28 May -şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş gün


XX əsr Azərbaycan xalqının tarixində və həyatında həm şanlı qəhrəmanlıq səhifələri ilə, həm də qanlı izlərlə qaldı.

XX əsrin şanlı səhifələrindən biri və birincisi, heç şübhəsiz, müsəlman Şərqində ilk müstəqil dövlətin, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) və ya Azərbaycan Demokratik Resublikasının (ADR) yaradılması idi.

Çox təəssüflər olsun ki, məmləkətimiz XVIII əsrin sonları – XIX əsrin əvvəllərində xanlıqlara bölündü, parçalandı və bununla da həm şimaldan, həm cənubdan onu udmaq, qapmaq, əzmək, içində əritmək üçün fürsət gözləyənlərə "əla" şans verildi, 1813 və 1828-ci illərdə Azərbaycan xalqının başı üzərindən, onun razılığı olmadan Çar Rusiyası ilə Şah İranı Azərbaycanı ikiyə ayırdı, biri Şimali, biri Cənubi Azərbaycanı ilhaq etdi.

Bununla da Azərbaycan xalqının tarixində ən faciəli, ən qaranlıq, ən zülmət günlərin əsası, başlanğıcı qoyuldu. Amma Azərbaycan xalqının qabaqcıl, ziyalı, vətənpərvər, maarifpərvər övladları Azərbaycanın işğalı faktı ilə barışmadılar, açıq və gizli şəkildə mübarizə apardılar, dirəniş göstərdilər.

XX əsrin əvvəllərində – 1918-ci ilin 28 May günü böyük öndər Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, milli vətənpərvər və maarifçi övladların, oğulların sayəsində Azərbaycan (Şimali Azərbaycan) öz müstəqilliyini elan etdi.

Cümhuriyyət qurucularımızın, qurucu, istiqlalçı babalarımızın sayəsində həmin gün dünyaya yeni – Azərbaycan adlı günəş doğdu,  müstəqil Azərbaycanın əsası, bünövrəsi qoyuldu...

 28 Maydan başlanan şərəfli, şanlı və qürurlu yol 28 apreldə dayandı, yarımçıq qaldı, Azərbaycan adlı günəş qaranlığa, zülmətə qərq edildi. Amma bu yol, bu tarix öz şərəfi, öz əzəməti və möhtəşəmliyi ilə yaddaşlarda, hafizələrdə, qəlblərin ən dərin guşələrində iz buraxdı, taxt ucaltdı.

Azərbaycan xalqının, Azərbaycan türklərinin 28 May azadlıq yanğısını söndürmək kimsəyə qismət olmadı. Bu azadlıq yanğısı, azadlıq eşqi 1988-ci ilin Qarabağ hadisələri ilə ikinci milli azadlıq mübarizəsinin, istiqlal savaşının başlanmasına təkan verdi və 1991-ci ilin avqustun 30-da XX əsrdə Azərbaycan tarixində ikinci müstəqil cümhuriyyətin bünövrəsi qoyuldu, Azərbaycan Ali Sovetinin qəbul etdiyi Müstəqillik Bəyannaməsi ilə 71 ildən sonra dünya ikinci müstəqil Azərbaycana şahidlik etdi.

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.

28 May Respublika Günü Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Məhz bu gün, təkcə Azərbaycanda, həm də təkcə türk dünyasında deyil, bütövlükdə, müsəlman Şərqində Demokratik Cümhuriyyətin yarandığı bir gündür. Bu gün Azərbaycanın yurdsevən, demokratiya, tərəqqipərvər və millətsevən insanları müstəqillik elan ediblər. Məhz 1918-ci ilin 28 may günü Azərbaycan özünü bir dövlət kimi varlığını dünyaya göstərdi. Çox təəssüf ki, həmin illər qarışıq idi. Nə Birinci Dünya müharibəsi, nə də ki, dünyanın hələ bölüşdürülməsi prosesi qutarmamışdı, dünyada sovet kabusu dolaşırdı. Həmin dövrdə Azərbaycanda bütün qüvvələri səfərbər etmək və Azərbaycan Cümhuriyyətini qorumaq mümkün olmadı. Lakin o vaxt ADR-in banilərindən biri Məmmədəmin Rəsulzadənin dediyi kimi, Cümhuriyyət Azərbaycan xalqına vəd etdiyi çox şeyi verə bilməsə də, azadlığın nə olduğunu dadızdırdı. 23 ay yaşayandan sonra o, süqut etdi və uzun illər sovet hökumətinin tabeliyində qalmağına baxmayaraq, xalqımız demokratik ideyaları daim qoruyub saxlamağa müvəffəq oldu. 

Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

Ölkəmizin prezidenti, xalqın böyük ehtiramını qazanmış cənab İlham Əliyev də Ulu öndər Heydər Əliyevin həm də bu ənənələrini davam etdirir. O, 16 may 2017-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərancam imzaladı. Prezidentimizin 2018-ci il 10 yanvar tarixindəki digər sərancamı ilə 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi. Bu sərancamlara uyğun olaraq yerinə yetirilən möhtəşəm tədbirlər insanların milli şüurunun, vətənpərvərlik hisslərinin daha da yüksəlməsinə səbəb oldu.

Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Xalqımız Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü bu il də milli bayram kimi qeyd edir.

Yalnız ulu öndər Heydər Əliyevin zəngin idarəçilik və dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi, iradə və qətiyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlaya bildi. Məhz ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurdu, gücləndirdi, dünya miqyasında tanıtdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müstəqil dövlətimizin daha da gücləndirilməsi, davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi və beynəlxalq siyasi nüfuzunun yüksəldilməsi üçün çoxşaxəli səmərəli fəaliyyət həyata keçirir. Azərbaycan öz müstəqilliyinin 26-cı ilini yaşayır. Biz müstəqil dövlətin vətəndaşı olmaqdan qürur duyuruq. Müstəqil dövlətimizi göz-bəbəyimiz kimi qorumaq bizim hər birimizin borcudur. 

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcək, qurucusunun adını əbədi yaşadacaq.

Bu gün biz ədliyyə işçiləri olaraq  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək onun hər bir tapşırığını yerinə yetirmək üçün müsəlləh əsgər kimi hazırıq. Bu sevinci, qüruru, tarixi qələbəni yaşadığımız üçün biz ədliyyə işçiləri   Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.  

Fərəhli haldır ki, 2020-ci il 8 Noyabr Möhtəşəm Zəfər tariximizdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümünü xalqımız  qürur və sevinc hissi ilə qarşılayır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun düşmənə qarşı 27 sentyabr 2020-ci il tarixdən başlayaraq cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı Ermənistan ordusu üzərində  Möhtəşəm  Qələbəsi ilə dövlətimizin ərazi bütövlüyü bərpa edilmişdir. Bu isə dövlət müstəqilliyimizin ildən-ilə möhkəmləndiyini qüdrətinin daha da artdığını göstərir. Bir daha  bütün bunlar əminliklə söyləməyə əsas verir ki,  müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır.



Şəfahət İmranov

Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru