıqları Xankəndi və Qərbi Azərbaycan adlandırdığımız ulularımızın neçə-neçə yurd yerləri. Bu isə leksikonumuza sünii surətdə daxil edilmiş “Qarabağ münaqişəsi”, “Qarabağ problemi” deyil, Azərbaycan adlı məmləkətin Vətən müharibəsidir. İşğal olunmuş torpaqlarımızı azad etmək, ərazi bütövlüyümüzü təmin etmək mahiyyətində elə faşizm üzərində qələbə ilə nəticələnən II Dünya müharibəsinin tərkib hissəsi olan Böyük Vətən müharibəsi kimi Vətən müharibəsi.(Red. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər bu ağrılarımıza məlhəm oldu, illərlə yağı tapdağında qalmış neçə - neçə yurd yerimiz azadlığa qovuşdu. Müəllifi olduğum “Payız çöhrəsində yazdı 44 gün” kitabım ərsəyə gəldi.)
Çox-çox sonralar- uşaqlıq illərimdən, al-əlvan çöllərdən, uca zirvələrdən, dağlar qoynundan, ayna bulaqlardan… uzaq, faşizm üzərində qələbənin 60 illiyi ərəfəsində, o vaxt məni çuğlamış, dərk edə bilmədiyim “müharibə” oyununda baş verən əhvalatdan doğan hisslər qəlbimdə yaşana-yaşana duyğularımda yarpaq-yarpaq misralanır:
Pirani veteran ani düşündü:
Hava hərarətli, bu nə üşüntü?..
Xəyalən cəbhəyə- savaşa döndü.
Qoxudu faşizmin barit nəfəsin,
Eşitdi mərminin uğultu səsin…
Bu səs köksündəki qəlpədən qopub,
Bu səs qurğuşunla canına hopub.
Bu yad yoldaşlıqdan üşütmə tapıb…
Lənətlər yağdırdı müharibəyə.
O iblis əmələ, qanlı fitnəyə.
Qəlpənin yaddaşı - cahan savaşı,
Viran kənd, şəhərin qanlı göz yaşı,
Minlərin adına bircə baş daşı…
Minlərin cəbhədən qara xəbəri…
Milyonların tale-şərik kədəri.
Hələ də kimisə yol gözləməkdə
Itkin qayıdacaq,-güman-diləkdə,
Gözünün nurusa daha sönməkdə…
Qəlpə yaddaşına yazılıb o da.
Faşizmə ölüm-tarixdən səda.
Müharibə dili-açılan atəş.
Müharibə dini-məhv etmə, savaş.
Müharibə ili-bir nəsil təlaş…
Qan tutdu dünyanın qan daman gözü…
Rahat nəfəs alsın bəşər, yer üzü.
may, 2005-ci il
Tapdıq ƏLİBƏYLİ, “Nisgil odu” kitabımdan